Fazil Mustafa: “Gəlir və xərclər azaldığından, müzakirələr daha soyuqqanlı getdi” Video, Slider

Fazil Mustafa: “Gəlir və xərclər azaldığından, müzakirələr daha soyuqqanlı getdi”
APA TV-nin efirində yayımlanan “Manşet” verilişinin mövzusu 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi ilə bağlı olub. Millət vəkili Fazil Mustafa aparıcı İlham Tumasın suallarını cavablandırıb.

Büdcənin gəlir və xərcləri azaldığına görə, bu müzakirələr daha soyuqqanlı xarakter daşıdı. Düşünürəm ki, hansı sahəyə diqqət lazımdısa, ora diqqət yönəldi. Çünki büdcə diqqətlə düşünülərək xərclənməlidir.

Maliyyənin xüsusi artırıldığı sahə yoxdur. Yalnız müdafiə xərclərində artırma oldu ki, bu da beynəlxalq durum və ölkənin təhlükəsizliyi ilə bağlıdır.

2017-ci ilin büdcəsi reallıqlarımızı açıq göstərən büdcədir, eyforiyadan uzaqdır. Həm də ilk dəfə büdcədə qeyri-neft sektoruna bu qədər diqqət ayrıldı.

Rayonların birləşdirilməsi, yəni yenidən bölgüsü ölkənin gələcəyi ilə bağlı siyasi addımdır. Bu baxımdan həmin məsələyə bölgələrin xüsusiyyətləri, coğrafi mövqeyi istiqamətindən yanaşmaq lazımdır.

Komitələrin, yaxud nazirliklərin birləşdirilməsi mümkündür, ancaq gərək bunun üçün gərək iş yerlərinin sayı artsın. Həm də özəlləşmə daha sürətlə getməlidir.

Kreditlərin ödənilməsində hər şeyi vətəndaşın üzərinə qoymaq olmaz. Burada banklarla vətəndaş arasında anlaşma olmalıdır.

Problem ondadır ki, dolları alan da, satan da bankdır, arada isə vətəndaşa zərər dəyir. Dolların kursunun oynaması iş mühitinə də təsir edir. İş adamları bankrota düşməkdən çəkinirlər və iş qura bilmirlər. Ona görə də, Azərbaycanda manatın məzənnəsi ilə bağlı proqnozlar verilməlidir.

Müəllif : Cavid