Ələddinin sönməz çırağı » Fazil Mustafa

Ələddinin sönməz çırağı Tərcümeyi-hal

Ələddinin sönməz çırağı
Bu günlərdə Rusiyanın Orenburq şəhərində Azərbaycan diasporunun rəhbərlərindən biri olan Ələddin Məmmədovun vəfatı xəbərini aldıqda hörmətli jurnalist Heydər Oğuzun fərqli təqdimatından sonra xeyli təəssüf və üzüntü duydum.

İllər öncə Naxçıvan şəhərində Pionerlər Sarayı adlanan bir məkanda ötən əsrin 70-ci illərinin sonunda ədəbi mühitin avanqardı olan şeir dərnəyindən Ələddin Çıraq təxəllüsü ilə tanıdığımız bir dostumuzun vəfat etdiyini təsəvvürümüzə belə gətirməzdik. Çünki o zamandan bütün əlaqələrimizi itirmiş, hər hansı bir ünsiyyət imkanımız olmamışdı. Bununla belə, bircə təsəllimiz oldu ki, vaxtilə bu möhtəşəm dərnəkdə yetişən insanlardan biri uzaq Rusiyada fəal ictimai xadim kimi Azərbaycan üçün xeyli faydalı işlər görmüş və oradakı insanların rəğbətini qazanmışdı.

Əslində Ələddin barədə bilgilərim bundan uzağa getməyəcəyindən, yuxarıda xatırladığım dərnək barədə bəzi bilgilər verməyi düşünürəm. Bu dərnəyi o zaman Naxçıvan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinin məzunu, gözəl ədəbiyyat bilicisi mərhum Asif Kələntərli yaratmışdı. O, məktəblərdə oxuyan istedadlı şair və yazarları həmin dərnəyə toplamaqla məşğul idi və qısa müddətə bunu gerçəkləşdirmişdi. Həmin dərnəyə ilk gələnlərdən biri olduğuma görə, sonradan qoşulan insanların hamısını az-çox tanıya bilmişdim.

Orta məktəbdə ədəbi-bədii tədbirlərin təşkilatçısı olmaqla yanaşı, o zamanın dövrü mətbuatında yazdığım şeirlərlə çıxış etdiyimə görə cəmiyyətdə tanınırdım və bir gün Asif müəllim tərəfindən həmin dərnəyə üzv olmaq barədə təklif gələndə də bunu təəccüblə qarşılamadım. Və ilk görüşümüzdən Asif müəllimlə dostluğumuz alındı və sonradan siyasi mübarizə yollarında birlikdə hərəkətimizin də əsası qoyulmuş oldu.

Bu dərnəkdə çox sayda insanlarla tanış olduq. Rəsul Rza, Əli Kərim, Dilsuz, Vaqif Cəbrayılzadə, Ramiz Rövşən, Vaqif Səmədoğlu, Əkrəm Əylisli, Mövlud Süleymanlı kimi yazarların əsərlərini təhlil etməklə kifayətlənmədik, çoxlu xarici ədəbiyyat nümunələrini mütailə etdik, eyni zamanda öz yaradıcılığımızın da təqdimat imkanını əldə etdik. O zaman dərnəkdəkilərin əksəriyyəti şeir yazırdı və bu da maraqlı müzakirələr üçün mövzu bolluğu demək idi. Burada mərhum Elçin Səlcuq, Qəzənfər Oğuzbəy, Heydər Oğuz, Aybəniz Kəngərli, Bünyamin Qənbərli kimi xatırladığım imzalarla yanaşı, bölgələrdən olan İnqilab Orxan, mərhum Mehman Qaraçöp kimi şairlərlə də təmas imkanımız olmuşdu. Məhz həmin dövrdə Ələddin adlanan Politexnik Texnikumunun tələbəsinin də çılğın şeirləri xatirimdə idi və bu işıqlı gənc haqqında təəssüratlarım o dərnək çərçivəsindən uzağa getməmişdi.

Bununla belə, o dövrdə dərnəyimizin həm də Sovet rejimi əleyhinə siyasi fəaliyyətlərə açıq olan bir məkan kimi tanınması da bir reallıq idi və bunu təmas saxladığımız özümüzdən yaşlı bir çox hərəkat fəallarının söhbətlərində iştirakla daha dəqiq sezə bilirdik. Həmin vaxtlar Ələddini də Dövlət Təhlükəsizlik Komitəsinə çağıraraq hədələdikləri barədə özündən bəzi sözləri də duyduğumu xatırlayıram. Bir dərnəyin qısa müddətdə böyük missiya sahibinə çevriləcək təşkilat modeli kimi tanınması, heç şübhəsiz, mərhum Asif Kələntərlinin öncüllüyü ilə baş vermişdi və bu amil bizim də formalaşmamıza ciddi təsir göstərmişdi.

Sonralar Azərbaycan milli-azadlıq hərəkatının quruluş mərhələsində bu insanların çoxunu görəndə sevinirdim ki, yaxşı ki, bu dərnəkdə sağlam dünyagörüş əldə edə bilmişik və cəmiyyət üçün fayda vermək imkanı qazanmışıq. O zamandan itirdiyimiz Ələddin Çırağı Rusiyanın Orenburq şəhərində Azərbaycan diasporunun rəhbəri kimi vəfatından sonra tanıdıqda, istər-istəməz bir dərnəyin insanın formalaşmasında nə qədər böyük təsir gücünə malik olması faktını xatırladım. Ələddinin əllini az keçən vəfatı ilə bağlı nə qədər üzüldümsə də, eyni zamanda sevindim ki, bu qısa ömründə faydalı və vətənsevər insan kimi yaddaşlarda qalacaq bir obraz yarada bilib.

Allah ruhunu şad etsin, əməllərini yaşatsın, dostlarının qəlbində xatirəsini əziz etsin! Millətin zənginliyi bu cür insanlarla təyin olunur. Əminəm ki, Ələddin də hər zaman millətimizin sönməz çıraqlarından biri kimi xatırlanacaq.
Müəllif : Cavid