BQP Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib Siyasət

BQP Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib
Bu gün Böyük Quruluş Partiyasının Siyasi Qurulunun növbəti iclası keçirilib. Partiya Başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

İclasda Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura tərəfindən elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanıb və cümhuriyyətin qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək onların ruhuna dualar oxunub. Qeyd edilib ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin qəbul etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycanda demokratik parlament respublikası yaradılması, ölkədə yaşayan xalqların suveren haqlara malik olması və Azərbaycanın tam hüquqlu müstəqil dövlət olması təsbit edilib: “Siyasi idarəetmə forması demokratik respublika olan bu dövlət bütün beynəlxalq birlik,xüsusən qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri qurmaq niyyətində olduğunu bəyan etmişdi. Milli, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, bütün vətəndaşlara siyasi haqlar verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik parlament respublikası idi”.

Siyasi Qurul ”Rossiya" telekanalında müəllif proqramının aparıcısı Svanidzenin Azərbaycanın ərazisinin yenidən bölünməsini gündəmə gətirməsi və bu məsələdə etnik amilə əsaslanmasını kəskin şəkildə pisləyib və qeyd edilib ki, dövlət sərhədlərinin etnik amilə görə müəyyən edilməsi beynəlxalq birlik tərəfindən ağıllı variant kimi qəbul edilsəydi,Rusiya yüz yerə bölünməliydi. Çünki, həmin ölkənin cənub, şərq və şimal -şərq regionlarında yaşayan əhali əsas etibarilə qeyri-ruslardır və orada yaşayan əhalinin din, dil, adət-ənənə və digər etnik problemləri Azərbaycandakı anoloji durumla müqayisədə daha da ağırdır.İclas səslənən fikirlərin müəllifin şəxsi düsüncəsi ilə məhdudlaşmadığı qənaətini ifadə etməklə ölkənin müvafiq qurumlarını və bütünlüklə cəmiyyəti sayıqlığı artırmağa səsləyib.

İclas Böyük Quruluş Partiyası üzvlərinə verilməsi nəzərdə tutulan üzvlük vəsiqələrinin yeni formasını qəbul edib və qərara alınıb ki, cari ilin sonunadək partiya üzvlərinin yeni vəsiqələrlə təmin edilməsi işi başa çatdırılsın.

Siyasi Qurulun növbəti və may ayı ərzindəki sonuncu iclası sonda cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırıb.
Müəllif : Cavid