Deputat: "Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin..." Siyasət

Deputat: "Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin..."
“Gəncəlilər bu məqamda dövlətin yanında olacaq”. Bu sözləri musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Gəncə şəhərində baş vermiş fövqəladə vəziyyəti şərh edərkən bildirib.

Müsahibimiz hesab edir ki, bu məsələdə gözlənilən prosesin davamından söhbət gedir: “İcra başçısına qarşı planlaşdırılmış terror aksiyasından sonra bu hərəkətlərin davam etməsi gözlənilən idi. Ciddi vəziyyətdir. Dövlət orqanları bu məsələdə funksiyalarını lazımi səviyyədə yerinə yetirməlidir. Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin uğur qazanmasına imkan vermək olmaz”.

Millət vəkili hesab edir ki, bu olayla bağlı Gəncədə təhlükəsizlik rejimi daha da ciddiləşdiriləcək: “İnanıram ki, müəyyən kriminal elementlərin Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək. Gəncə müstəqil dövlətimizin ilk paytaxtıdır. Bu şəhərdə dövlətin müstəqilliyinə zərər verməyə cəhd göstərilən olayların baş verməsi üzücüdür. Gəncəlilər dövlətin yanında, bu təxribatlara cəhd edənlərin qarşısında olacaq”.
Müəllif : Cavid