Fazil Mustafa: “Azərbaycan polisini qətlə yetirənlər bu millətin düşmənidir” » Fazil Mustafa

Fazil Mustafa: “Azərbaycan polisini qətlə yetirənlər bu millətin düşmənidir” Siyasət, Slider

Fazil Mustafa: “Azərbaycan polisini qətlə yetirənlər bu millətin düşmənidir”
“Gəncədə baş verən hadisə birbaşa dövlətə qarşı iğtişaş, Konstitusiya quruluşunu dəyişməyə yönəlik fəaliyyətdir”. Bunu APA-ya açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib.

F.Mustafa deyib ki, Gəncə hadisələri gözlənilən idi, çünki Azərbaycanda dini xurafatın yayılması istiqamətində fəaliyyət var: “Bu istiqamətdə xarici ölkələrin həm saytları, həm ayrı-ayrı mütəxəssisləri ciddi işlər görürlər. Bununla bağlı dəfələrlə sosial şəbəkələrdə yazılarla, fikirlərlə xəbərdarlıq edirdik. Proqnozlaşdırırdıq ki, Azərbaycan dövləti üçün tək təhlükə bu mənbədən başlayacaq. Onlar da zəif bənd olaraq məmurların müəyyən fəaliyyətini bəhanə edərək məhz Gəncədən başladılar. Bu məsələnin Gəncə əhalisinə heç bir aidiyyatı yoxdur. Çünki Gəncə əhalisi Xalq Cümhuriyyətini qurmuş insanların varisləridir. Onlar bəlkə də dövlətin qorunmasında Azərbaycan cəmiyyətinin digər təbəqələrindən, insanlarından daha həssas insanlardır. Amma bu cəmiyyətin içərisinə də islam dininin təbliğatçıları, onun pərəstişkarları adı altında müəyyən mövhumat elementlərinin daşıyıcısı olan, tamamilə başqa ideologiyanı mənimsəmiş insanların yerləşdirilməsini təmin ediblər. Bir qrup insanlar var ki, xaricdə hazırlanmış, zombiləşmiş dəstələr olaraq bu cəmiyyətin içərisində yerləşdirilib. Din adı ilə zorakılığı, dinə zidd olan əməlləri təbliğ etməklə məşğuldurlar ”.

Millət vəkili qeyd edib ki, bu qrup Gəncədə müəyyən məmurların yaratdığı sosial narazılıq fonunda əslində başqa bir məqsədi gerçəkləşdirməyi nəzərdə tutublar: “Bu, birbaşa dövlətə qarşı iğtişaş, Konstitusiya quruluşunu dəyişməyə yönəlik fəaliyyətdir. Buna da birmənalı şəkildə sərt, hüquqi qiymət verilməlidir. Bu işi yalnız Azərbaycan polisinin üzərinə yükləmək olmaz. Azərbaycan polisini mütləq Azərbaycan ictimaiyyətinin bütün təbəqələri dəstəkləməlidir. Siyasi partiyaların bu sahədə fəaliyyəti genişləndirilməli, QHT-lərin ixtisaslaşmış fəaliyyəti önə çəkilməlidir. Bütün media və dini quruluşların da maarifçilik istiqamətində fəaliyyəti gücləndirilməlidir. Buraxılmış boşluqları ortadan qaldırmalıyıq. Çünki bu təhlükənin real zəmini var. Bu, birinci növbədə təhsil səviyyəsinin də aşağı düşməsi ilə bağlı məsələdir. Təhsilsiz insanlar ya çayxanaya, ya qumarxanaya, ya da müəyyən mənada dinxanaya üz tutacaqlar. Çünki bu, gerçək dinlə əlaqəsi ola biləcək fəaliyyət, ibadət, inanc sahəsi deyil. İslam dinində zorakılıq, başqasının haqqını almaq, günahsız yerə kimisə qətlə yetirmək yoxdur. Azərbaycan polisini qətlə yetirən qüvvə bu millətin düşmənidir. Ona görə də biz bu məsələdə prinsipial mövqe nümayiş etdirərək həm polisimizin dəstəklənməsi işini həyata keçirməliyik, həm də özümüz bu fanatizmə, xurafata qarşı kəskin mübarizə aparmalıyıq. Çünki o bıçaq yalnız Azərbaycan polisinə uzadılmayıb. Azərbaycanın dünyəvi dövlət modelini istəyən, mütərəqqi, modern cəmiyyət olmaq istəyən bütün insanlarına qarşı yönəlib. Ona görə də insanlarımızın bu təhlükə qarşısında birləşməsi labüddür. Bu məsələlərdə televiziyaların, media orqanlarının üzərinə böyük yük düşür. Artıq hər hansı bir şəkildə xurafatı dəstəkləyən, təbliğ edən bütün təzahürləri ortadan qaldırmalıyıq”.
Müəllif : Cavid