Fazil Mustafa: “İki ölkənin dostluğuna tam güvənə bilərik” » Fazil Mustafa

Fazil Mustafa: “İki ölkənin dostluğuna tam güvənə bilərik” Siyasət

Fazil Mustafa: “İki ölkənin dostluğuna tam güvənə bilərik”
Son illər Azərbaycanla Pakistan arasında yalnız hərbi-siyasi əlaqələrin deyil, həm də iqtisadi əlaqələrin inkişafı istiqamətində ciddi uğurlar əldə edilməkdədir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində Azərbaycanın İqtisadiyyat Nazirliyi mühüm rol oynayır. İyulun 4-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Pakistan biznes konfransı da buna nümunədir.

Maraqlıdır, Azərbaycanın müstəqilliyini ilk olaraq tanıyan dövlətlərdən olan, Qarabağ məsələsində ölkəmizə mütəmadi dəstək verən və hərbi sahədə geniş səpgili əməkdaşlıq münasibətləri qurduğumuz Pakistanla iqtisadi müstəvidə də əlaqələrin genişləndirilməsi ölkəmizin maraqları baxımından nə dərəcədə zəruridir? İqtisadiyyat Nazirliyinin bu sahədəki xidmətləri təqdir edilməlidirmi?

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Pakistanla bütün sahələrdə, eləcə də iqtisadi müstəvidə geniş əməkdaşlığın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi: “Pakistan bizə tərəddüdsüz dəstək verən ölkədir. Iki ölkə var ki, onların dostluğuna güvənmək olar. Bunlardan biri Türkiyə, digəri isə Pakistandır. Bu iki ölkəyə bütün hallarda güvənmək mümkündür. Bu baxımdan Pakistanla bağlı atılan bu kimi addımları təqdir etmək lazımdır. Biz gələcəkdə də əməkdaşlığı genişləndirməliyik. Pakistan bütün müstəvilərdə Azərbaycanı dəstəkləyən dövlətlərdən biridir. Hərbi əməkdaşlıqla bağlı da Azərbaycana geniş təkliflər verir. Bu baxımdan hesab edirəm ki, Pakistanla iqtisadi əlaqələrin genişləndirilməsini də müsbət dəyərləndirməli, İqtisadiyyat Nazirliyinin bununla bağlı cəhdlərini təqdir etməliyik. Pakistan kimi dost ölkə ilə bütün sahələrdə, eləcə də iqtisadi sahədə əlaqələrin genişləndirilməsi ölkəmizin maraqlarına tamamilə uyğundur”.
Müəllif : Cavid