Fazil Mustafa: "Bircə dinimiz varsa, heç nəyimiz yoxmuş demək..." Siyasət, Slider

Fazil Mustafa: "Bircə dinimiz varsa, heç nəyimiz yoxmuş demək..."

Fazil MUSTAFA,
millət vəkili
"AzeriNews TV" adlanan qonşu ölkənin xüsusi xidmət orqanlarının maliyyələşdirdiyi sayt var. Bu saytda vaxtilə bizim dəfələrlə Azərbaycan dövlətinin maraqlarına qarşı çıxmasını ifşa etdiyimiz "İnterAZ" kanalının verilişlərinin və qonşu ölkənin ideoloji reklamlarının yayılmasını müşahidə edə bilərsiniz. Bunlar bizi təhqir etmək üçün şəklimizi qoyub müxtəlif formada təhqiramiz şərhlər yazırlar. Burada Sasani trolları ilə yanaşı, tarix və din haqqında doğru bilgisi olmayan azərbaycanlıları da şəxsimizi təhqir etməyə yönləndirirlər.

Bu, şəxsi dava olmadığına görə sırf milli davamızın bir komponenti kimi məsələyə yanaşıram və bu davaya həssaslığımızın səviyyəsini müşahidə etməyə çalışıram. Tanımadığım yüzlərlə insanın həmin müzakirələrdə fədakarcasına bu Vətən xainlərinə qarşı məntiqli duruşunu görəndə, həqiqətən içimdə bir rahatlıq tapdım. Artıq alınmır, hətta öz səhifələrində belə küçə adamlarının, saxta profillərin çoxluğuna güvənərək böhtanları genişləndirməyə gücləri yetmir. İnsanlar doğruları aktiv şəkildə müdafiə etməyə çalışır, şərin mənbəyini dərhal müəyyənləşdirib tutarlı cavablar verirlər. Bu insanlara şəxsimə görə deyil, məhz milli maraqlarımıza uyğun dəyərləri qətiyyətlə müdafiə etdiklərinə görə təşəkkürümü bildirirəm. Onların bir qismi dostluğumda belə yoxdur və dostluğumda olan insanların bir çoxundan daha duyarlı və dəyərlidirlər mənim üçün. Bu arada saytlarda bizə tutarlı cavab verildiyini iddia edənlərin sevincinə soğan doğramağı bir-iki gün təxirə salıram ki, o tutarlılığın arqumentlərini görüm. Yəni görüm ki, boşuna yuvarlaq şəkildə Quran məntiqinə deyil, birbaşa Quranın konkret hansı ayəsində bu ağlayıb-sızlamanın, mərsiyəbazlığın, baş yarmanın faydalı əməl olduğunu göstərən ifadə və ya söz olduğunu qeyd etsinlər, "Quranda olmayanlar İslamda necə ola bilər?" sualına tutarlı cavablar versinlər. Yoxsa oradan-buradan köçürülmüş söz yığını ilə bizim arqumentlərin qarşısında duruş gətirmək mümkün olmayacaq.

Böyük alman mütəfəkkiri Hötenin "Faust" əsərindən xatırladığım bizim tarixi və mövcud durumumuza da aid edilə bilən möhtəşəm bir fikir var. Höte yazır: "Hansı xalqın elmi və sənəti varsa, demək, onun dini də var. Hansı xalqın təkcə dini varsa, demək, onun heç nəyi yoxdur". Bizim elmimizin və sənətimizin dünya miqyasında çəkisini söyləməyim yəqin ki, yersiz olar. Elm və sənəti inkişaf etməmiş bir millətin dini də cəhalətlə, xurafatla eyniləşmiş mahiyyətdə olar. Bizim məhz bu cəhalətlə içi doldurulmuş bir dinimiz varsa, heç nəyimiz yoxmuş demək.

Ancaq doğru təhsil siyasəti ilə, aydınlanma, maarifçilik yolu ilə elmimizi, sənətimizi qaldırmaqla, mənəviyyatımızın əsas təməli olan dinimizi də cəhalətin, xurafatın pəncəsindən qurtara biləcəyik. Buna inanaq və cəhalətə, nadanlığa qarşı mövqeyimizdə daha da qətiyyətli olaq!
Müəllif : Cavid