İctimaiyyətdən Fazil Mustafaya dəstək » Fazil Mustafa

İctimaiyyətdən Fazil Mustafaya dəstək Siyasət, Slider

İctimaiyyətdən Fazil Mustafaya dəstək
Son dövrlər sosial şəbəkələrdə şiə məzhəbinə məxsus dindarların əzadarlığı ilə bağlı videolar yayılır. Belə videolardan birini ötən gün millət vəkili Fazil Mustafa "Facebook" profilində paylaşaraq, tənqidi fikirlərini yazıb. Sözügedən videoda Seyid Taleh adlı bir şəxsin mərsiyə dediyi, ətrafındakı topluluğun isə ağladığı görünür.

Videonu paylaşan deputat Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə heç bir əlaqəsinin olmadığını yazıb: "Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər. Təkcə elmdə, texnologiyada, fəlsəfədə, təhsildə, səhiyyədə geridə deyilik, din əxlaqında da quyunun dibindəyik. Bu davranışı Quranla uzlaşdırın görün, bir əlaqə tapacaqsınızmı?”

Millət vəkilinin öz profilində paylaşdığı statusun altında ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin şərhləri də yer alıb. Münasibət bildirənlərin əksəriyyəti deputata dəstək veriblər...

İlahiyyatçı Əkrəm Həsənov:

"Məncə, ənənəvi din bu deyil. Baxmayaraq ki, bizə bunu demək istəyirlər. Əslində ənənəvi din cənub bölgəsində və Bakının bəzi kəndlərində yaşanan məzhəbpərəstlik, fanatizm, musiqi alətləri ilə imamlara rep, meyxana, mahnı və sair oxumaq deyil. Ənənəvi dində şəxsləri müqəddəsləşdirib Allah səviyyəsinə gətirmirlər. Bunların hamısı dini xurafatdır, cəhalətdir, zəlalətdir, bidətdir”.

İlahiyyatçı Elşad Miri:

"Fazil bəy, dövr belələrinin dövrüdür. Allahın göndərdiyi din qalıb bir kənarda, insanlar özlərindən uydurduqlarını həqiqi din bilirlər. Allahın Peyğəmbəri gəlsə belə, indiki dini tanımazdı...”

İlahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov:

"Mən də bir müddət dedim, amma faydası olmadı. Bunların hamısı sabah İlahiyyat İnstitutunda dərs deyəcəklər, komitədən məvacib alacaqlar. Hətta bəziləri Şeyx olacaq, müavin olacaq. Anlamaq lazımdır ki, köhnə evləri birdəfəlik uçurtmaq lazımdır, qıraq-bucağını oymaqla sökmək mümkün deyil”.

BDU-nun doktorantı Samir Xalidoğlu:

"Məhəmməd Əmin Rəsulzadə 1916-cı ildə yazırdı: "İranın təsiri ilə Azərbaycan türklərinin həyati-mənəviyyəsi haman il boyu ağlamaqdan ibarət olub qalmışdır”. Görünən odur ki, üstündən 100 il keçsə də, həmin təsir də, ağlamaq da yerində qalıb”.

Hüquqşünas Sahib Məmmədov:

"500 il əvvəl belə şeylər olmayıb, heç 300 il əvvəl də olmayıb. Azərbaycana ərəb geyimi Bakıda neft bumu olan zaman İran adlandırdığımız yerdən gəlib. Müstəqillik qazandıqdan sonra isə əyalətlərə də yayılmağa başlanıb. Bu ağlaşmalar da elə o vaxtdan yayılıb”.

İsmayıl
Müəllif : Cavid