Fazil Mustafa Arif Rəhimzadəyə cavab verdi Siyasət, Slider

Fazil Mustafa Arif Rəhimzadəyə cavab verdi
"Sovet hökumətini Azərbaycan dövlətinin mənbəyi kimi göstərmək yanlışdır və yolverilməzdir”. Bu sözləri BakuPost-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Arif Rəhimzadənin qalmaqallı "Azərbaycan dövlətini sovet hökuməti qurub” fikrinə münasibət bildirərkən deyib.

O bildirib ki, sovet hökuməti Azərbaycanın düşməni olub: "Azərbaycan dövlətini sovet hökuməti yox, Azərbaycan xalqı qurub. Sovet hökuməti Azərbaycanı işğal edib və Azərbaycan dövlətinin düşməni olub. Onlar müstəqil Azərbaycanın düşməni olub. Buna görə soveti bizim mənbəyimiz kimi göstərmək yanlışdır”.

Deputat 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihə barədə də danışıb. Onun fikrincə, sovet dövründə yaşamış müəyyən şəxsiyyətlər var ki, Azərbaycan xalqının inkişafında, təhsilində, mədəniyyətində böyük rol alıblar: "Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Üzeyir Hacıbəyov sovet dövründə yaşasa da, Azərbaycan mədəniyyətinə xidmət edib. Lakin kimlər ki, ermənilərlə əməkdaşlıq edib, Azərbaycan xalqının soyqırımında iştirak edib, Azərbaycan xalqına zərbə vurulması planlarının içində yer alıblar, o şəxslərin adlarının uca tutulması yolverilməzdir. Kimlər ki, sovet dövründə faydalı işlər görüblər, onlara kim nə deyə bilər? Biz həm də onların varisiyik. Onların da mirasından faydalanırıq”.

Nigar Etibar
Müəllif : Cavid