Fazil Mustafa: "Rəsulzadəni niyə aşağılamaq istəyirlər?" Siyasət, Slider

Fazil Mustafa: "Rəsulzadəni niyə aşağılamaq istəyirlər?"

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Milli Məclisin martın 30-da keçirilən və 31 mart soyqırımının 100 illiyinə həsr olunmuş xüsusi iclasında çıxış edib. Həmin çıxışı diqqətinizə çatdırırıq.
Bu, tariximizdə ən ağrılı, faciəli hadisələrdən biridir. Bolşevik erməni vəhşiləri millətimizi soyqırıma məruz qoymuşlar. Bununla belə, biz bu soyqırımın tarixindən daha çox ona qarşı atılan cavab addımlarından və bu addımları atan insanlara necə dəyər verdiyimizdən danışsaq, yaxşı olar.

Burada AMEA-nın Tarix İnstitutu adından təqdimat çıxışında ilk dəfə etiraf olundu ki, Azərbaycan Milli Şurası hansı şərtlər altında İrəvanı Ermənistana vermək barədə qərar qəbul edib. Ermənilər öhdəlik götürüblər ki, Zəngəzurdan çəkilirlər, Qarabağda qiyamı dayandırırlar, Bakıda bolşeviklərə dəstək verməkdən imtina edirlər, Naxçıvanla bağlı iddia qaldırmırlar və sairə. Gürcüləri almanlar dəstəkləyirdi, böyük güclər bizim də elan etdiyimiz dövləti bu şərtlə tanımağa vəd verirlər ki, Ermənistana da dövlət qurmağa imkan tanıyaq. Bu şərtləri söyləmədən ittiham irəli sürəndə ki, Milli Şura İrəvanı ermənilərə güzəştə gedib, bu o deməkdir ki, o zamankı milli öndərlərimiz sanku Vətənin və dövlətin taleyini bizdən az düşünüblər. Adamların milli dövlətimizi heç Azərbaycan ərazisində elan etməyə imkanları olmayıb, yalnız iyun ayının 16-da Gəncəyə köçə biliblər, Bakını isə sentyabr ayının 15-də Qafqaz İslam Ordusu işğaldan azad edəndən sonra paytaxta çevirə biliblər. Bu şərtlər altında dövlət quran qəhrəman kişiləri bilərəkdən ittiham altında buraxmaq vicdanlı davranış sayılmaz. Ermənilər bağlanan müqaviləyə əməl etməyiblərsə, bizimkilər nə etməli idilər, bir İrəvan məsələsinə görə dövlət yaratmaqdan imtinamı etməliydilər?

Buyurun, bu gün dövlətimiz də var, ordumuz da var, 25 ildir ermənilərin maraqlarını qoruyan ATƏT-in üç həmsədrini vəzifədən uzaqlaşdıra bilmirik, əvəzində isə o böyük kişilərə vətənpərvərlik dərsi keçmək istəyirik? Bu motivlə o böyük kişilərə verdiyimiz qiymət ədalətli sayıla bilməz. Baxın, 1905-ci il qırğınıınn qarşısında Azərbaycanın ən böyük mütəfəkkirlərindən birincisi olan Əhməd bəy Ağaoğlu "Difai" təşkilatı durdu, millətimizi qətl edənlərdən gücü yetdiyi qədər qisas aldı, bu qəhrəmanların adının hörmətlə anıldığını kim söyləyə bilər? 1918-ci ildə baş verən mart soyqırımının qisasını Nuri Paşa gücü yetdiyi qədər aldı, onun adına qarşı göstərdiyimiz hörmətsizliyi, vəfasızlığı məgər bilmirsiniz?

İndi də başlayıblar ki, Cümhuriyyət qurucuları 20-30 adam olub və Məhəmməd Əmin Rəsulzadə də onlardan biri idi. Xeyr! Bu gün çıxışlarda tez-tez vurğulanır ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyevdir. Onunla bərabər onlarla insan çalışıb, ancaq adı ona görə tək çəkilir ki, işin ağırlığı, ideya istiqaməti onun çiynində idi. Bəs Rəsulzadəyə niyə eyni münasibəti bəsləmirik? 1918-ci ildə qurulan Cümhuriyyətin də tək lideri, ideya müəllifi, öndəri Məhəmməd Əmin Rəsulzadə idi, buna nədən qısqanclıqla yanaşaraq 20-30 nəfərdən biri kimi baxıb aşağılamaq istəyirlər? Bu səbəbdəndir ki, Cümhuriyyətin 100 illiyi gəlir, Rəsulzadənin ata ocağı Novxanıda uşaq bağçası kimi baxımsız vəziyyətdə qalıb, burada yeni təmirli bir muzey yaratmaq nə çətin məsələdir? Bakının general-qubernatoru olub - Murad Gəray Tlexas, bolşeviklər 28 apreldən sonra qəfəsdə şəhəri gəzdirərək güllələyiblər, sonadək işğalçılara qarşı dirənib, adına bir küçə, hərbi məktəbdə təqaüd varmı?

Soyqırıma münasibət tarixi xatirələri danışmaqla, 5-10 kitab buraxmaqla olmur, bu soyqırımın qisasını almış kişilərə dəyər verməklə olur. Cümhuriyyətin 100 illiyi gəlir, hanı çəkdiyiniz ciddi filmlər? Yəhudilər hansısa insan taleyi üzərindən çəkilmiş filmlərlə soyqrımlarını dünyaya tanıtdıra, dünyanı inandıra bildilər, bizdə isə laqeyd davranıb bircə film belə ortaya qoymadılar. Şəxsən mən iki il öncə mədəniyyət nazirinə hazır film senarisi ilə müraciət etdim ki, gəlin indidən başlayıb bu tariximizi ekranlaşdıraq və dünyaya bu yolla problemimizi qəbul etdirək. Hələ də cavab gözləyirəm, ancaq bir aydan sonra 100 illik tarix tamam olur, cavab verilsə, nə faydası olur - söyləmək artıq yersizdir. Ona görə də ermənilər türklərin qatili faşist Nijdeyə abidə ucaldanda, heç olmazsa, onlardan bu işləri öyrənib öz xilaskarlarımıza dəyər verməyi öyrənək. Bizim soyqırıma məruz qalmamızın tək səbəbi zamanında doğru təşkilatlana bilməməyimizdir. Bu gün də dünənkindən fərqli düşüncədə olmadığımızdan, bu hadisələri yenidən yaşayacağımız istisna deyil.
Müəllif : Cavid