Deputatdan tarixçi alimə sərt cavab Siyasət, Slider

Deputatdan tarixçi alimə sərt cavab
Tarix deyəndə biz Mommzenin "Roma tarixi"ni, Hegelin "Tarix fəlsəfəsi"ni, Droyzenin "İstorikası"nı, Kollingvudun "Tarix ideyası"nı, Mark Blokun "Tarixin apologiyası"nı, Karrın "Tarix nədir" və onlarla başqa şedevrləri oxuyub, öyrənib bizdən əvvəlki dövrlərda baş vermiş hadisələrin səbəb-nəticə əlaqələrini tapmağa çalışırıq.

Son illərdə Azərbaycan tarix düşüncəsində ciddi bir dəyişim yaratmış Güntay Gəncalpın, Əkbər Nəcəfin əsərləri Sovet dövründən əzbərlədilmiş ehkamların dəyişməsində mühüm rol oynamışdır. Azərbaycanda həm də çox sayda nomenklatura tarixçiləri vardır ki, bunlar elmi dərəcəni təsdiq edən diplomlarını alıb evlərinə qoyub, oradan-buradan mətnləri köçürərək məzmununa da saxta "vətənpərvərlik" halvasından qataraq ciddi bir iş gördüklərini zənn edirlər. Buraxdıqları Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası ümumiyyətlə, Qərb düşünürlərinin Ensiklopediya fəlsəfəsinə uyğun gəlmir, arxiv məlumatlarının ətrafında gəzişərək guya bir şeylər kəşf etməyə çalışırlar, əsas işləri də ərazi tariximizin yaşını populist və məsuliyyətsiz formada uzatmaqla milli tariximizin türk zəmini üzərindən qoparılmasına xidmət etməkdir. Bunlar nə Dədə Qorqud mədəniyyətinin mahiyyətini anlayıblar, nə də Səlcuqlu, Oğuz, Osmanlı mədəni mirasının rolunu. Əsasən də tariximizin Sasani düşüncə sistemi ilə uzlaşdırlmasına xidmət edən çalışmalarla məşğuldurlar.

"Azərbaycanda Türk kimliyi və saxta tarix problemi" əsərində bu problemə əhatəli şəkildə toxunduğuma görə üzərində geniş dayanmaq istəmirəm. İndi diqqət yetirirəm ki, mənim Cümhuriyyətin 100 illiyi və soyqırımla bağlı görülən işlərin yetərsizliyi ilə bağlı fikirlərimə qarşı Akademiyanın tarix institutunun direktor müavini Cəbi Bəhramov adlı birisi cavab verib ki, bəs tarixdən xəbəri olmayanlar, yaxud da kəmsavadlar bu barədə danışmasınlar. Cəbi Bəhramovu şəxsən tanımıram, hansısa parlaq yaradıcılıq işi olsaydı heç şübhəsiz xəbərim olardı, tədqiq etdiyim xarici nəşrlərdə fikirlərinə hansısa istinada rast gəlməmişəm, bununla belə əminəm ki, əzbərçi və diletant nomenklatura tarixçilərini tanımaq üçün işlətdiyi cümlələr kifayətdir ki, nə dərəcədə məhdud düşüncə sahibi olduğunu anlayasan. İçi mən qarışıq, Azərbaycanda bütün tarixçilər, hüquqçular, fəlsəfəçilər, pedaqoqlar kəmsavaddırlar, çünki, ən azı yunan və latın mətnlərini oxuyacaq qədər savad əldə etməmişik. Ancaq Cəbi Bəhramov kimi kəmsavadlardan bizim fərqimiz ondadır ki, məhz bu boşluğu anladığımıza görə qədim mətnləri oxuyub təfəkkür süzgəcindən keçirən Qərbin və Şərqin əksər düşüncə adamlarının tarix fəlsəfəsinə aid əsərlərini ciddi tədqiq edərək bilgilər əldə etməyə çalışmışıq. Ancaq bu açıqlama məni daha da stimullaşdırdı ki, Tarix fəlsəfəsi mövzusunda mülahizələrimi sistemləşdirərək maarifçilik işini gücləndirim ki, bu kimi diplom daşıyanlar özlərinə tarixçi deyəndə arada bir utansınlar.

P.S. Cəbi Bəhramov, barəmizdə bir az da əsəbi formada söyləyib ki, mən o adamı tanımıram, tanımaq da istəmirəm. Əlbəttə, kimisə tanımamaq və tanımaq istəməmək adamın haqqıdır. Ancaq mənim də haqqımdır ki, elm adı altında hoqqabazlıqla məşğul olan bu cahillərə özümüzü tanıdaq və anladaq ki, öz cəfəngiyyatları ilə Azərbaycan elmini nüfuzdan salanların qarşısında bizlər hər zaman dirənişimizi ortaya qoyacağıq.

Qeyd edək ki, deputat Fazil Mustafa AzEDU-ya açıqlamasında AMEA-nın humanitar ixtisaslı institutlarını AXC və 31 Mart soyqırımının 100 illik yubileyi ilə bağlı gördüyü işləri qənaətbəxş hesab etməyib. Elmi qurumun A.A. Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov isə deputatın bu iradına çox sərt cavab verərək, onu görülən işlərlə bağlı məlumatsızlıqla günahlandırıb: "Xahiş edirəm, kəmsavad adamlar, tarix elmindən xəbəri olmayanlar bu məsələyə nə münasibət bildirsinlər, nə də bilmədikləri işə qarışsınlar. Hamı öz işi ilə məşğul olsun. Mən o adda adam tanımıram, tanımaq da istəmirəm".
Müəllif : Cavid