İstiqlalımızın yüzüncü yaşı Siyasət, Slider

İstiqlalımızın yüzüncü yaşı

"Milli Məclis" jurnalında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqaləsi dərc olunub.
1918-ci il Azərbaycan dövləti və xalqı üçün silsilə yüzilliklər tarixidir. Azərbaycan Milli Şurasının yaradılmasının, ilk Azərbaycan hökumətinin fəaliyyətə başlamasının, Qafqaz-İslam Ordusunun qurulmasının, Azərbaycan Milli Ordusunun formalaşmasının, Bakının işğaldan azad edilməsinin, Azərbaycan Parlamentinin açılışının 100 illiyi qeyd olunacaq. Ancaq bütün bu yüzillikləri ümumiləşdirən şərəfli bir tarixin yubileyi var: bu da Azərbaycan xalqının modern dövlətçilik tarixinin yüz illiyidir. Həm də bu modern dövlət türk-müsəlman coğrafiyasında ilk parlamentli, demokratik bir cümhuriyyət hesab olunur.

1918-ci ilin 27 may tarixində Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvləri toplaşaraq Azərbaycanın müstəqilliyini elan etmək üçün özünü Azərbaycan Milli Şurası adlandırmağı qərara aldı. Bu ilk Azərbaycan Parlamentinin təməlinin qoyulması tarixidir və həmin Milli Şura may ayının 27-də keçirilən iclasında o zaman Batumda Azərbaycan nümayəndə heyətinin başçısı kimi danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadəni qiyabi olaraq sədr seçdi. Milli Şuranın sədrinin müavinləri isə Həsən bəy Ağayev və Mir Hidayət Seyidov təsdiq olundular. Mayın 27-də keçirilən Milli Şuranın iclasında Fətəli Xan Xoyskinin başçılığı ilə icra orqanı -hökumət seçildi və bu orqanın tərkibinə Məhəmməd Həsən Hacınski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xosrov Paşa bəy Sultanov və Əkbər ağa Şeyxülislamov daxil edildilər.

1918-ci iilin 28 Mayinda Həsən bəy Ağayevin sədrliyi ilə Tiflis şəhərində keçirilən Azərbaycan Milli Şurasının tarixi iclasında Azərbaycanın fədakar övladlarının səs verdiyi və imzaladığı İstiqlal Bəyannaməsinin ilk iki maddəsi ilə bir millətin yeni dünyada tanıtım pasportuna əbədi bir möhür vurulurdu. Bir millətin dünyaya səslənişini əks etdirən həmin tarixi sənədin ilk iki maddəsində millətin iradəsinin üç prinsipial istiqaməti açıqlanırdı:

- Azərbaycan xalqı hakimiyyət haqqına sahibdir.
- Cənub-Şərqi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil dövlətdir.
- Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

Bu yalnız həmin günün deyil, həm də gələcəyin Azərbaycan dövlətinin mövcudluğunun və tanıtımının dəyişməz çərçivəsi olacaqdı. Yəni bundan sonra Azərbaycan adlanan adi bir coğrafiya məfhumu millətin istiqlal iradəsi ilə yazılmış əbədi mövcudluq əsəri kimi təqdim olunacaqdı. Məhz bu əsər, istiqlal haqqını gerçəkləşdirmiş bir millətin qurduğu dövlətin məhz bu istiqamətlər üzrə dünya ailəsinin içində var olmasını, böyüməsini və söz sahibinə çevrilməsini təmin edəcəkdi.

Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində yazırdı: “28 mayda Azərbaycan istiqlalı fikrən qazanıldı”. Bu uzaqgörən milli lider ona görə bu hadisəni fikrən qazanılan bir tarix olaraq vurğulayırdı ki, sonrakı nəsillər cümhuriyyət ideyasının hansı inanılmaz ağır şərtlərdə gerçəkləşdiyini anlasınlar. Bilindiyi kimi, Azərbaycan Cümhuriyyəti elan olunmasına baxmayaraq, Milli Şura tərəfindən Fətəli Xan Xoyskinin başçılığı ilə seçilən kabinet bir mühacirət hökuməti kimi fəaliyyət göstərməyə məcbur idi. Yeni cümhuriyyəti təsis edən və onun ən ali orqanı olan Milli Şura da 1918-ci ilin 28 may tarixindən 16 iyun tarixinə qədər Gürcüstanın paytaxtı Tiflisdə fəaliyyət göstərirdi. Bu fədakar insanlar yeni dövləti başqa ölkənin paytaxtında qurmuşdular. Bu həm də onu göstərirdi ki, bir xalqın əsrlərdir yaşadığı doğma Vətənində öz dövlətini qurmaq üçün imkanları düşmənlər tərəfindən hansı səviyyədə məhdudlaşdırılmışdı. Yalnız 1918-ci ilin iyunun 16-da yenicə yaradılmış Azərbaycan hökuməti cümhuriyyətin ilk paytaxtı elan olunan Gəncə şəhərinə köçdü və burada həmin ilin 17 sentyabr tarixinədək fəaliyyət göstərdi. Bu dövr Azərbaycan hökumətinin qarşısında əsasən bir həyati əhəmiyyət daşıyan vəzifə dururdu: Azərbaycanın ən böyük şəhəri olan Bakını və ətraf bölgələri işğal altında saxlayan S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti adı altında türk-müsəlman əhalisinin qətliamını gerçəkləşdirən erməni daşnak-bolşevik silahlı quldur dəstələrini məhv edərək dövlətin bütün ərazilərində suverenliyi təmin etmək.

Məhz bu tarixi missiyanın yerinə yetirilməsinə yol açan istiqlal tariximizdə bəlkə də ən mühüm sənədlərdən biri olan 1918-ci ilin iyun ayının 4-də Batumda Osmanlı dövləti və Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanan müqaviləni xatırlatmaq olduqca zəruridir. Azərbaycan adından Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məhəmməd Həsən Hacınski tərəfindən imzalanan bu müqavilə nəticəsində yenicə yaradılmış Azərbaycan Cümhuriyyətinin ayaqda dura bilməsi üçün Türk-İslam Ordusunun yardımına hüquqi əsas yaranmışdır. Türk ordusunun gəlişi ilə qısa müddətdə Azərbaycan milli ordusunun formalaşması prosesi başlamış, iki qardaş ölkənin hərbi birliklərinin əsgər və zabitlərinin çiyin-çiyinə fədakarlığı nəticəsində düşmənin ölkə ərazisindən qovulmasını, Qarabağda vaxtaşırı meydana gələn erməni qiyamlarının yatırılmasını gerçəkləşdirilmişdir.

Yalnız 1918-ci ilin 15 sentyabrında Nuri Paşanın rəhbərliyi altında yeni yaranmış Azərbaycan Milli ordusunun da tərkibində olduğu Qafqaz-İslam Ordusu Bakını erməni-bolşevik işğalından azad etdikdən sonra sentyabr ayının 17-də Azərbaycan hökuməti Bakıya köçə bilmiş və cümhuriyyət süqut edən günədək öz yeni paytaxtında müstəqilliyi qorumaq uğrunda mübarizəni davam etdirmişdir. Yuxarıda qeyd olunan faktlar da onu göstərir ki, dövrün hansı çətinliklərini içində fikrən yaranmış bu Cümhuriyyəti qısa bir müddət içində real bir dövlətə çevirmək mümkün olmuşdur.

M.Ə.Rəsulzadə 1954-cü ildə “Azərbaycan davası” adlı məqaləsində maraqlı bir müqayisə aparırdı. O yazırdı: “Yüz il öncə, ayrı-ayrı xanlıq halında Çar Rusiyasının hakimiyyəti altına düşən Azərbaycan Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya İmperatorluğunun xarabası altında siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı”. Maraqlıdır ki, 71 il mövcud olmuş Sovet Rusiyasının hegemonluğuna əsaslanan SSRİ dövlətinin içində kağız üzərində də olsa müttəfiq respublika statusunda olmağımıza görə də məhz Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna borcluyuq. 1919-cu ilin yanvar ayının 12-də Böyük dövlətlər tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin tanınması faktı torpaqlarımızı işğal edən Rusiyanın bolşevik rejimini məcbur etdi ki, formal da olsa Azərbaycanın bərabərhüquqlu müttəfiq respublika statusunu tanısınlar. SSRİ-nin çöküşündən sonra isə keçmiş Sovet məkanında olan yalnız müttəfiq respublikaların öz mövcud əraziləri ilə BMT tərəfindən müstəqil dövlət kimi tanınması faktı da Azərbaycan Xalq Cümhuriyyətinin bizim üçün hansı əvəzsiz bir dəyər olduğunu bir daha göstərir.

Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi həm də Azərbaycan xalqının insanlığa bir hesabatıdır. Bu xalqımızın demokratiyaya, cümhuriyyət ideyasına, hüquqa nə qədər bağlı bir xarakterə sahib olduğunun bariz göstəricisidir. Təsadüfi deyildir ki, 1918-ci il dekabr ayının 7-də fəaliyyətə başlamış Azərbaycan Parlamentində Azərbaycanda yaşayan xalqların sayı nəzərə alınaraq, azərbaycanlılardan 80 nəfər, ermənilərdən 21 nəfər, ruslardan 10 nəfər, yəhudilərdən 1 nəfər, almanlardan 1 nəfər təmsilçi nəzərdə tutulmuşdu. Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları o zaman işğalçı ingilis ordusunun komandiri olan general Tomsonun yardımı ilə Azərbaycan Parlamentinin açılışına mane olmağa çalışsalar da, bunun qarşısı alındı və Parlament ilk iclasını keçirərək yenidən Fətəli Xan Xoyskinin başçılığı ilə üçüncü Azərbaycan hökumətinin təşkil olunmasına qərar verdi. Yarandığı gündən öz işini demokratik prinsiplər üzərində quran Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 120 nəfərdən ibarət olması nəzərdə tutulsa da 1919-cu ilin sonlarında cəmi 96 deputat fəaliyyət göstərirdi. “Müsavat” və bitərəflər bloku, “İttihad”, “Əhrar” partiyaları, sosialistlər fraksiyası, müstəqillər, sol müstəqillərlə yanaşı 4 nəfər Slavyan-rus cəmiyyəti, 5 nəfər erməni fraksiyası, 6 nəfər daşnak fraksiyası, 4 nəfər milli azlıqlar fraksiyasının fəaliyyət göstərməsi insan haqlarına, milli azlıqların hüquqlarına nə dərəcədə həssaslıqla yanaşılan demokratik bir dövlətin qurulmasından xəbər verirdi. Halbuki, hələ 9 ay öncə Bakıda və Azərbaycanın bir sıra bölgələrində erməni-bolşevik quldur dəstələri tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırım hadisəsinin yaraları hələ sağalmamışdı və həmin qətliamı törədənlərlə fikir birliyi içində olanların təmsilçilik haqqının tanınması bir millətin alicənablıq və humanistliyinin ən bariz göstəricisi idi.

17 ay müddətində fəaliyyət göstərən Azərbaycan Parlamenti çalışma məhsuldarlığı ilə seçilmiş, 130 iclas keçirərək 270-ə yaxın qanun layihəsi müzakirə edərək, 230 qanun qəbul etmişdir. Parlamentin qarşısında duran ən mühüm vəzifələrdən biri də Azərbaycanın müstəqilliyinin tanınması olmuş, böyük dövlət xadimi Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin müdhiş fədakarlığı sayəsində Paris sülh konfransında müstəqilliyin de-fakto tanınması ilə Qərbi Avropa ölkələrində və ABŞ-da diplomatik nümayəndəliklər açmaq barədə qanun qəbul etmişdir. Azərbaycanın dövlət rəmzləri olan Dövlət bayrağı, Dövlət gerbi, dövlət Himni və Dövlət möhürünün hökumət tərəfindən qəbul olunması da böyük bir tarixi dəyərlərin millətin şüurunda təməlini qoymuşdur.

Maraqlıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 1920-ci ilin aprelində gerçəkləşdirilən Bolşevik Rusiyasının işğalı zamanı da dövlət müstəqilliyinin qorunması üçün son qərarında belə prinsiplərini vurğulamağa çalışmışdır. 1920-ci ilin aprel ayının 27-də Məmməd Yusif Cəfərovun sədrliyi ilə silahlı bolşeviklərin mühasirəsi altında keçirilən son Parlament iclasında hakimiyyətin bolşeviklərə verilməsi barədə çıxarılan 7 bənddən ibarət qərarın birinci bəndində “Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyətinin qorunması” qeyd olunurdu.

Cümhuriyyətin süqutunun ardınca işğalla barışmayan Azərbaycan övladları böyük bir müqavimət hərəkatına başladılar. Təkcə 1920-ci ilin may ayında Gəncədə işğalçılara qarşı başlanan qiyamı amansızlıqla yatıran bolşevik qüvvələri 48 minə yaxın mübariz soydaşımızı qətlə yetirmişlər. Cümhuriyyətin liderlərinin xeyli hissəsi erməni-bolşevik terrorunun qurbanı olmuş, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli kimi böyük dövlət adamları xainlər tərəfindən öldürülmüşlər. Bununla belə, mühacirətə getməyə məcbur olmuş Cümhuriyyət liderləri bu ideyanın sıradan çıxmasına, unudulmasına imkan verməmiş, ağır şərtlər altında da olsa, Azərbaycanın yenidən azadlığa qovuşması üçün çalışmışlar. Yenə də Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında müxtəlif ölkələrdə buraxılan jurnallarda, elmi və siyasi konfranslarda, başqa ölkələrin rəsmi şəxsləri ilə təmaslarda Azərbaycan mühacirətinin təmsilçiləri olaraq əsarət altında olan millətin səsini dünyaya duyurmağa çalışmışlar.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 12 martında çapdan çıxmış “May duyğuları” adlı son şeirində millətin və dövlətin gələcəyini belə oxuyurdu:

Tarixin yenə gözəl bir çağında
Qaranlıq qış keçib bahar gələcək.
Hər hansı bir ilin aydın günündə
Azərbaycan istiqlala erəcək.

Bu şeirdə yer alan öncəgörmədən 36 il keçməmiş, 18 oktyabr 1991-ci il tarixində özünü 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tanıdan müstəqil Azərbaycan Respublikasının yaradılması haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, Məhəmməd Əmin Rəsulzadənin öncəgörməsinə uyğun olaraq, nəhayət, “qaranlıq qış gedib bahar gəldi” və Azərbaycan yenidən istiqlalına qovuşdu.

2018-ci ilin də ölkə prezidenti tərəfindən “Cümhuriyyət ili” elan edilməsi, tariximizin bu qürur dolu yubileyinin ən yüksək səviyyədə ümummilli bayram kimi keçirilməsi onu göstərir ki, hər kəs üçün ən böyük dəyər məhz Cümhuriyyət ideyasıdır. Bu gün dünyaya öz səsini duyuran, demokratik, hüquqi prinsipləri uca tutan müasir Azərbaycan dövləti də artıq 26 ildir ki, bu tarixi varisliyi şərəflə yaşadır, bilavasitə cümhuriyyət ideyasının parlaq əsəri kimi inkişaf edir, dünyada siyasi və iqtisadi cəhətdən mötəbər mövqe qazanmağa can atır.
Müəllif : Cavid