“Bu il siyasi motivlə həbsdə heç kim qalmamalıdır” - Fazil Mustafa Siyasət, Slider

“Bu il siyasi motivlə həbsdə heç kim qalmamalıdır” - Fazil Mustafa
“Bu yaxınlarda böyük bir əfv sərəncamı olacağı gözlənilir”. Qeyd edək ki, ölkə vətəndaşlarının ümidlə gözlədiyi bu açıqlamanı parlamentin son iclasında spiker Oqtay Əsədov bildirib. Spiker onu da əlavə edib ki, əfv sərəncamını imzalamaq cənab prezidentin müstəsna hüququdur: “Amma Əfv komissiyası gərgin işləyir”.

Xatırladaq ki, 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan olunub. Maraqlıdır, Cümhuriyyət ilində siyasi məhbus mövzusu bağlana, əfv olunanların siyahısı siyasi məhbus sayılanlara da şamil oluna bilərmi?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Prinsip etibarı ilə əfvin Novruz Bayramında, Amnistiya aktının isə Cümhuriyyətin 100 illiyi ilə bağlı olacağı gözlənilir. Əslində belə də olmalıdır. Lakin təbii ki, burada beynəlxalq təşkilatlarda bu və ya digər adlarla tanınan, o cümlədən siyasi, vicdan və müxtəlif adlarla, haqlı-haqsız sayılan şəxslərin azadlığa çıxması lazımdır. Yəni o baxımdan ki, ölkəyə bu adlarla təzyiqlərin göstərilməsinin bir mənası yoxdur. Sanki hakimiyyətdə oturub düşünürlər ki, o adamları məqsədyönlü məşhurlaşdıraq. Elə adamlar var ki, məhbəsdən çıxdıqdan sonra varlıqları bilinmir. Onların cəmiyyətə verdiyi söz, mesajlardan əsər-əlamət qalmır. Amma həbsxanalarda həmin insanlar böyük hay-küy, çığır bağır salaraq obraz yaradırlar. Bütün bunlardan qurtulmaq lazımdır, süni şəkildə onları şişirtməyin nə mənası var? Qoy buraxılsınlar, azadlıqda öz fikirlərini bildirsinlər. Bu baxımdan düşünürəm ki, bu addım atılmalı, qəti şəkildə bu motivlə həbsdə heç kim qalmamalıdır. Bununla da məsələnin normal hüquqi məcrada çözülməsi, problemlərin həll olunması cəmiyyətdə həm də vətəndaş uzlaşmasına, həmrəyliyinə fayda verə bilər”.

Fazil Mustafa məsələnin çözülmə ehtimalının böyük olduğunu dedi: “Artıq prezident seçkiləri də başlayıb. Düşünürəm ki, həm reytinq, həm də cəmiyyətin də məsəldə anlayışı baxımından yerində olan addım olardı”.
Müəllif : Cavid