Nədən və niyə küsürük? » Fazil Mustafa

Nədən və niyə küsürük? Siyasət, Slider

Nədən və niyə küsürük?

Fazil Mustafa
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili
Bu ölkədə ümumi kütlənin əzbərlədiyi testdən kənara çıxaraq hansısa görüş bildirmək olduqca risklidir. Hamını düşündürən əsas məsələ düşüncəmizdə yerləşdirilmiş əsas testlərin dəyişməzliyi qanunudur. Arqument də tavtoloji xarakter daşıyır: Savaş aparırıq, bu səbəbdən də indi həqiqətləri olduğu kimi qabartmaq olmaz. Belə anlaşılır ki, adam ciddi xəstəliyə düçar olub, həkimə müraciət etmək istəmir ki, birdən qonşuları xəstəliyini bilmiş olarlar.

Qardaşım, tarixdir, ədəbiyyatdır, elmdir - bunlara hədsiz ideoloji çalarlar qatmayın, daha çox əqli-salim insanlar yetişdirmək barədə düşünün. İndicə mən də heyrətlə oxudum görüm Nizamini kim fars şairi elan edib, bəlkə doğrudan da qərəz var? Oxuyandan sonra həmin mənanı qətiyyən çıxartmadım ki, burada Nizaminin farslığına işarə edilib. Mətni diqqətlə oxuyun: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Nizami kimdir? Əlbəttə? Gəncədə doğulmuş, Azərbaycan Atabəylərinin himayəsində olan bir türkdür. Türk epik ədəbiyyatına aid hansısa əsəri tapılıbmı? Xeyr! Fars epik ədəbiyyatının ən böyük romantik şairi, yaxud da farsdilli epik poeziyaya danışıq dili və realistik stil gətirmiş deyəndə Nizaminin fars olduğu mənası çıxmır axı. Həqiqətən də fars dilində ən mükəmməl əsərlər yaratdığına görə dünya poeziyasında tanınır. Gülməlidir e..., adamları tutub cəzalandırıblar ki, niyə fars dilində şedevr yaratmış şairə fars epik ədəbiyyatının ən böyük romantik şairi adını vermisiniz. Adam türk epik ədəbiyyatının ən böyük romantik şairi bənzətməsini yazmalıydı? Füzuli barədə belə bir ifadə yazılsaydı, bunu anormallıq kimi qəbul etmək mütləq lazım idi, çünki Füzuli ərəbcə, farsca yazdığı qədər türkcə ən mükəmməl əsərlər yaratmış bir dühadır. Nizami bəlkə də türkcə əsərlər yazmış, ancaq bizə məlum olmadığına görə belə bir iddia irəli sürməmiz ciddi səslənməz. O çağlarda Nizami kimi onlarla türk şairi əsərlərini dövrün ədəbi dili sayılan farsca yazdıqlarına görə onlar fars ədəbiyyatının zənginləşməsinə fayda vermişlər. Buradan, açığı, bəsit bir kampaniyaçılıq qoxusu gəlir.

Xatirəmə bir həyat epizodu düşdü. Universitet illərindən tanıdığım bir dostumuz heç bir ciddi əsas olmadan həbs olunmuşdu, beş il də nahaqdan həbsdə yatmışdı. Bir dəfə də olsun, söhbət edəndə nahaqdan beş il həbsdə yatdığından şikayət etməzdi, incikliyini büruzə verməzdi. Bir dəfə futbol meydançasında əlverişli qol vəziyyətində ona kimsə ötürmə vermədi. Adam qəzəblənərək küsdü və meydançanı tərk edərək çayxanaya getdi. Biz oyuna davam etdik, çıxıb çayxanaya gələndə həmin dostumuza zarafatla bir söz dedim: "Dostum, sən bilirəm ki, beş il əsassız olaraq həbsdə yatmısan, nə hakimdən, nə hökumətdən küsməmisən. Mənə anlaşılmaz qaldı - adicə bir ötürmə ala bilməməkdən necə oldu ki, küsdün?" İndi bizlər də cəmiyyət olaraq böyük itkilərdən, sarsıntılardan, badalaqlardan küsmürük, kiçik detalları özümüzə bir qürur məsələsinə çeviririk. Daha ciddi və taleyüklü məsələlərə diqqət yönəltməmiz daha doğru olmazmı? Yəni kimliyini tanımadığım bu adamlar dəftərdəmi, kağızdamı bilmirəm, Nizaminin fars olduğunu yazmayıblar, onun yaradıcılığı ilə bağlı da Vikpediyada yerləşdirilən həqiqəti yazıblar. O zaman nədən küsmüsünüz - bəlkə bizə də anladasınız?
Müəllif : Cavid