Tarixi fakt - STATUS Siyasət

Tarixi fakt - STATUS
Nuru Paşa 1918-ci ilin mayında Azərbaycana gələrək Qafqaz İslam Ordusunun milli hərbi qüvvələrinin yaradılmasında və təşkilatlanmasında, Azərbaycana qardaş türk hərbi qüvvələrinin vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynadı. Nuru Paşanın qoşunları 1918-ci il iyunun 17-dən sentyabrın 14-dək bir-birinin ardınca uğurlu döyüş əməliyyatları apararaq işğal altında olan Azərbaycan torpaqlarını bolşevik-daşnak qaniçənlərindən təmizlədi və həmin ilin 15 sentyabrında Bakını azad etdi.

Bakının azad olunması ilə əlaqədar Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər Paşanın Xəlil və Nuru Paşalara göndərdiyi təbrik teleqramında deyilirdi: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluqla qarşılarım. Türk və İslam tarixi bu xidmətləri unutmayacaqdır. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edərim”.

Bakı şəhəri azad edildikdən sonra Qafqaz İslam Ordusu hissələri Qarabağa göndərilərək Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatına başlanıldı və bütün müqavimətlərə rəğmən, uğurlu döyüşlərlə türk-azəri qoşunları Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırdı. Lakin Türkiyənin Birinci Dünya Müharibəsində uduzması Nuru Paşanın bu işini yarımçıq qoydu. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qaldı.

Nuru Paşa 1920-ci il aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlmiş, bolşeviklərə qarşı döyüşlər aparmış, Aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırmışdı. Sonradan bir Azərbaycan süvari alayı və bir batareya ilə Türkiyəyə dönən Nuru Paşa Ərzuruma gələrək Naxçıvan dəstəsinə qoşulmuş və azadlıq mücadiləsində iştirak etmişdi.
Müəllif : Cavid