İran kəşfiyyatı Fazil Mustafanı “vurmağa” başladı Siyasət, Slider

İran kəşfiyyatı Fazil Mustafanı “vurmağa” başladı
Millət vəkili Fazil Mustafa nur-az.com saytının onun Fətullah Gülənlə əlaqəsi olması ilə bağlı hazırladığı yazıya münasibət bildirib.

A24.Az-a açıqlama verən deputat qeyd edib ki, nur-az.com deyilən sayt İran kəşfiyyat orqanlarının Azərbaycan üzərindən qurduğu internet resursudur.

Onun sözlərinə görə, bu saytın yazarlarından biri olan İftixar Kazımov nə bir saniyə irəli, nə də geri, dəqiq QUM saatı ilə işləyir: “Mənim barəmdə böhtanlar bu kimi saytlar vasitəsilə yayılır, bizim media quruluşlarında yerləşdirilmiş şəxslər vasitəsilə tirajlanır. Oxuduqca iz itirmək üçün hansı primitiv formalardan istifadə etdiklərinə gülüb keçirsən. Ancaq saytda marağımı çəkən bir informasiya oldu: “Nardaran şəhidləri Təbrizdə yad ediləcək!” Bu vətən xainləri üçün Qarabağ şəhidləri deyilən anlayış yoxdur, yalnız özlərinin düzüb-qoşduqları Nardaran şəhidləri anlayışı mövcuddur. “Azərbaycan Səfəvi dövləti” adı altında yaradılan saytlar da eyni mənbədən idarə olunur. İnsanlarımızın sadəlövhlüyündən istifadə edib, yalan-palan informasiyaları bu vasitə ilə yayırlar. Hüquq-mühafizə orqanlarımız bu kimi faktlara və fəaliyyətlərə xüsusi həssaslıqla yanaşmağa borcludurlar”.

Qeyd edək ki, adını çəkdiyimiz sayt “Fazil Mustafanın dini lideri hansı ölkədədir?” adlı yazı dərc edib. Həmin yazı vasitəsilə sayt əməkdaşları deputatın Fətullah Gülənlə əlaqələrinin olduğunu iddia ediblər. Yazının başında Fazil Mustafa ilə Fətullah Gülənin montaj olunmuş şəkli isə diqqətdən qaçmayıb.
Müəllif : Cavid