Hansı erməniyə nifrət edək? Siyasət, Slider

Hansı erməniyə nifrət edək?

Fazil MUSTAFA
Bu mövzuda ayrıca sorğu keçirməyə də gərək yoxdur. Cinahlarda duran insanlar bəllidir. Gözlənildiyi kimi, səmimi vətənpərvər insanlar üçün də, vətənşivənlik ştatının işçiləri üçün də "ilanın ağına da, qarasına da lənət" deyimi ilə müzakirə mövzusu tam qapanmışdır. Əslində istər vətənpərvərlik, istər də vətənşivənlik cinahından təqdim olunan bu kimi görüşlərin də qabarıq olaraq ifadəsi normal sayılmalıdır. Hamının siyasət və diplomatiya cizgiləri içində davranması cəmiyyətin müqavimət duyğusunu xeyli korşalda bilər. Bununla belə, hər hansı bir müqavimətçiliyin də, cəmiyyətdə ən ağır milli problemimizlə bağlı yeni çağırışları, təşəbbüsləri yerindəcə boğmasına imkan tanımanın da hansı təhlükələrə yol aça biləcəyinin fərqində olmalıyıq.

Bu yeni çağırışlardan birini də, heç şübhəsiz, hökumət orqanlarının susqunluğu altında praktik addım atan tanınmış jurnalist Eynulla Fətullayev etdi. Ermənistan dövlətinə qarşı müxalif olan, həm də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bir erməni jurnalistini işə götürərək cəmiyyətimiz üçün nəbz yoxlaması keçirməyi qərara aldı. Buna həm də Azərbaycanın xarici siyasətinin, diplomatiyasının bir eksperimenti kimi baxanların haqlılığını qətiyyən gözardı etmək olmaz.

Artıq Əkrəm Əylislinin "Daş yuxular"ından sonrakı ikinci belə bir qaynama mövzusu ortaya qoyulmuşdur. Ancaq dövlət siyasəti, diplomatiya üçün Əkrəm Əylislidən fərqli olaraq Eynulla Fətullayev faydalı bir cizgi izləməyi öz üzərinə götürdü. Əkrəm Əylisli humanist erməni obrazına qarşı vəhşi türk obrazı yaratmaqla ciddi bir siyasi naşılıq göstərmişdi və bu səbəbdən də hansısa barışçı niyyəti təbliğ etməyi düşünsə belə, yazıçı-humanist obrazının qəlibinə sığınsa belə, bu sarımsaqla balı birlikdə yedizdirmək mümkün olmadı. Hər halda bu güclü qələm ustadının cəmiyyətə rağmən cəmiyyətin faydasına ola biləcək bir düşüncə formalaşdırmağa təfəkkürü yetərincə olmadı. Bir tərəfdə bir humanist türk obrazı, digər tərəfdə humanist erməni obrazı yaratmaqla hansısa qəddar erməni və qəddar türk obrazlarının yaratdığı psixoloji fəsadlarını diqqətə çatdıra bilərdi. Ancaq Əkrəm Əylisli öz simpatiyasını erməni humanizmindən yana istifadə etməklə, bu istiqamətdə hər iki cinahda yer alan irsi nifrəti qarşılıqlı şəkildə azaldacaq bir missiya ortaya qoya bilmədi.

Fikrimizcə, gələcəyimizi üçün gerçəkliyi ifadə edən bəzi mətnlər bütün qaragüruhçu axına qarşı dirəniş göstərməklə açıq şəkildə yazılmalıdır və oxunmalıdır. Bəli, həm də deyilməlidir ki, biz xalq olaraq erməni ilə düşmənik, torpağımızı işğal etdiyinə görə, Qərbi Azərbaycanda, Xocalıda və Qarabağda soyqırım, etnik təmizləmə gerçəkləşdirdiyinə görə, əhalimizi qaçqın, məcburi köçkün durumuna saldığına görə! Biz dövlət olaraq da Ermənistanla düşmənik, yenə də eyni motivlərə görə! Ona görə də güclü ordu quraraq düşməni torpaqlarımızdan çıxarmaq məqsədilə ən amansız şəkildə Ermənistan ordusunun əsgərlərini və onlara qoşulmuş muzdlu qüvvələri məhv etməyə hazır olmalıyıq. Xalq olaraq Milli Ordumuzun dəstəklənməsi və güclənməsi üçün hər birimiz üzərimizə düşən borcu yerinə yetirməliyik. Lakin bu praktik addımlarla yanaşı, biz "düşmən olmaq"la "nifrət etmək" arasında məsafəni bir daha dəqiqləşdirməliyik. Xalq olaraq, dövlət olaraq düşmənçilikdən o tərəfə cılız nifrət psixologiyasını özümüzə aşılamaqla dünya düzənində mövcudluğumuzu şübhə altına almış olacağıq. Hətta o zaman bir dini kimliyimizə aid olan "Sizinlə savaşanlarla savaşın!" tələbini də gözardı etməyə vara biləcəyimiz də unudulmamalıdır. Bizimlə savaşmayanlara, əl uzadanlara qarşı necə, nifrət duyğularımızdan çıxış edərək düşmənçiliyi davam etdirməyi nə ilə əsaslandıracağıq? O zaman başqa suallar da ard-arda düzüləcəkdir:

Hansı rusa nifrət edək?
Hansı farsa nifrət edək?
Hansı gürcüyə nifrət edək?

Deyəcəklər ki, onlar bizim hansısa torpaqlarımızı işğal etməyiblər, ermənilərlə onları eyniləşdirmək olmaz! Məgər tarix şüurumuzda yer almır ki, Dərbəndi ruslar, Güney Azərbaycanı farslar, Borçalını gürcülər bizim əlimizdən alıblar? Dünən, bu gün, fərqi nədir, Vətən torpağı BMT-nin təsdiq etdiyi ərazilərlə məhdudlaşmır ki? İrəvan, Zəngəzur, Dağlıq Qarabağ bizim göz yaddaşımızda qalanlardır, bəs tarix yaddaşımızda qalan Güney Azərbaycanın, Borçalının, Dərbəndin dəyəri məgər İrəvan, Zəngəzur, Dağlıq Qarabağdan, Kəlbəcərdən, Laçından, Ağdamdan və başqa bölgələrimizin dəyərindən aşağıdır? Bütöv bir xalqa nifrət duyğularını əbədilik daşımaq bizə nə vəd edir? Əbədi düşmənçilik duyğusumu? Eyni qətliamları biz türklərə qarşı ruslar, farslar, gürcülər də tarixin fərqli dövrlərində gerçəkləşdirməyiblərmi? "Babalarımıza edilənlər bizə qarşı edilməyib" deyə bilmərik ki? Halbuki biz dövlət olaraq Rusiya, İran və Gürcüstanla dost ölkə olduğumuzu bəyan edirik. Ruslarla, farslarla, gürcülərlə heç bir nifrət kompleksinə qatılmadan oturub-dururuq, yeyib-içirik, ticarət edirik. Bircə Ermənistana düşmən olduğumuzu, bunun da bizdən deyil, onların işğalçılıq siyasətindən qaynaqlandığını bütün rəsmi platformalarda söyləyirik. Və hər dəfə də vurğulayırıq ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsə, biz onunla qonşu dövlət kimi normal münasibətlər qurmağa hazırıq. Eyni şeyi Türkiyə də deyir.

İndi bəs bu Eynulla Fətullayev nə deyir? Dəqiq tərcümə edərsək, Azərbaycan və Türkiyə dövlələrinin hər dəfə təkrarladığı tezislərin praktik bir modelini təqdim edir. Suzen Caqinyanın timsalında Ermənistan dövlətinin atmaq istəmədiyi addımı fərd olaraq bir, iki, üç erməni atır. Onlar Ermənistanın işğalçı siyasətinə qarşı çıxır, Xocalı soyqırımına görə xalqımızdan üzr istəyir, Dağlıq Qarabağ üzərində Azərbaycanın yurisdiksiyasını tanıyır! İndi nə edək, "ilanın ağıına da, qarasına da lənət" deyib, çevirəkmi bu əlləri? Yaxud da bu əllərdən cəsarətlənərək Azərbaycana doğru uzanan əllərin çoxalmasını stimullaşdıraq?

Bir erməninin öz dövlətinin işğalçılıq siyasətini, etnik təmizləmə siyasətini ifşa etməsi ilə bir azərbaycanlının bunu etməsi arasında fərqi ayrıca izah etməyə gərək varmı? Hər dəfə diplomatiyamız dünyanın gözünə soxur ki, Bakıda otuz mindən artıq erməni yaşayır, ermənilər vəhşicəsinə məscidləri yandırıblar, bizlər isə erməni kilsəsini şəhərin mərkəzində təmirli vəziyyətdə saxlamışıq, ardınca da multikulturalizm, tolerantlıq və s. mövzularda mühazirələr oxuyuruq. Halbuki indiyədək otuz mindən artıq himayə olunan erməni xammalından siyasi brend hazırlayıb təqdim edə bilməmişik ki, Rusiyanın himayəsi ilə azğınlığını davam etdirən Ermənistanın işğalçılıq siyasətini ifşa etsinlər, dünya arenasına çıxaraq bizim dövlətin haqlı tezislərini möhkəmlətsinlər.

Bir çox insanların duyğuları anlaşılandır, dövlət də bunları nəzərə almalıdır. Ancaq dövlət siyasətində duyğular hakim ola bilməz. Biz itirilmiş torpaqları qaytarmaq üçün bütün gedişləri sınaqdan çıxarmalıyıq. Ordu ilə savaş meydanında döyüşməliyik, diplomatiya ilə masada görüşməliyik, informasiya vasitələri ilə hər bir erməni vətəndaşa təsir göstərməliyik və nəhayət, bizim haqlı tezisləri qəbul edən erməniləri BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının önünə çıxarmalıyıq. Və deməliyik ki, bu da sizin sevdiklərinizin söylədiyi həqiqətlər, buyurun dinləyin. Bizim söylədiklərimizə illərdir inanmırsınız, barı öz sevdiklərinizə, dəstəklədiklərinizə qulaq asın.

Odur ki, "ilanın ağına da, qarasına da lənət" deyib keçməyin. Babalarımızın bu lənət psixologiyasının nəticəsidir ki, avropalılar ilan zəhərini müalicə üçün ən faydalı xammal olaraq istifadə edə bildilər... Sonra da bu lənət, nifrət cəhalətinin içində yüzillər boyu daldalanan bizim kimi toplumların taleyini istədikləri kimi zəhərlədilər...
Müəllif : Cavid