Türkiyəyə gedən kimi türklük duyğuları aşıb daşanlar... Siyasət, Slider

Türkiyəyə gedən kimi türklük duyğuları aşıb daşanlar...

Fazil Mustafa
Bax, mən bunları gözləyirəm, getsinlər Türkiyəyə, desinlər ki, biz dəstəyi ancaq sizdən gözləyirik. Buraya da qayıdıb Osmanlını, Türk sultanlarını aşağılasınlar, sırf İrançılığı, tariximizin fars düşüncə sisteminə bağlandığı məqamları ağızdolusu təbliğ etsinlər. Baxın, Qarabağ Azadlıq Təşkilatının sədri hörmətli Akif Nağı İzmitdəki Dəyirmi Masada deyib ki, "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın öz gücünə həllini tapa bilər, ancaq müttəfiqlərin, xüsusən də Türkiyənin dəstəyi vacibdir.

Azərbaycanın dostlarının içərisində birinci yerdə Türkiyədir. Bu, onillərin sınağından keçmiş dostluqdur. (Bizlər buna qardaşlıq deyirik!) Qarabağ məsələsində Türkiyənin dəstəyi çox vacibdir. Türkiyənin həm cəmiyyət, həm dövlət səviyyəsində daha çox dəstəyini istəyirik. O real dəstək ciddi dəstək olarsa, Qarabağ məsələsinin kimsədən asılılığı yoxdur."

İndi həmin Osmanlının varisi adlandırılan bu türk yazıq nə etsin, Rusiya təhlükəsi qarşısında Osmanlını deyil, İranı seçdik, bütün türk sülalələri İran taxt-tacını Osmanlıya qarşı qorumaq üçün hər cür canfəşanlıq etdilər. Üstəlik, Avropa ölkələri ilə gizli müttəfiqlik edərək, Osmanlının Vyanadan o tərəfə irəliləməsinin qarşısını aldılar. 1918-ci ildə Ənvər Paşanın təlimatı ilə Osmanlı ordusu Güney Azərbaycanı azad edib erməni işğalından qurtarmaq istədi, əksər ruhanilər yenə də irançı mövqedən çıxış edərək arxadan zərbə vurdular. Türklər məcbur olub onların liderlərini Qarsa sürgün etdilər ki, öz xilaskar missiyalarını tamamlasınlar. Yenə də həmin 1918-ci ildə Nuri Paşanın komutanlığında Türk Ordusu gəlib Quzey Azərbaycanı erməni-rus qətliamından xilas etdi, əvəzində Akif bəyin bu gün sinəsini qabağa verib müdafiə etdiyi ideologiyanın təmsilçiləri ermənilərin başını yarmaq əvəzinə Bakının küçələrində zəncirlə öz başlarını yarmaqla məşğul idilər. İndi həmin xilaskar türkün xatirəsini də əbədiləşdirməyi unutmuşuq.

O halda hansı üzlə Türkiyəni real və ciddi dəstək verməyə çağırırsınız? Akif bəydən soruşmaq lazım, özünüzə, düşüncənizə bir köynək yaxın olan İrandan niyə eyni dəstəyi istəmirsiniz? Bununla mən xüsusi olaraq Akif bəyi hədəfə almaq istəmirəm, içlərində Qarabağ davasına ən səmimiyyəti ilə bağlı olan insan olduğuna görə ərklə bu iradları ona tərəf yönəldirəm. Əslində çevrəmizdə onlarla bu cür düşünən media mənsubuna, ziyalıya, alimə, məmura, siyasətçiyə, "obıvatel"ə rast gəlmək mümkündür. Türkiyəyə gedən kimi hamısının türklük duyğuları aşıb-daşır, geri dönən kimi Fars inancı və qafası ilə hərəkət edirlər.

Nə yaxşı ki, bu dövlətin qurucusu Məhəmməd Əmin Rəsulzadə, ardınca da Sovet sistemi dağılandan sonra ölkəmizə rəhbərlik edən Əbülfəz Elçibəy və Heydər Əliyev, bugünkü ölkə prezidenti İlham Əliyev Türkiyə ilə qardaşlığın dəyərini gözəl bilirdilər, bu səbəbdən də "türk vücudu ilə düşünən farsların" düşüncələri insanlarımızın əksəriyyətinə hakim ola bilmədi. Əlbəttə, hamımız Azərbaycan sevgisi daşımalıyıq, Azərbaycana bağlı olmalıyıq, sadəcə ən son məqamda yenə də ağır anlarımızda üzümüzü ümid yeri kimi nə şimala, nə də cənuba, yalnız və yalnız Türkiyəyə tutacağımızı unutmamaq lazımdır. Ona görə də "dədəni söyürəm, özün yaxşısan" deməklə ancaq könül qıra bilərsiniz. Çünki Türkiyədə kimsə sizin "dədənizi" söymür, buna tarixdə keçib getmiş sıradan bir epizod kimi baxırlar. Çünki onların düşmənləri o dövrün xaçlı zehniyyəti ilə işğalçılıq siyasəti yeridən katolik və pravoslav dünyası olub...
Müəllif : Cavid