Vətənşivənlikdən vətənsevərliyə yüksəlmək olmur... Siyasət, Slider

Vətənşivənlikdən vətənsevərliyə yüksəlmək olmur...

Fazil Mustafa
millət vəkili
Araşdırmaçı jurnalist Dilqəm Əhməd illərdir bizim də tezis olaraq insanlara çatdırdığımız bir fikri sadə formada bir statusda vurğulayıb. Yazıb ki, Məhəmməd Əmin Rəsulzadə: "Yoxdan bir dövlət yaratdıq" deyib, o zaman nəyin mübahisəsini edirsiniz ki?

Əzizlərim, biz ki, keşiş söymürük, deyirik ki, aman-zaman bir dövlətimiz var, onu da rusun hesabına İran səfalət və xurafat bataqlığından qurtarmışıq və Allahın lütfü ilə Məmmədəmin Rəsulzadə, Topçubaşov, Xoyski, Yusifbəyli və başqa dəyərli böyüklərimizin zəkası və fədakarlığı nəticəsində qurulmuş bu dövlətin altına saman, kül və başqa materialları doldurmayın, onsuz da xəyallara meylli olan cəmiyyətimizi tarixin yalançı nağılları ilə aldatmayın və bu dövlətimizin möhkəmlənməsi üçün daha realist və modern insan yetişdirilməsini təlqin edin. Hər zaman düşünün ki, biz BMT-yə hansı kvadrat kilometrlə qəbul olunmuşuq və bu ərazinin neçə faizi üzərində suverenliyimiz hakimdir.

Başa düşürəm, biri yerindən durub deyəcək ki, "yalan deyir Məhəmməd Əmin bəy, Azərbaycan dövlətinin qurucusu Babəkdir", digəri deyəcək ki, "yoxdan var olduğumuzu" söyləsək, o zaman erməni buna nə deyər, başqası deyəcək ki, "bəs mən şah babamı sevirəm, ona görə də razılaşmıram, qaytarın mənim o boyda imperiyamı" və sairə və ilaxır.

Ötən gün hətta bir diplomlu tarixçi əsəbiləşib dedi ki, əgər Əhməd Ağaoğlu belə deyibsə, qələt edib. Təsəvvür edirsiniz, arqument yox, bilgi yox, ermənilərə qan udduran "Difai"nin yaradıcısına, böyük mütəfəkkirə əzbərlədiyinə tərs gələn fikirlərinə görə hədyan yağdırmaqdan da çəkinmirlər. İndi kimlərsə belə deyəcəklər, nə olsun? Sanki erməni səngərdə oturub gözləyir ki, biz tarixlə bağlı hansısa səhvə yol verək, o da üzərimizə gəlsin. Anlamaq istəmirlər ki, erməni tarixin üzərindən çoxdan xətt çəkib, artıq müasir dövrün reallığını bizə diktə edir.

Tam arxayın ola bilərsiniz, erməni torpağımızı işğal edib onu gözləyir ki, nə zaman toparlanıb, müasir hərbin və diplomatiyanın üstünlüklərindən istifadə edərək onları bu torpaqlardan atacağıq. Yəni yoxdan var olmuş dövlətimizin BMT-də qeydiyyatdan keçmiş sərhədlərini ağlımızı, gücümüzü toparlayıb necə xilas etməyin yolunu tapmalıyıq. Yəni keçmişə dönüb böyük-böyük imperiyaların xəritələrini çəkin, özünüzdən Şah baba, Şeyx Baba, Molla Baba heykəlləri düzəldib sitayiş edin, xəyallar üzərindən doktorluq dissertasiyaları müdafiə edin, diplomlar və fəxri adlar alın, fəqət bu millətin və dövlətin tarixə deyil, gələcəyə indekslənmiş layihələrini gerçəkləşdirmək istəyənlərə əngəl törətməyin.

İnsan insandır, cahil sevgisindən rahatsız olur. Vətən də, dövlət də belədir. Duyaraq, anlayaraq sevmədinsə, vətənşivənlikdən vətənsevərliyə yüksəlmək olmur ki, olmur...
Müəllif : Cavid