Fazil Mustafa: “Olü insanlarla mübarizə aparmaq İslam və insanlığa ziddir” Siyasət

Fazil Mustafa: “Olü insanlarla mübarizə aparmaq İslam və insanlığa ziddir”
Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən və dünyasını dəyişən hərbçilərin dəfni zaman dini ayinlərin icrası qadağan edilib. Maraqlıdır, artıq fiziki baxımdan mövcud olmayan insanların öləndən sonra belə cəzalandırılması islam və insanlıq məntiqinə nə dərəcədə uyğundur?

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa dünyasını dəyişən türk əsgərlərinin dəfni zamanı dini ayinlərin icrasından imtinanın doğru bir addım olmadığını vurğulayıb.

Onun sözlərinə görə, terrorçularla digər kateqoriyadan olan insanları eyniləşdirmək olmaz: "Bu prosesdə iştirak edən insanlar cinayət törədiblər, dövlət çevrilişinə cəhd ediblər. Bu, cinayətkar fəaliyyətdir. Amma onların hər hansı şəkildə PKK terrorçuları ilə eyni səfdə tutulması, şəxsən mənim fikrimcə, doğru deyil. Bu prosesdə iştirak edənlərə ağır cəza verilməlidir. Burda heç bir problem yoxdur. Hakimiyyət belə bir addım atmaqda haqlıdır. Amma türk dövləti qarşısında müəyyən xidmətləri olmuş insanları PKK terrorçuları ilə eyniləşdirilməsi yanlışdır. Bəlkə ölən insanlar arasında günahsız adamlar da var. Bəlkə də onların niyyəti darbədə iştirak etmək olmayıb. Ona görə də bu qərar ümumiyyətlə yanlış bir qərardır. Diri insanlarla mübarizə aparılır. Ölü insanlarla bağlı belə bir addımın atılması, onların cənazə namazının qılınmaması, mənim fikrimcə, İslama uyğun deyil. Vəfat etmiş bütün şəxslərə qarşı eyni qaydalar tətbiq edilməlidir. Dövlət qarşısında günahı olan insanlar buna görə öz cəzasını almalıdır. Artıq dünyasını dəyişən insanın dəfninin təşkil olunmaması, bu, tamam başqa məsələdir. PKK terrorçuları ilə bağlı bu, ola bilər. Burada isə hakimiyyət uğrunda qanunsuz mübarizədən söhbət gedir. Bu hadisəni əsas götürərək onların cənazə namazının qılınmaması mənim insanlıq dəyərlərimə uyğun gəlmir. Bəlkə də Türkiyədə hansısa mülahizələrə görə bunu qəbul edirlər. Lakin bu, mənə görə doğru deyil. Hətta cinayətə yol verən türk əsgərinin belə cənazə namazı qılınmalıdır".
Müəllif : Cavid