Fazil Mustafa: "Türkiyə əhalisi şəriət dövlətinə də eyni cür dirəniş göstərəcək" Siyasət, Slider

Fazil Mustafa: "Türkiyə əhalisi şəriət dövlətinə də eyni cür dirəniş göstərəcək"
Türkiyə bu proseslərdən qalib çıxacaq. Bunu "Yeni Müsavat"a açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.

Onun fikrincə, hərbi çevriliş cəhdinə Türkiyədə ”çibanın deşilməsi" hadisəsi kimi baxılmalıdır: "Türkiyə iqtidarı kimisə qane edə bilər. Yaxud başqası düşünə bilər ki, fərqli bir hakimiyyət olmalıdır, fərqli bir mövqe ifadə olunmalıdır. Bunlar hamısı anlaşılandır. Amma hər hansı bir şəkildə hərbi çevriliş yolu ilə hakimiyyət dəyişməsi Türkiyənin demək olar ki, 30-40 il geri düşməsi, zəifləməsi deməkdir. Bir çoxları o düşüncədədir ki, elə bil hələ də Atatürk hakimiyyətdədir və Atatürk bu günə qədər də hakimiyyətdə qalmalıdır. Türkiyədə dəyişən mühiti hələ də böyük əksəriyyət anlamaq gücündə deyil. Bəziləri tutuquşu kimi təkrarlayır ki, Türkiyədə dünyəvi dövlət yoxa çıxır, islamçı dövlət qurulur. Son hadisələr onu göstərdi ki, türk insanı, Türkiyə əhalisi hərbi çevrilişə qarşı mövqe, dirəniş ortaya qoyduğu kimi, hansısa bir şəriət dövləti, islam dövləti adı ilə hansısa bir qurumun olmasına da eyni cür dirəniş göstərəcək".

F.Mustafa əlavə etdi ki, Türkiyəni anlayan insanların çoxu bunu bilir. Deputatın sözlərinə görə, hakimiyyət başında İslam dəyərlərinə bağlı insanların olmasına təbii ki, üstünlük verirlər: “Amma hətta dindar kəsimin içində böyük əksəriyyət Türkiyənin məhz demokratik dövlət olmasına üstünlük verir. Çünki İran təcrübəsinə, ərəb ölkələrinə baxırlar və aydın görürlər ki, Türkiyənin başqa quruluşda olması real deyil, mümkün də deyil. Ona görə də Atatürk modelli bir dövlət Türkiyədə hər bir zaman, hətta kommunist hakimiyyəti də olsa, qatı milliyyətçi, ya İslam dəyərlərinin daşıyıcısı da olsa, dəyişməyəcək. Odur ki, sadəcə, bilgisizlikdən, cahillikdən deyirlər ki, sanki Türkiyə hər şey uçuruma gedir".

Deputat qeyd etdi ki, xalqın da iradəsinə qarşı bir sayğısızlıq var: “Sanki Azərbaycandan xalq daha yaxşı görür ki, hakimiyyətdə kim olmalıdır. Ona görə də mən o fikirdəyəm ki, Türkiyədə kimliyindən asılı olmayaraq, davranışından, üslubundan xoşumuz gəldi, ya gəlmədi, türk xalqının özünün seçimi var, o seçimə hörmət etmək lazımdır. Bəzən demokratiya uğrunda mübarizə apardığını iddia edən adamlar görürsən ki, diktatura arzulayır, bir hərbçinin hakimiyyətə gəlməsinə sevinir, istəyir ki, Türkiyədə hakimiyyət dəyişikliyi bu yolla olsun, seçki yolu ilə yox. Belə məsələlərdə Azərbaycanda düşüncə yanlışlığının olduğunu, Türkiyə haqqında təsəvvürlərin düzgün olmadığını müşahidə edirik. O baxımdan hərbi çevrilişin baş tutmaması Türkiyənin yenidən dirçəlişidir. Sabah Ərdoğan gedər, yerinə başqası, milliyyətçi, ya İslam dəyərlərini qabardan insan gələr, fərq etməz. Amma 80-ci ilin darbəsindən sonra Türkiyənin iqtisadiyyatına və siyasi mövqeyinə vurulan zərbə o dərəcədə yüksək idi ki, hələ bu günə qədər onun fəsadlarını ortadan qaldıra bilmirlər. Təsəvvür edin ki, bir çevrilişdən sonra nə baş verdi: Yunanıstanın NATO-ya qəbul olunması həll olundu. Ona qədər Yunanıstan NATO-ya girə bilmirdi. Ancaq ondan sonra Yunanıstan Türkiyə ilə bərabərləşdirildi, özü də hərbçilərin hesabına. Xaricdən dəstəklənən çevriliş oldu və bunu həyata keçirdilər. Əvvəllər qınayırdılar ki, Türkiyə hakimiyyəti PKK-ya qarşı niyə yumşaq davranır? Bu gün PKK-nın bütün ocaqlarını darmadağın edirlər. Hərbçilərin hakimiyyətə gəlməsi o demək deyildi ki, PKK ilə bağlı daha sərt siyasət izlənəcəkdi. Bəlkə də həmin qüvvələr Ərdoğan hakimiyyətinin barışmaz mövqe tutduğuna görə bu addımı atırdılar. Ona görə də bu məsələlərdə daha əqli-səlib düşünməyimiz lazımdır. Türkiyə demokratiyasına Azərbaycan mühitindən dəstək verilməsi, bunun anlayışla qarşılanması bizim özümüzün xeyrinədir. Çünki Türkiyə həm də bizim üçün bir örnək, parlamentar demokratiyanın parladığı bir dövlətdir. Biz çalışmalıyıq ki, Türkiyə məsələsində mülahizələrimizdə yanlışlığa yol verməyək”.
Müəllif : Cavid