Bir daha əlifba məsələsi haqqında Siyasət, Slider

Bir daha əlifba məsələsi haqqında

Fazil Mustafa
Hörmətli ziyalımız Firudin Cəlilovun "Yeni Müsavat"da yer alan müsahibəsində bir epizod diqqətimi çəkdi. Firudin bəy bildirir ki, "mən Əlifba Komissiyasının sədri idim. Əlifbanı qəbul etdirəndə böyük etirazlarla qarşılaşdım ki, onların da başında rəhmətlik Elçibəy dururdu. O təkid edirdi ki, Türkiyə əlifbasını olduğu kimi qəbul edək, yəni X, K, Ə hərfləri olmasın. “X” üstündə qırdıq bir-birimizi . İsa bəy gəlib bizi sakitləşdirdi ki, etməyin, ayıbdır. Bir hərfin üstündə küsülü qaldıq. Dedim ki, illərdir bu xalqın dilində “X” səsi var, mən kiminsə xətrinə ondan imtina edə bilmərəm. Və əlifbanı keçirdim. Məndən küsdülər, Cəbhənin yarısı mənim əleyhimə çevrildi. Bu günə qədər də onlar AXCP-nin loqosunda “X” yazmırlar, AHC yazırlar".

O dövr həqiqətən də belə bir ideya gündəmdə idi ki, biz Türkiyə ilə ortaq əlifba modelinə keçək və bu barədə rəhmətlik Əbülfəz bəylə söhbətlərimizi də xatırlayıram. Bu gün də o düşüncədəyəm ki, 1992-ci ildə tarixi bir səhvə yol vermişik, mütləq birgə əlifbaya keçməli idik. Təsəvvür edin ki, indi birlikdə 80 üstəgəl 9 milyon və gələcəkdə də üstəgəl 25 milyon insan arealını əhatə edən bir ortaq ədəbiyyat, nəşriyyat sistemi qura bilərdik. Əbülfəz Elçibəyin israrı bununla bağlı idi. O zaman bu ideyanı islahatla etmək mümkün idi, indi və ya gələcəkdə bunu ancaq inqilabla etmək mümkün ola bilər.

Bu mövzuda əlbəttə fərqli fikirlər ola bilər, ancaq mən bütün hallarda hansısa marjinal və ya məhəlli kaprizçiliyin tərəfdarı deyiləm. Orta Asiyada olanda da bunu gördüm, hər bir türk dövlətinin öz latın əlifbası var, bir-birindən baş çıxarmaq olmur və bunları ortaqlaşdırmaq, vahid sistemə salmaq işi getdikcə çətinləşir. Hər zaman düşünmüşəm ki, kaş o zaman Əbülfəz bəy yumruğunu masaya vurub bu qərarın qəbulunda israr edəydi.

Bax, burada Atatürkün hərf inqilabının dəyərini daha dəqiq görməyə başlayırsan...
Müəllif : Cavid