"Fəxr olunası odur ki, ordumuzda bir nəfər də olsun fərari olmayıb" - STATUS Siyasət, Slider

"Fəxr olunası odur ki, ordumuzda bir nəfər də olsun fərari olmayıb" - STATUS

Fazil Mustafa
Ordumuzla bağlı bir çox məsələləri işıqlandırırlar, insanların bu quruma münasibətinin yaxşıya doğru son bir ayda necə dəyişdiyinin şahidi oluruq. Millətimizin böyük əksəriyyəti özlərinə aid olan sahələrdə ordumuza dəstəyini əsirgəmədiklərini səmimi şəkildə göstərir.

Məni maraqlandıran ən vacib məsələlərdən biri də ordumuzdakı fərariliyin statistikası ilə bağlı idi. Etiraf etməliyik ki, 10-15 il öncəsində hərbi əməliyyatların bu dərəcədə sərtləşmədiyi dövrdə yetərli sayda fərari olduğu barədə bilgilər mətbuatda yer alırdı.

Hüquq-mühafizə orqanlarının gündəmində fərarilik məsələsi aktuallığını hər zaman qoruyurdu. Halbuki qürurverici bir haldır ki, aprel ayından döyüş əməliyyatları başlayan andan bu günədək aldığım qeyri-rəsmi məlumata görə ordumuzda bir nəfər də olsun fərari olmamışdır, yəni fərarilik faktına rast gəlinməyib. Ermənistan ordusunda isə fərarilərin sayının kifayət qədər artdığı mətbuatlarında açıq şəkildə qeyd olunur. Qabardılası, işıqlandırılası, fəxr olunası ən ciddi faktlardan biri də budur, məncə. Demək ki, birinci növbədə qələbəyə əsgər inanır və kritik anda döyüş mövqeyini tərk etmir, ardınca Azərbaycan cəmiyyəti qələbəyə inanır və sonda qalib gəldikdən sonra dünya haqqımızla, hüququmuzla hesablaşmalı olur. İşin bəsit formulu budur!
Müəllif : Cavid