Fazil Mustafa: “Sovet ordusunun yarandığı 23 fevralın bizə nə aidiyyəti var?” Siyasət, Slider

Fazil Mustafa: “Sovet ordusunun yarandığı 23 fevralın bizə nə aidiyyəti var?”
Sovetlər birliyinin mövcud olduğu 70 il ərzində Ordu günü kimi qeyd edilən 23 fevral tarixi bu gün də Azərbaycanda bəziləri üçün bayramdır. Gün.Az xəbər verir ki, həm sosial şəbəkələrdə bu gün münasibətilə təbriklərə rast gəlinir, eləcə də bəzi orta məktəblərdə qızlar oğlanlara hədiyyə alır, nişanlı olan qızlar oğlan evinə bayramlıq aparırlar.

Bakıda qanlı 20 Yanvar faciəsini törədən, eləcə də SSRİ-nin digər respublikalarında qırğınlar törədən bir ordunun yarandığı günü bayram kimi qeyd etmək hansı məntiqə əsaslanır?

Tarixdən məlumdur ki, Sovet ordusunun cinayətləri təkcə Bakıda yanvarın 20-də olmayıb. 1956-cı ildə Budapeşt, 1968-ci ildə Praqa, 1979-cu ildə Əfqanıstan, 1986-cı ildə Alma-Ata, 1989-cu ildə Tbilisi, 1991-ci ildə Vilnüs, Riqa hadisələri 23 fevralda yaranış günü qeyd olunan ordunun cinayətləri sırasındadır.

Məsələni Gün.Az-a şərh edən millət vəkili Fazil Mustafa deyib ki, insanlarımızın böyük əksəriyyəti hətta öz dininin də mahiyyətini araşdırmadan ənənədə nə təqdim olunubsa, onu təhlil etmədən bu günə qədər yaşayır: “23 fevral da belədir. Təəssüf ki, insanlar heç bir mövzuda düşünmək istəmirlər, beyinlərində həkk olunub ki, filan vaxt bayram ediblər, onlar da bunu davam etdirirlər. Ancaq düşünmək istəmirlər ki, bu bayramı niyə ediblər, kim edib, bu hansı motivə əsaslanıb? Yəni fərqinə varmadan yadlarında qalıb ki, həmin gün bayramdır.

Bu gün SSRİ-nin varisi olan Rusiya hər bir ölkəni işğalla təhdid edir. Biz bu ənənəni mütləq yaşatmalıyıq? Yaşadırıqsa, deməli, öz xarakterimiz yoxdur. Bu baxımdan 23 fevrala da belə baxmaq lazımdır.

Xarakteri olmayan bir cəmiyyətin düşünmədən yaddaşa həkk olunmuş nə varsa onu silmək istəməməsi. Budur məsələnin kökü, ona görə 23 fevralın qeyd edilməsinə təəccüblənmirəm. Amma ən absurd günlərdən biridir. Sovet Ordusunun hərbi dəniz donanmasının yaradıldığı gün. Axı bunun bizə nə aidiyyəti var? Məsələn, 26 iyun tarixini kişilər günü kimi qeyd edə bilərlər. Lakin heç bunu da kişilərin günü kimi qeyd etmək doğru deyil. Çünki ordu təkcə kişilərdən ibarət deyil, qadınlar da xidmət edir, onda onların adını nə qoyaq?”

Millət vəkili hesab edir ki, insanların düşüncəsi, təhsili dəyişməlidir.
Müəllif : Cavid