Fazil Mustafa: "Azərbaycan Ordusunda əsas problemlərdən biri şəxsi problemlərin arxa planda saxlanmasıdır" Siyasət, Slider

Fazil Mustafa: "Azərbaycan Ordusunda əsas problemlərdən biri şəxsi problemlərin arxa planda saxlanmasıdır"
Son dövrlər Azərbaycanın ordu rəhbərliyinin idarəçilik sistemi bəzi zabitlərin narazılığına səbəb olub. Bir müddət əvvələ qədər narazılıqlar açıq ifadə olunmasa da, artıq bəziləri sözlərini açıq-aşkar deməkdən çəkinmirlər. Belə ki, bu günlərdə dörd keçmiş pilotumuz mediada çıxış edərək problemlərini müdafiə naziri Zakir Həsənovun diqqətinə çatdırmağa çalışdılar. Amma müraciətlərinə lazımi cavab ala bilmədikləri üçün Ali Baş Komandan İlham Əliyevə üz tutmaq məcburiyyətində qaldılar.

Qeyd edək ki, ordu sıralarında 20 ildən çox qüsursuz xidmət etmiş Eldar Fərhad oğlu Əmirov (mayor), Valeh Böyukağa oğlu Məmmədov (mayor), Namiq Əhmədpaşa oğlu Abiyev (mayor) və Mehman Vahid oğlu Həsənov (kapitan) "Hərbi Xidmətkeçmə haqqında" Qanunun 156-cı maddəsinin "j" bəndini rəhbər tutaraq öz arzuları ilə ehtiyata buraxılmaq üçün komanda üzrə raportla müraciət ediblər.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa "Reytinq”ə deyib ki, hazırkı durumdan narahatdır. Onun sözlərinə görə, narazı olan zabitlərin nəyə görə incik salındığının detallarını araşdırmaq lazımdır: «Azərbaycan Ordusunda əsas problemlərdən biri zabitlərin, gizirlərin, mütəxəssislərin, həkimlərin şəxsi problemlərinin arxa planda saxlanmasıdır. Zabit-gizirlər təkcə özlərindən ibarət deyillər, həm də ailələrindən ibarətdir. Maraqlanmaq lazımdır ki, onların ailələri hansı sıxıntı içindədir. Məsələn, döyüş bölgəsində xidmət edən zabitin uşağının hansı məktəbdə oxuması, hansı bağçaya getməsi rəhbərliyi maraqlandırırmı? Yəni bunun üzərində düşünmək lazımdır. Problemlərin, narazılığın çoxu burdan qaynaqlanır.

Sonra araşdırmaq lazımdır ki, tabeçilik qaydasında hansı proseslər baş verir, hansı qeyri-qanuni tələblər qoyulur, bunun öhdəsindən gəlmək mümkündür, ya yox. Mənim də tanıdığım zabitlər var ki, bu motivlərlə ordudan uzaqlaşdılar. Halbuki onlar da kifayət qədər vətənpərvər və peşəkar kadrlar idi. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir. Əslində bütün şikayətlərin, gileylərin motivində yatan budur. Bunu ortadan qaldırmasaq, fərd olaraq, hərbi qulluqçuların hüquqlarının qorunmasını araşdırmadan peşəkarların ordudan uzaqlaşmasına şərait yaratmaq təhlükəli tendensiyadır. Çünki ordu elə qurumdur ki, onun peşəkarlardan təmizlənməsi prosesi döyüş qabiliyyətinə ciddi təsir göstərir. Bu mənada hazırkı vəziyyəti həyəcanlı tendensiya kimi qiymətləndirir və bu istiqamətdə daha ciddi işlərin görülməsini vacib hesab edirəm».

Qeyd edək ki, bir müddət əvvəl bəzi millət vəkilləri ordu rəhbərliyinin Milli Məclisdə hesabat verməsini, qeyri-döyüş şəraitində, eləcə də atəşkəsin pozulması nəticəsində əsgər itkisi ilə bağlı məsələlərə aydınlıq gətirməsini tələb edirdilər. Amma son dövrlər bu kimi tələblər irəli sürülmür. Fazil Mustafa deyir ki, Müdafiə Nazirliyi rəhbərliyinin Milli Məclisdə hesabat verməsini tələb etsələr də, qarşı tərəfdən heç bir reaksiya olmayıb. «Buna baxmayaraq, orduda baş verən hər hansı neqativ hadisə müzakirə olunmalı, onun həlli istiqamətində lazımi addımlar atılmalıdır. Ordu hamını maraqlandıran qurumdur, burada baş verənlər hamını narahat edir. Kimlərsə müəyyən məsələləri əsas gətirib ordudakı neqativliklərin müzakirə olunmasına qarşı çıxa bilər, amma biz mövcud problemlərin həlli üçün danışmalıyıq».
Müəllif : Cavid