Fazil Mustafa: “Ruslar hələ də Türkiyənin gücünü dərk etmək istəmirlər” Siyasət, Slider

Fazil Mustafa: “Ruslar hələ də Türkiyənin gücünü dərk etmək istəmirlər”
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin Türkiyə ilə bağlı son bəyanatı ölkəmizdə də ciddi narazılıqla qarşılanıb. Bir çoxları dəfələrlə qeyri-ciddi bəyanatları ilə gündəmə gələn V.Jirinovskinin son açıqlamasının da sərsəmləmədən başqa bir şey olmadığını qeyd edirlər. Amma bir qisim ekspertlər onun bütün açıqlamalarının məhz Kremlin sifarişi olduğunu, bəyanatların arxasında Rusiyanın gələcək planlarının anonsunun dayandığını bildirirlər.

Deputat Fazil Mustafa məsələyə bu cür şərh bildirib: “Yəqin ki, Rusiyanın dövlət siyasətinə uyğun olduğu üçün Jirinovskinin bəyanatlarına qarşı heç bir ölçü götürülmür. Lakin bütün hallarda bu, seçilən yanlış bir yoldur və bu yolun Rusiya üçün heç bir faydası yoxdur”.

F.Mustafa V.Jirinovskinin Türkiyə dövləti barəsində səsləndirdiyi təhdidləri qardaş ölkəyə qarşı psixoloji hücum kimi qiymətləndirib: “Mənasız bəyanatdır. Hələ də Türkiyənin gücünü dərk etmək istəmirlər. Elə düşünürlər ki, Ukrayna və yaxud Gürcüstan ilə qarşı-qarşıya gəliblər. Jirinovskinin açıqlamaları qarşılığında Türkiyənin təmkinli davranması daha doğrudur. Çünki ölkənin müdafiəsi ilə bağlı konkret olaraq ciddi işlər görülür və ümid etmirəm ki, hər hansı bir şəkildə müharibə təhlükəsinə qədər gəlib çıxa bilsin. Hər halda xoşa gələn hal deyil. Amma neyləmək olar, Rusiya və Türkiyə gerçəkliyi bu cür formadadır. Buna görə də müəyyən məsələlərin həllində Türkiyənin daha çox hazırlıqla cavab verməsi yerində olar. Və bu məsələlərdə Türkiyənin hər hansı addımlar atması və yaxud reaksiya verməsinin bir mənası olduğunu düşünmürəm”.

Deputat “Avropa İttifaqının, NATO-nun Türkiyəni müdafiə etməyəcəyi” fikrinin də real olmadığını deyib: “Bu, yanlış bir yanaşmadır. Avropa İttifaqı və yaxud digərlərinin Türkiyəni müdafiə etməməsi deyə bir durum yoxdur. Çünki Türkiyənin nə qədər çox problemləri olsa belə, müdafiə qabiliyyəti kifayət qədər çoxdur”.
Müəllif : Cavid