“Mehmet Fateh Azərbaycanda yaşasaydı, Qarabağı azad edərdi” - ASILMAMIŞ PORTRET Siyasət, Slider

“Mehmet Fateh Azərbaycanda yaşasaydı, Qarabağı azad edərdi” - ASILMAMIŞ PORTRET

“Asılmamış portret”də bu dəfə Konstantinopolu fəth edərək, İstanbulu Türkiyəyə qazandıran, iki dəfə sultanlıq libasını əyninə geyən, sonra isə həkimi Yaqub Paşanın sui-qəsdi nəticəsində 49 yaşında öldürülən Fateh Sultan Mehmetin rəsmi çizildi.

Sözlərlə şəkli çəkməyi deputat Fazil Mustafanın öhdəsinə buraxdıq. Və beləcə...
- Fazil bəy, öncə Fateh Sultan Mehmetin portretini çəkin...

- Fateh Sultan Mehmet bir dövrü başladan, yeni sistemin qurulmasında rolu olan, xüsusilə də türklərin dünya tarixinə damğa vurduğu nöqtəni müəyyən edən tarixi şəxsiyyətdir. Bu insanın başqa Osmanlı sultanlarından fərqli özəlliyi odur ki, o, təkcə hərbi deyil, həm də intellektual dühası ilə Avropanın fəthinə nail oldu. O, tolerantlıq nümunəsini Qərbə ilk qəbul etdirən, bu günə qədər də həyata keçirdiyi üsullara qarşı irad yeri buraxmayan simadır. Konstantinopolun işğalı Avropada mənəvi bir çöküşün başlanğıcına gətirib, çıxardı.

- Əgər rəssam olsaydınız, onun həyatından hansı anları silərdiniz?

- Hansısa anların silinməsinin tərəfdarı deyiləm. Bu, yanlış bir düşüncədir. Həyat insanın simasını göstərən bir kompleksdir. Çox məyusedici hadisələrin - oğlu Mustafanın ölümü, Yaqub Paşanın onu zəhərləməsi, bunların heç biri portretdən silinəsi deyil. Nəyisə kənara atanda həmin şəxsiyyətin ideal obrazını yaratmaq olmaz. Hər bir şey təcrübədir, dünyagörüşüdür.

Fateh iki dəfə taxta oturub. 12 yaşında Manisaya həm tərbiyə, həm də hökmdarlıq vaxtını gözləməsi üçün göndərilib. 19 yaşında yenidən taxta qalxanda onun artıq yüksək təhsili var idi və beş dil bilirdi. Hakimiyyəti sürəcində verdiyi qərarların ən ümdəsi ədalətli olmasında idi. Fateh kimi hər iki boşluğu dolduran şəxsiyyət yoxdur.

- Bu iki boşluq nədən ibarətdir?

- Fateh həm hərbi zəka sahibi, həm də imanlı intellektual bir insan idi. O, həm də gözəl şair, həm də dinləri gözəl bilən şəxsiyyət idi. Bizdə Səfəvilər dövləti ilə qürrələnənlər ən çox nəyi misal çəkirlər? Deyirlər ki, Şah İsmayıl 14 il ərzində 14 ölkə işğal etmişdi. Bunların əksəriyyəti türk dövlətləri idi. Ona qalsa, Fateh 17 dövləti çökdürdü ki, əksəriyyəti xristian ölkələri idi, fəxr ediləsi budur. Stefan Sveyq “Bəşəriyyətin ulduzlu saatları” silsilə əsərində Konstantinopolun işğalını Fatehin dühasından başqa, həm də xüsusi bir təsadüfə bağlayır. Yazır ki, bir qapı piyadalar üçün açıq qalır, əvvəl bunun pusqu olduğunu düşünürlər, ancaq sonradan həmin mühafizəsiz qapıdan keçən türklər qalanın içərisinə daxil olub, şəhəri işğal edirlər. Hər şey Sveyqin yazdığı kimi baş verməyib. Fateh hərbi üstünlüklə də öndə idi. Daha iri və uzaq məsafəni hədəf alan topları kəşf etmişdi. Üstəlik, gəmiləri qurudan keçirərək, mühasirə olunan boğaza gətirməklə, hərb tarixində görünməmiş bir taktika kəşf etmişdi. O, Bizans imperiyasının alınmaz sayılan divarlarını ancaq bu cür dağıda biləcəyini bilirdi.

- Elə buna görə də “Ya İstanbul məni alır, ya da mən İstanbulu...” demişdi...

- Məşhur ifadədir. Bu, 22 yaşlı bir gənc hökmdarın “Olmazsa, olmaz” fəlsəfəsini göstərən bir faktdır. Fateh bütün qələbələrə rəğmən müharibənin gərginliyində həm də ədalətli qərar çıxaran bir sultan idi. Hamının ibadət azadlığını tanıdı. Avropa üçün isə bu, gözlənilməz oldu. Çünki onlar Sultan Mehmetin hamını, xüsusilə də başqa din mənsublarını qılıncdan keçirəcəyini gözləyirdılər, ancaq bunun əksi oldu. Mülkiyyət toxunulmazlığını qoruyan, can güvənliyini təmin edən sərəncama imza atdı. Düzdür, Konstantinopolun fəthindən sonra o, iki günlük yağmaya icazə verdi, çünki ordunun xüsusiyyəti belə idi. Ordu döyüşdüyünə görə özünə mənfəət götürməlidir. Ancaq ardınca tam sabit bir idarəçilik sistemi gətirdi. Bununla belə, Fatehin bizim indiki baxış bucağımızdan yanaşdıqda, səhvləri də az olmayıb...

- Səhvləri nə idi?

- Türkmən boyları hakimiyyətdə çox böyük gücə malik idi. Fateh bunların bütün iradəsini sındırdı. Onların yerinə devşirmə sistemini gətirdi. Alban, serb və başqa ərazilərdə tutulmuş, ancaq imperatorluğun xidmətinə yetişdirilmiş adamları yan-yörəsinə yığdı. Bu da müəyyən mənada, onun özü üçün problem yaratdı. Onu zəhərləyən Yaqub Paşa alban əsilli idi.

- Bəs üstün cəhətləri barədə daha nələri deyərdiz?

- Sultan Mehmet mənəvi rəhbərləri irəliyə buraxan şəxsiyyət idi. Ağ Şəmsəddin öndə olurdu. Hər hökmdar bunu etməzdi. Bir də onun gəldiyi ənənə maraqlı idi. Fatehin atası İkinci Murad yeganə Türk sultanı idi ki, hakimiyyəti özü könüllü buraxmışdı. Yəni Fateh hakimiyyət hərisi kimi böyüməmişdi. “Mən Konstantinopolu alacam” ideyasıyla yaşamışdı.

- Konstantinopolu işğal etdiyi üçün siz onun portretini çızmaq istədiniz?

- Təkcə buna görə yox, siz peşəmizə uyğun olaraq, siyasətçi təklifi irəli sürdüyünüz üçün mən Fateh Sultan Mehmeti seçdim. Ədəbiyyatdan söhbət etsəydik, maraqlı bir yazıçının rəsmini çəkərdik. Mən Fatehi həm də ona görə seçdim ki, Konstantinopol müxtəlif dövrlərdə mühasirə vəziyyətində olsa da, bu, alınmamışdı. Son hücumdan öncə əsgərlərinə namaz qıldıraraq, hamıya kəlmeyi-şəhadətini söylədərək, döyüşə başlaması tarix səhnəsində görünməmiş bir səfərbərlik ruhunu yaradan nadir addımlardan biridir.

Xatırladığım qədər Napoleon da Misir ehramları qarşısında öz əsgərlərinə “sizə 5 min il bundan öncə yaşayanların ruhları baxır, bu torpaqları fəth etməlisiz” kimi coşqulu çıxışdan sonra böyük ərziləri tutmuşdu.

Fateh Osmanlı imperasiyasını uğura, nəticəyə apara bildi. Bu gün Osmanlı, Türkiyə olmasaydı, Azərbaycan müstəqil dövlət deyildi. Nuru Paşanın Bakını işğaldan azad etməsini Sultan Mehmetin Konstantinopolu fəthinin kiçik formasına bənzədirəm. Bizim üçün ən dəyərli günlərdən biri 28 Maydır ki, həmin gün Azərbaycan Xalq Cümhuriyyəti qurulub, 29 mayda isə Konstantinopol fəth edilib. Fateh Konstantinopolu İstanbula çevirən şəxsiyyətdir.

- 1481-ci ildə Fateh böyük səfərə hazırlaşmaq üçün Anadoluya getdi. Bəzi mənbələrə görə, İtaliya, başqa versiyaya inansaq isə Misirə yürüş etməyi planlaşdırırdı. Sui-qəsd olmasaydı və səfər qələbəylə yekunlaşsaydı, indi dünya düzənində hansısa dəyişiklik baş vermiş olardı?

- Dünya düzənində ciddi dəyişiklik olmayacaqdı. Tarix şərt formasında danışmağı sevmir. Tarix həm də taledir. Onsuz da onun ardınca Osmanlı sultanı Yavuz Sultan Səlim Misiri aldı, Məkkəni və Mədinəni portuqaliyalılardan xilas etdi. Yəni Fateh öldürülməsəydi də, dəyişən cidd bir şey baş verməyəcəkdi. Onun Konstantinopolu fəthindən sonra bütün türklərdə “ən əlçatmaz hədəfi fəth elədik” əhval-ruhiyyəsi yarandı. Avropa isə çökdürülmüş vəziyyətdə yenə çıxış yolları axtarmağa başladı. Cənubi Afrikaya, Amerikaya gedib, qitələr kəşf etdilər. Hamısı Sultan Mehmetin işğalından sonra baş verdi. Əslində, Fateh Konstantinopolun fəthi ilə Avropanı yenı dünya axtarışları üçün hərəkətə gətirdi və onların bizdən daha dinamik bir topluma çevrilməsinə şərait yaratdı.

- O, bu gün Azərbaycanda yaşasaydı, nəyə nail olardı?

- Qarabağı azad edərdi. Dünya diplomatiyasında görünməmiş manevrlərlə Türk Birliyini yaradardı. Bunu yalnız Fatehin zəkasıyla etmək mümkündür. Ciddi birlik modeli tapa bilərdi. Əgər, belə bir şey baş verərdisə, bu, Allahın Türk millətinə böyük lütfü olardı.

- Sizin danışdıqlarınızı kimsə portret halına salıb, təqdim edərsə, başınızın üzərindən asarsız?

- Əlbəttə... Həm də bir minnətdarlıq duyğusuyla həmin portreti asardım və bununla qürur duyardım. Hər şeyi kənara qoyaq, təkcə Konstantinopolun fəth edilməsi, İstanbulun Türkiyəyə qazandırılması böyük bir uğur idi.

Ramin DEKO,
Xüsusi olaraq musavat.com üçün
Müəllif : Cavid