Fazil Mustafa: “Matəm günləri bir tarixi ildönümü və ya faktı yolavermə günüdür” Siyasət, Slider

Fazil Mustafa: “Matəm günləri bir tarixi ildönümü və ya faktı yolavermə günüdür”

Bu gün Beynəlxalq Diaspor Mərkəzi 31 mart soyqırımının ildönümü ilə bağlı tədbir təşkil edib. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili fazil Mustafa tədbirdə çıxış edib. Çıxışın qısa məzmununu diqqətinizə çatdırırıq.
Biz Azərbaycanda niyə matəm günləri ilə anım günlərini fərqləndiririk? Matəm günləri bir gün nümayişkaranə ağlayıb, bir tarixi ildönümü və ya faktı yolavermə günüdür. Mərsiyəmizi oxuyub qurtaran kimi işimizi bitmiş hesab edirik. Anım günü isə bir tarixi faciəni, onun şəhidlərini, qəhrəmanlarını yad etməklə yanaşı, həmin tarixin həm də soyuqqanlı şəkildə təhlil günüdür. İnsan təhlil edir ki, 31 mart soyqırımı böyük bir faciə günümüzdür, eyni zamanda ənənəvi olaraq gözlənilən təhlükələrə qarşı hazırlıqsız, öncədən tədbir görmə qabiliyyətsizliyimizi üzə çıxaran gündür.

Eyni xarakterin təkrarını sonradan baş verən bütün faciələrdə də yaşamadıqmı? Xocalı da böyük faciəmizdir, eyni zamanda hazırlıqsızlığımızı, tədbirsizliyimizi üzə çıxaran fakt deyilmi? Şuşa da, Kəlbəcər də bu qəbildən sayılmazmı? Bu gün dəfələrlə çağırış edirik ki, Bakının, Gəncənin və başqa şəhərlərimizin bütün yaşayış və inzibati binalarının yararlı zirzəmilərindən sahibkarlara kompensasiyası və ya əmlak əvəzi ödənmək şərti ilə bütün barların, yemək yerlərinin, əyləncə məkanlarını boşaldaraq hava hücumundan qorunmaq üçün sığınacaq məkanlarına çevirmək lazımdır. Kimdir eşidən? Sabah müharibə ilə üz-üzə qalmaq potensialı olan bir ölkəyik, bir hadisə baş verəndən sonra yenə də tarixçilərimiz yazacaqlar ki, gəlib bizləri qəfildən qətl etdilər? Hücum haqqında düşündüyümüz qədər müdafiə tədbirlərimizin də görülməsi zəruri deyilmi? Yaxud da bizim bu hadisələrə bu günün prizmasından cəmiyyət olaraq saxta və laqeyd münasibətimiz açıqca özünü göstərir.

31 martdan sonra nə baş verib? Şaumyanın silahlı daşnak-bolşevik birləşmələri Bakı və ətraf bölgələri Azərbaycan türklərindən təmizlədikdən sonra Göyçaya qədər gəlib möhkəmlənirlər ki, Gəncəyə hücuma başlasınlar. Gəncə işğal olunsaydı, o zaman hansı müstəqil Azərbaycan dövləti qurulacaqdı? Bu zaman bu xalqın xilaskarı olan Nuri Paşanın komutanlığında türk ordusu gəlib Şaumyan qüvvələrini 4 günlük Göyçay döyüşündə darmadağın edib, sonda da Bakını azad edərək Azərbaycan dövlətinin real bir zəmində qurulmasını təmin etdi. Yəni 31 mart soyqırımını törədənlərdən ilk qisası Nuri Paşanın komutan olduğu türk ordusu aldı. Bu gün həmin qisası alana göstərdiyimiz naşükür münasibət sabah Xocalının qisasını alacaq qəhrəmanlara göstəriləcək münasibətin işarəsi deyilmi? Haradadır bu böyük qəhrəmana və onun ordusuna verilən layiqli qiymət? Rəsmi münasibət bir yana qalsın, heç olmazsa, hər dəfə bu günləri xatırlayanda ruhuna pulsuz-parasız dua edirsinizmi o qəhrəmanların?

Dəfələrlə deyirik ki, Soyqırım Muzeyi yaradılmalıdır, həm də Şəhidlər Xiyabanında. Mütləq dövlət protokoluna salınmalıdır. Gələn qonaqlar məhz burada abidənin önündə baş əyərək, bu gerçək soyqırım tarixi barədə bilgi əldə etməlidirlər. Təəssüf ki, eşidən yoxdur, ona görə də hər il xırda tədbirlərlə işimizi bitmiş hesab edirik. Bu minvalla da problemi dünya gündəminə daşıya bilmirik.
Müəllif : Cavid