Fazil Mustafa: “Azərbaycana qarşı təbliğat aparanların bəhanələri əlindən alınmalıdır” Siyasət, Slider

Fazil Mustafa: “Azərbaycana qarşı təbliğat aparanların bəhanələri əlindən alınmalıdır”

“Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında nəzərdə tutulan şəxslərin azad olunması faydalı olardı”
Azərbaycanda keçiriləcək I Avropa Oyunları yaxınlaşdıqca, ölkəmizə qarşı tənqid və təzyiq xarakterli təbliğat, çağırışların artdığı müşahidə olunmaqdadır. Avropanın bir sıra tanınmış media orqanları son günlər xüsusi fəallıq nümayiş etdirir, Avropa ölkələrinə Azərbaycanda keçiriləcək böyük idman tədbirini boykot etmək çağırışını edirlər.

Əsas qabardılan və arqument kimi təqdim edilən isə Azərbaycanda siyasi məhbusların sayının çoxluğu, insan haqlarının durumudur. Dünyanın ən nüfuzlu media orqanlarından olan Almaniyanın “Der Spiegel” və “Focus” jurnalları, Böyük Britaniyanın “The Daily Mail” qəzeti, dünyanın iki ən çoxtirajlı jurnalından biri olan Böyük Britaniyanın “The Economist” nəşri bu mövzuya xüsusi yer ayırıblar.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında deyib ki, bütün bunlar gözlənilən təzyiqlərdir: “Azərbaycan hakimiyyəti müəyyən addımları atmalı idi ki, bu cür təzyiqlər üçün bəhanələr qalmasın. Biz həm istəyirik ki, mötəbər bir tədbir keçirək, həm istəyirik ki, müəyyən dərəcədə daxildə sabitliyin yaranması adı ilə müəyyən şəxslərin təcrid olunmasını həyata keçirək. Məncə, bu şəxslərin böyük əksəriyyəti ölkə üçün heç bir təhlükə yaratmır. İctimai təhlükəsizlik baxımından hansısa bir problem təşkil edə biləcək gücə sahib deyillər. Bu baxımdan onların həbsdə qalmasının heç bir mənası yoxdur. Ən azından vəziyyəti yumşaltmaq, Azərbaycana qarşı təzyiqləri, Avropa mediasının məlum anti-təbliğatını azaltmaq üçün xüsusilə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında nəzərdə tutulan şəxslərin azad olunması faydalı olardı. Bir tərəfdən, ermənilərin Avropa Oyunlarına gəlməməsi, ermənilərin müəyyən dərəcədə təxribatla məşğul olması, digər tərəfdən özümüzün də müəyyən insanları həbsdə saxlamaqla Azərbaycana qarşı təbliğata bəhanə verməyimiz yanlışdır. Məncə, bu yanlışdan təcili uzaqlaşmaq, adamları buraxmaq lazımdır və normal şəkildə Avropa Oyunlarını keçirməyimiz üçün bütün diqqəti ora yönəltmək lazımdır ki, bunun Azərbaycanın tanınması, təbliği baxımından faydalı nəticəsi olsun”.

F.Mustafa bildirib ki, boykot çağırışlarının nəticə verəcəyi güman edilmir: “Çünki əvvəla, Azərbaycanın keçirdiyi idman yarışının şərtləri həmin ölkələr üçün xeyirlidir. Ona görə ki, biz bütün məsələləri öz üzərimizə götürmüşük. İndi bunun nə dərəcədə bizə xeyirli olub-olmayacağı başqa məsələdir. Amma bütün xərcləri Azərbaycan öz üzərinə götürübsə, hansı ölkə belə bir şəraitdən imtina eləyib gəlməmək barədə düşünə bilər? İştirak etmək onlar üçün ən azı maddi cəhətdən sərfəlidir. İkincisi, tarixən götürdükdə, 1980-ci ildə Moskva olimpiadasını boykot elədilər və başqa dövrlərdə boykot hadisələri var, amma bunlar çox böyük effekt vermir. Nə baxımdan? İdmançının taleyini siyasətə qurban vermək olmaz. Siyasi vəziyyət illərlə gərgin ola bilər. Amma bu, idmançının günahı deyil. Ona görə də inanmıram ki, boykot çağırışlarının nəticəsi olsun”.

Deputat sonda onu da vurğulayıb ki, ölkəmizin daxilindən Avropa oyunlarının boykot edilməsinə çağırışlar bütün hallarda doğru deyil: “Hakimiyyətə qarşı qatı müxalifətdə olan şəxslər, təşkilatlar da bilməlidir ki, belə bir boykot Azərbaycana faydalı olmayaq. Yəni bu, ümumi Azərbaycan üçün ziyanlı olardı. Ona görə də məncə, Azərbaycanı az-çox düşünən şəxslər belə bir addımlara getməməlidirlər”.
Müəllif : Nesib