Fazil Mustafa: "Ölüm hökmü bərpa olunmalıdır" Siyasət

Fazil Mustafa: "Ölüm hökmü bərpa olunmalıdır"
Milli Məclisin üzvü Fazil Mustafa ölüm hökmünün qüvvədə qalmasının tərəfdarıdır. Millət vəkilinin Publika.az-a bildirdiyinə görə, o, bununla bağlı əvvəllər etdiyi təklifində qalır: “Bizdə ölüm hökmü ləğv olunub. Bununla bağlı Avropa Şurası qarşısında öhdəliyimiz də var. İndi ölüm hökmünün qayıdış imkanları da xeyli məhduddur. Buradan geri çəkilməyimiz, bütün hallara qarşı ölüm hökmünün tətbiqi indiki şərtlərlə real görünmür. Mən təklif etmişdim ki, azyaşlı uşaqlara, körpələrə qarşı törədilmiş qətl hadisələrinə, cinsi zorakılığa görə ölüm hökmü bərpa olunsun və indi də həmin təklifimdə qalıram”.

Millət vəkili hesab edir ki, 18 yaşını tamamlamış insanlar üçün qaçıb qurtulma, özünümüdafiə imkanları var. Amma körpələr, azyaşlılar, bələkdə olan uşaqların, həddən artıq yaşlı insanların, əlil insanların belə imkanları yoxdur. Daha müdafiəsiz insanlara yönələn cinayətlərə və xüsusi amansızlıqla adam öldürülməyə görə ölüm hökmü məqsədəuyğun sayıla bilər. Amma bu, indiki şərtlərlə real deyil.

F.Mustafanın sözlərinə görə, əslində ölüm hökmünün verilməsi cinayətin sayını azaltmayacaq və profilaktika baxımından nəyisə ciddi şəkildə dəyişməyəcək: "Bu, zərərçəkmişin ailəsinin daha rahat olması və cəzanın ədalətli olmasına inanmaq baxımından rol oynayır. Burada sosial faktorlar rol oynayır. Bizim cəmiyyətdə istər qız, istərsə də oğlanların sosiallaşması baxımından imkanların məhdud olmasına görə bu qədər aqressiv münasibəti müşahidə edirik. Bu, çox təhlükəlidir. Belə gənclərin sosiallaşması yolları tapılmalıdır, cinsi tərbiyə düzgün aparılmalıdır. Onların müəyyən dərəcədə orta məktəb və digər strukturlarda davranışlarına əxlaqi nöqteyi-nəzərdən təbliğatın aparılması, maarifçilik daha yaxşı olar, nəinki cəzanın sərtləşməsi".
Müəllif : Nesib