“Siyasilərin elmi fəaliyyəti”: Akademiyanı bəyənməyən fəlsəfə doktoru Fazil Mustafa Siyasət

“Siyasilərin elmi fəaliyyəti”: Akademiyanı bəyənməyən fəlsəfə doktoru Fazil Mustafa
“Fəlsəfə üzrə fəlsəfə doktoru adını aldım. Daha sonra doktorluq mövzusunu da işləməyə çalışdım. Bu, sinergetika ilə bağlı idi. Postmodern cəmiyyətin sinergetik problemləri mövzusunu işləməyə çalışdım. Lakin sonradan bunu üzə çıxarmadım. Akademiyada elmi mühit o qədər də ürəkaçan olmadığından, bunu davam etdirmədim. Onun yerinə daha faydalı bildiyim işlərlə məşğul oldum”.

Bu sözlərin müəllifi siyasətdən elmə gələn, lakin əsas elmi qurumdakı ab-havanı bəyənmədiyi üçün doktorluğu müdafiə etməyən millət vəkili Fazil Mustafadır.

Modern.az-ın “Siyasilərin elmi fəaliyyəti” rubrikasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın elmi fəaliyyətindən danışılacaq.

Elçibəy hakimiyyətinin ən gənc kadrlarından olmuş F.Mustafa 1992-93-cü illərdə Prezident Aparatının şöbə müdiri, 1995-98-ci illərdə Türkiyədə Elçibəyin özəl təmsilçisi kimi fəaliyyət göstərib. Daha sonra siyasi fəaliyyətdən yayınmayaraq, 2003-cü ildə Böyük Quruluş Partiyasının başqanı seçilib, 2005-ci ildən isə Milli Məclisin deputatıdır.

F.Mustafa siyasətlə yanaşı, dini-fəlsəfi və ictimai-tarixi istiqamətlərdə də elmi araşdırmalar aparıb. Elmi istiqamətlərinin son nəticəsi olaraq 2005-ci ildə Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib.

Fazil bəy bu barədə Modern.az-a özü danışır:

- Azərbaycan kimi siyasi düşüncəsi, milli-əxlaqi dəyərləri oturuşmamış yeni cəmiyyətlərdə funksiyanı aydınlar, maarifçilər, onlar da olmadıqda siyasətçilər öz üzərlərinə götürməlidirlər. Mənim də elmə gəlməyimin səbəbi məhz bu idi. Cəmiyyətin natamamlığı istiqamətində araşdırmalar aparanda iki məsələ daha çox məni özünə cəlb etdi: birincisi yanlış din şüuru, ikincisi yanlış tarix şüuru. Düşünürdüm ki, bu yanlışlıqları düzəltməsək, bizim gələcək şüurlu inkişafımıza da mənfi təsir edə bilər. Bu istiqamətlərdə ciddi araşdırmalara başladım. Yanlış tarix şüuru ilə bağlı "Türk dünyası və Azərbaycan" adlı bir araşdırma işlədim. Türkiyədə çap olundu, orada tamamilə yeni baxış tərzi ortaya qoyulmuşdu. Din şuru ilə bağlı öz yanaşma tərzim olan və təbii ki, elmi prinsiplərə söykənən silsilə məqalələr yazdım. Uzun sürən maneələrdən və çətinliklərdən sonra 2005-ci ildə Akademiyanın Fəlsəfə və Hüquq İnstitutunda “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt” mövzusunda namizədlik dissertasiyamı müdafiə etdim. Fəlsəfə üzrə fəlsəfə doktoru adını aldım.

Bu yaxınlarda daha bir kitabım işıq üzüm görəcək. “Türk kimliyi və saxta tarix” adında məqalələr toplusudur. Əsas elmi fəaliyyətim bu istiqamətdə gedir”.

F.Mustafa deyir ki, elmi aktivlik baxımından onu narazı salan tək akademiya yox, həm də ali təhsil ocaqlarımızdır. O, hətta bu qənaətdədir ki, sosial şəbəkədə nəyisə müzakirəyə çıxarmaq universitet auditoriyasında mühazirə oxumaqdan daha səmərəlidir: “Pedaqoji fəaliyyətim bir dəfə olub. 1992-93-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində politologiya üzrə dərs demişəm. Onda da siyasi səbəblərə görə universitetdən uzaqlaşdırdılar. Daha sonra arzuladığım universitet mühitini görmədiyim üçün Azərbaycanın ali təhsil müəssisələrinin heç birində dərs demədim. Bir neçə dəfə özəl və dövlət ali təhsil müəssisələrindən dəvət etsələr də, imtina etmişəm. Fikrimcə, indi hansısa elmi məsələni sosial şəbəkədə yüzlərlə insan arasında müzakirə etmək auditoriyada 40-50 nəfərə mühazirə oxumaqdan daha yaxşıdır”.
Müəllif : Cavid