Fazil Mustafa: "Türkiyə erməni probleminin həllini sərhədlərin açılmasında görür" Siyasət, Slider

Fazil Mustafa: "Türkiyə erməni probleminin həllini sərhədlərin açılmasında görür"

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa gündəmin aktual mövzuları ilə bağlı "Şərq”in suallarını cavablandırıb.
- Türkiyə baş naziri Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı söylədikləri cəmiyyətdə birmənalı qarşılanmadı. Baş nazirin sözlərini "ermənilərə jest” kimi görənlərlə yanaşı, siyasi məqsədlər üçün deyildiyini düşünənlər də oldu. Bəs siz Ərdoğanın erməni soyqırımı ilə bağlı dilə gətirdiklərini necə dəyərləndirirsiniz?

- Baş nazir erməni lobbisinin qondarma soyqırımla bağlı atacağı addımları qabaqlamaq üçün mədəni dünyanın şərtlərinə uyğun olaraq belə bir diplomatik gediş edib. Amma fikrimcə, bu gediş uğurlu hazırlanmayıb. Yaxşı olardı ki, Ərdoğan köç hadisələrində ermənilərin müəyyən təhlükələrlə üzləşdiyini və çətinliklərə məruz qaldığını dedikdə, eyni epizodun ermənilər tərəfindən türklərin başına gətirildiyini də dilə gətirərdi. Yəni hər iki hadisəyə üzüldüyünü deyərdi. Birtərəfli erməni məsələsini qabartmaq məncə yanlışdır. Çünki onsuz da ermənilər bu cür yanlış yanaşmalardan razı qalmırlar. Türkiyə də özünün israrçı mövqeyini arxivlərin açılması ilə ortaya qoyur. Amma ermənilər arxivlərin açılmasına maraq göstərmirlər. Çünki özləri də yaxşı bilir ki, soyqırım olmayıb. Bu baxımdan Ərdoğanın ifadəsi diplomatik nöqteyi-nəzərdən məqbul sayıla bilərdi. Amma mütləq digər məsələlərlə bağlı əlavələr olmalıydı. Baş nazirin söhbətində Osmanlı qoşununa qarşı Rusiya tərəfindən vuruşan ermənilərdən də söhbət açılmalıydı. Bu cür vacib mövzulara toxunmadan, sadəcə, ermənilərin əziyyət çəkdiyini gündəmə gətirmək xeyli yarımçıq və siyasi cəhətdən tam cilalanmamış açıqlamadır.

- Bəzi ekspertlər söyləyir ki, Ərdoğanın ermənilərlə bağlı açıqlaması Türkiyə-Ermənistan sərhədlərinin açılmasına hesablanıb. Azərbaycan faktorunu nəzərə alsaq, Türkiyə Ermənistanla sərhədlərin açılmasında maraqlıdırmı?

- Əlbəttə, Türkiyə Ermənistanla sərhədlərin açılmasında maraqlıdır. Çünki Türkiyə müəyyən mənada erməni probleminin çözülməsini sərhədlərin açılmasında görür. Buna türk siyasətində prioritet məsələ kimi baxılır. Ölkədə belə bir fikir hakimdir ki, iqtisadi vasitələri önə çəkərək Ermənistanın iddialarını, düşmənçilik aurasını ortadan qaldırmaq olar. Bu siyasət nə dərəcədə doğrudur, yanlışdır, bunu hər halda Türkiyə siyasətini hazırlayan insanlardan soruşmaq lazımdır. Bizim tərəfdən bu məqbul deyil. Çünki Ermənistan aqressiv siyasətindən əl çəkmək niyyətində deyil. Amma Türkiyənin də gördüyü müəyyən məqamlar var ki, onun üstündən xətt çəkib keçmək olmaz. Çünki Türkiyə böyük dövlətdir. Əgər onlar həm Türkiyənin, həm də Azərbaycanın maraqlarını nəzərə alaraq belə addım atacaqlarsa, bunu müzakirə etmək mümkündür. Amma istənilən halda erməni soyqırımı ilə bağlı yumşaldıcı addımlara gedilməsi Türkiyənin xeyrinə deyil. Çünki ermənilər buna adekvat addım atmalıdır. Əks halda türkləri daha çox ittiham etmək üçün əllərinə əlavə vasitə keçəcək. Yəni bu kimi çıxışlardan və başsağlıqlarından ermənilər öz maraqları üçün istifadə etməyə çalışacaqlar.

- Keçək başqa bir günün aktual mövzusuna. Rusiya Dövlət Duması tərəfindən qəbul edilən sadələşdirilmiş vətəndaşlıq haqqında qanun layihəsi hansı məqsədlə hazırlanıb? Bunun təsirləri nə olacaq?

- Bunun təsiri o olacaq ki, vətəndaşlar üçün böyük problemlər yaranacaq. Təbii ki, başqa postsovet ölkələrində olduğu kimi Azərbaycanda da sovet vətəndaşı olmaq istəyənlər var. Amma bizim qanunvericilik ikili vətəndaşlığı qəbul etmir. Ona görə təklif edirəm ki, Rusiya vətəndaşlığını qəbul edən şəxs dərhal Azərbaycan vətəndaşlığından çıxarılsın. Onlar Azərbaycanda vətəndaş kimi yox, əcnəbi kimi yaşaya bilər. Hər iki ölkənin vətəndaşı olmaq cəmiyyətimiz tərəfindən qəbul olunmamalıdır.

- Qudurğanlıq edən məmur övladları ilə bağlı mətbuatda maraqlı və ironik təkliflə çıxış etdiniz. Həqiqətən, çıxış yolu budurmu? Bu cür cəzalar məmur özbaşınılağının qarşısını alacaqmı?

- Əslində cəzalandırma ilə bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq. Çünki bizim ölkədə hüququn işləmə mexanizmində problem var. İmtiyazlı hüquqa tabe insanlarla yanaşı, imtiyazsız olanlar var. Azərbaycanda müəyyən təbəqə üçün hüquq işləmir. Hüquq ancaq aşağı və gücsüz təbəqə üçün nəzərdə tutulur. Ona görə deyirik ki, heç olmasa, bu vasitələrlə, yəni cəmiyyətdə ictimailəşməklə həddindən artıq cızığından çıxan, qanunların pozulmasında bilavasitə iştirak edən, standart həyatdan kənar yaşayan və müxtəlif əyləncələrlə özünü sadə həyat tərzi sürən insanlara göstərənlər müəyyən dərəcədə cəzalandırılsın. Əgər fayda verəcəksə, mənə elə gəlir ki, bu üsuldan istifadə etməyə dəyər.

- Məmur övladlarının özbaşınalığı dedikdə biz problemi ümumiləşdiririkmi? Yəni kiminsə atası məmurdursa, onun övladı mütləq qudurmalıdırmı?

- Yox, burda söhbət məmurlardan getmir. O qədər qudurğan sahibkar övladları var ki. Ümumiyyətlə, məmur adını özəlləşdirmək, ya da xüsusiləşdirərək qabartmaq düzgün deyil. Tərbiyəli və ləyaqətli məmur övladları çoxdur. Söhbət başqa şeydən gedir. Onsuz da zəngin insanların kənar yerlərdə dincəlmək, istirahət etmək, əylənmək imkanları var. Onlar istədikləri vaxt Türkiyəyə və digər xarici ölkələrə gedərək keflərini çəkə bilərlər. Onların xaricə gedə bilməmək problemləri yoxdur. Kənarda o qədər harınlıq edilir ki, onları eşidəndə, görəndə dəhşətə gəlirsən. Amma buna baxmayaraq, cəmiyyət buna etiraz etmir. Bizim nəzərdə tutduğumuz üsul öz əyləncələrini cəmiyyət içində sanki onlara acıq verirmiş kimi edənlərə, sıravi insanlara öz təbəqələrini və "toxunulmazlıqlarını” göstərməyə çalışanlara tətbiq olunur. Yaxşılara kim nə deyir ki? Söhbət pislərdən gedir. Söhbət öz var-dövlətini insanların gözünə soxanlardan gedir. Vəziyyət də elə bu məsələlərə görə gərginləşir. Bəzən valideynlər də övladlarına nəzarət edə bilmirlər. Çünki hər ailədə tərbiyənin forması fərqlidir. Ancaq heç olmasa çalışmalıdırlar ki, tərbiyəsizlikləri cəmiyyət içində özünü büruzə verməsin. Yoxsa, öz evlərində istədiklərini etsinlər. Pəncərəni sındırsınlar, divarları boyasınlar, ürəkləri istəyəni etsinlər. Əgər vətəndaşa ziyan vurmursa, heç kim bunu onlara irad tutmur. Amma vətəndaşa zərər yetirirsənsə, mütləq cəzanı almalısan. Görürsüz, o gün bir avtoşluq hadisəsi Azərbaycanın görkəmli ailəsinin ölümünə səbəb oldu. Bunu kim, necə bərpa edəcək? Niyə qudurğan uşağa görə hansısa ailə məhv olmalıdır? Yüzlərlə belə hadisə baş verib, amma hamısının üstü ört-basdır edilib. Bu cür olayların qarşısını almaq üçün müəyyən mənada sərt addımlar atılmalıdır.
Müəllif : Cavid