Keyptaun müşahidələri » Fazil Mustafa

Keyptaun müşahidələri Siyasət, Slider

Keyptaun müşahidələri

Fazil MUSTAFA
Güney Afrika deyiləndə illər öncəsində bir ad diqqəti çəkirdi: Nelson Mandela. Mandelanı bu günə qədər də ağlara belə sevdirən iki xüsusi məqam var. Birincisi, iqtidara gəldiyində, ümumiyyətlə, qisasçılıqdan uzaq bir siyasət izləməsini hər kəs yüksək qiymətləndirir. 90-cı illərdə ağların təhlükəsizlik qayğısı ilə kütləvi köçünün qarşısını onun bu davranışı aldı. Verdiyi mesajlar və atdığı konkret addımlar keçid prosesini gözlənildiyindən daha təlatümsüz etdi. İkincisi isə, dörd illik iqtidarından sonra yenidən seçilmə şansı olduğu halda hakimiyyətdən imtina edərək, demokratik ənənənin əsasını qoydu.

Ancaq futbol üzrə ötən dünya çempionatının keçirildiyi zaman ölkənin tanıtımı üçün artıq ikinci bir məfhum gündəmə gəldi: Vuvuzela. Çox güman ki, tayfa içi xəbərdarlıq səsi çıxarmaq üçün nəzərdə tutulan bu tütək formasında çalğı aləti əcaib səsi ilə o zaman dünya futbol çempionatını izləyənlərin əsəblərini alt-üst edirdi. Bu məmləkətə nədənsə ayaq basarkən almağı düşündüyüm ilk şey də vuvuzela oldu. Bilmirəm, bu əcaib səsli nəfəs aləti bizim məmləkətdə hansı maraq doğurar, ancaq düşündüyüm bir şeylər var.

Ötən günlərdə parlamentdə bədii təxəyyülü yazılı bədii mətnləri anlayacaq qədər yetərli olmayan bir-iki nəfər xalqın sevimlisi bizdən tələb etmişdi ki, xalqdan üzr istəyək. Anlaşılmayan bir şey olmuşdu ki, bu xalqın sevimliləri xalqı hara yığacaqdılar ki, çıxıb orada üzr istəyim. Məsələn, xalq mənim üzr istəməyimi tələb edərək Azadlıq meydanına toplaşarsa, bu vuvuzelanı onların əsəblərini yoxlamaq üçün çalmağa dəyərdi. Bəlkə də ən yaxşısı bələ mənasız danışan birilərinə rast gələndə cavab vermək əvəzinə, vuvuzelanı işə salmaq daha doğru addım ola bilər.

İngilislər burada yerli xalqı istismar etmişlər, illərlə aparteid rejimi ilə hüquqsuz təbəəyə çevirmişlər, ancaq bu gün ölkənin istənilən yerində "Mançester Yunayted", "Arsenal" və ya "Liverpul" azarkeşi olan qaradərililərin qızğın mübahisəsinin şahidi olarsınız. Sanki həmin insanlara uzun illər bu iztirabı ingilislər yaşatmamış. Bizdə təsəvvür edə bilərsinizmi kimsə indi "Spartak"ın və ya OMİK-in qızğın fanatı olsun? Bizim azarkeşlərin çoxu Türkiyə komandalarını, bir qısım də Avropa komandalarını kumir olaraq seçirlər. Bu amildə həm də ingilis və rus müstəmləkəçiliyinin ilk baxışda sezilməyən fərqi yatır. Ukraynadakı hadisələrin fonunda, Gürcüstana, Azərbaycana münasibətdə sanki 23 ildir qurtulmuş olduğumuz Rusiya bu gün bizim üçün ən ciddi qorxu mənbəyidir.

Cənubi Afrikada üçün uzun illər aparteid rejimi qurmuş Böyük Britaniya daha çox ümid yeridir. Dil, mədəniyyət, idarəetmə, təhsil, iqtisadiyyat - uzun illərin müstəqilliyinə rəğmən, ingilis sistemindən kənara çıxmamaqdadır. Ölkənin ən əsas mədəniyyət simvolu olan Keyptaun, təkcə turizm deyil, həm də təhsil mərkəzidir. Fatih tərəfindən Konstantinopol alındıqdan sonra avropalılar yeni ticarət yolları axtarışına çıxmış və 1498-ci ildə ilk dəfə Bartolomey Diasın ekspedisiyası Ümid burnuna gəlmişdir. Ardınca on il sonra Vasko da Qamanın buraya gəlişi ilə məskunlaşma prosesi başlamışdır. Afrikanın ən uc nöqtəsini Avropa dənizçiləri Ümid Burnu adlandırmışlar. Keyptaun adı da yeni salınan yaşayış məntəqəsinə bu adla bağlı verilmişdir. Burun şəhər dəməkdir. Aparteid dövründə bu şəhərdə ağdərililərlə qaradərililəri dəmir yol xətləri ayırırmış. Dəmir yolunun bir tərəfində ağlar, digər tərəfində qaralar yaşayırdı. İndi bu cür irqə görə məskunlaşma əsasən ortadan qaldırılmışdır.

Bu gün təkcə Keyptauna gələn turistlərin sayı təqribən 4 milyon nəfərdir, əsasən də zənginlər olduğuna görə ortalama xərclərinin 1500 ABŞ dolları olduğu düşünülürsə, Türkiyəyə gələn turistlərlə müqayisədə ölkəyə nə qədər gəlir gətirdiklərini təsəvvür etmək olar. Türkiyəyə gələn turistlər əsasən orta gəlirli olduğundan, ortalama xərcləmə təqribən 800 ABŞ dolları civarındadır. Bu isə Cənubi Afrikanın daha az sayda turistlə daha böyük gəlir əldə etməsi deməkdir. Ölkə parlamentinin də bu şəhərdə yerləşməsi onun əhəmiyyətinin ən ciddi göstəricisidir.

Buradakı təhsil sisteminin səviyyəsi həqiqətən yüksəkdir. Məktəblər adamı uşaq bağçasından alıb universitetə qədər hərtərəfli yetişdirirlər. Uşaq universiteti qazanmaq üçün 7 fəndən lazımi balı toplamaqda çətinlik çəkmir. Keyptaunda 4 böyük universitet və onlarla kiçik universitet var. Adi bir orta məktəbin ərazisi 50 hektara çatır, çox zaman ərazisində qolf maşını ilə gəzmək mümkün olur. Ərazidə reqbi, futbol, basketbol, qolf meydançaları, üzgüçülük hovuzları var. Afrikanın 10 ən keyfiyyətli universitetinin 4-ü Keyptaundadır. Dünyanın ən yaxşı 100 universitet arasında Keyptaun Universiteti də var. Bir millətin və dövlətin gücü onun təhsilindədir. Bunların iqtisadiyyatı mədənçiliyə və turizmə dayanır, ancaq fəxr etdikləri yüksək təhsil səviyyəsidir. Bir türk liseyində gördüyümüz mənzərə məni heyrətləndirdi. Ön yarğı deyilən bir şey yoxdur. Qaradərili, melez, ağdərili, indus eyni sinifdə bir-birinə sayğı göstərərək təhsil alır. Bizdə ara-sıra mübahisə doğuran bir məsələnin də burada maraqlı yanaşmasını gördüm. Qızlarla oğlanların birlikdə təhsil aldığı qarışıq məktəb anlayışından uzaqlaşmaq təmayülü var. Burada təhsil səviyyəsinə görə ən yüksək göstərici ayrıca oğlan və qız məktəblərinin payına düşür. Ona görə də təhsil sistemində qarışıq məktəblərdən uzaqlaşma hiss olunur.

Maraqlıdır ki, hansısa tikintiyə icazə verilərkən bütün qonşuluqda olan insanların yazılı razılığı tələb olunur. Məsələn, türklər bir məktəbi tikməyə icazə alarkən qonşulardan biri iki mərtəbə tikilməsinə izin verməmiş ki, onun evindən dağın görüntüsünün qarşısını alır və məcbur olub birmərtəbə ilə kifayətlənmişlər. Uşaqları davamlı olaraq təbiətlə, heyvanlarla əlaqəli yerlərə götürür və burada sadə üsullarla onlara doğru davranış qaydaları aşılayırlar. Bir epizodu xatırlayıram ki, quşlar saxlanan təbiət bağında uşaqlara aid bir tamaşaya diqqət yetirdim. İxtisaslaşmış oğlan və qız quşlara müəyyən hərəkətləri etdirib, insanları əyləndirirdilər. Proqramın gedişində aparıcı beş-altı pepsi və kola qabını ətrafa səpələdi. Sonra təlim görmüş bir qarğa çıxıb həmin boş qabları bircə-bircə dimdiyinə alıb yaxındakı zibil qabına atdı. Tamaşa bitəndən sonra balacalar yerdən tapdıqları hər şeyi aparıb zibil qabına atırdılar.

Hələ ki, Afrika deyib, buraları vuvuzela ile xatırlayaq. Ancaq müqayisəni təhsildən başlasaq, geriliyimizin acısını tək bir vuvuzela ilə sakitləşdirmənin mümkün olduğunu görərik...
Müəllif : Cavid