Fazil Mustafa 1957-ci ildə Qız Qalasından Azərbaycan bayrağını asan gənclərin xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib Siyasət

Fazil Mustafa 1957-ci ildə Qız Qalasından Azərbaycan bayrağını asan gənclərin xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa 1957-ci il mayın 28-də Qız Qalasının üzərindən Azərbaycanın üçrəngli bayrağını asan və buna görə illərlə həbsdə olan Cahid Hilaloğlu və Çingiz Abdullayevin xatirəsini əbədiləşdirmək təklifi ilə çıxış edib.

F.Mustafa bildirib ki, Dövlət Bayrağı meydanında bu təmənnasız qəhrəmanlar üçün xatirə lövhəsi vurulmalı, küçə və məktəblərə adları verilməli, eləcə də onların bu cəsur hərəkətlərinin xalqımıza təbliğ olunmalıdır.

Millət vəkilinin fikrincə, Cahid Hilaloğlu və Çingiz Abdullayevi hər kəsin tanıması vacibdir: “Onlar Azərbaycandakı dissident hərəkatın nümayəndələridir, tanımamız faydalı olardı”.

Qeyd edək ki, Böyük Quruluş Partiyasının başqanı sözügedən təklifini Milli Məclisin son iclasında da səsləndirib.
Müəllif : Cavid