Bizdən bezikmiş zaman » Fazil Mustafa

Bizdən bezikmiş zaman Siyasət, Slider

Bizdən bezikmiş zaman

Fazil MUSTAFA
Ötən həftənin bəlkə də ən diqqət çəkən sözünü Makkeyndən eşitdim. Kiyevə, Ukrayna xalqına dəstək verməyə gələn bu cəsur Vyetnam döyüşçüsü onunla söhbət edən Azərbaycan müxalifətinin təmsilçisinin sualına qısa və lakonik cavab vermişdi: “Zamanı gələndə sizə də dəstək verəcəyik”.

Əlbəttə, bu ifadənin bizdə narazılıq duyğusu ilə hər şeyin Ələddinin sehrli çırağındakı cinin iradəsi ilə dəyişəcəyini gözləyən bir qisim insan üçün xoş ovqat yaratmadığı bəlli. Və haradasa gözləyirdilər ki, senator Makkeyn ABŞ hökumətini təmsil etmirdi və heç bir narahatlıq keçirmədən ən azı bu ifadəni də işlədə bilərdi: “Uşaqlar, biz az möhkəm olun, sizə də mütləq dəstək verəcəyik!”

Əslində buradakı “zamanı gələndə” ifadəsi bizim ictimai-siyasi leksikonumuzda tez-tez işlənən “lazım gələrsə” ifadəsinin sinonimi kimi haqlı olaraq qıcıq doğursa da, bir gerçəyi təkrar anlatmış oldu. İki yüz il əvvəl necə dünya siyasətindən bixəbər idiksə, bu gün də eyni cür bixəbərik. Yəni dəyişən ciddi bir düşüncə fərqi yox. İlk anladığım bu oldu ki, iki ay öncə yazdığım “Zamanı tələsdirənlər” adlı məqaləmin ruhunu Makkeyn qısa bir cümlə ilə ifadə edib. Və anladım ki, bunun üçün heç Makkeynə gedib bu sualı verməyinə də dəyməzdi. Məqalədən epizodu bir daha real siyasəti düşünmək üçün təkrar da olsa, xatırlatmaq istərdim: “Artıq mənim üçün iqtidar və ya müxalifət anlayışı çox az əhəmiyyət daşımaqda. Bir məsələyə ədalətli yanaşma var, ədalətsiz baxış var. Doğru mühakimə var, yanlış mühakimə var. Dünya siyasətinə realist baxış var, romantik baxış var. Xalq üçün çalışmaq görüntüsü, imitasiyası var, Allah rizası üçün xalqın tərəqqisinə çalışmaq var. İmanlı, imansız insan diferensiasiyası var. Həm də 9 milyon müştərək hədəfsiz insan cəmiyyətini ayaqda tutmalı olan, dünya siyasətində hər an pay bölgüsündə böyük güclər tərəfindən udula bilən, öz sərvətinin böyük hissəsini BP ilə, ABŞ-la, Rusiya ilə qeyri-bərabər paylaşmaq müqabilində müstəqilliyini qoruya bilən bir dövlət var ortada. Bunun cəmiyyət üçün güclü görünən iqtidarı nə dünya üçün, nə də qaba formada 20 ildir torpağını işğal altında saxlayan erməni üçün böyük güc sayılmaz. Odur ki, bu iqtidar-müxalifət savaşını amansız məcraya, ölüm-dirim havasına soxmaq yanlışdır. Bir də elə bir taleyinə laqeyd cəmiyyət var ki, bunun iman dəyərlərindən tutmuş, tarix şüuruna qədər kökündən dəyişmədikcə, hansısa mütərəqqi layihə, hansısa demokratik islahat aparmaq mümkünsüz görünür. Bu reallığı görəndən sonra bu ölkənin nə zəngin iqtidarının, nə də onu əvəzləməyi arzulayan siyasiləşmiş yoxsul narazılarının əslində islahat barədə düşünmədiyi, ancaq günü xilas etmə təmayülündə olduğunu anladım”.

Vaxtilə qədim pəhləvi dilindən çevrilmiş bir hekayət diqqətimi cəlb etmişdi. Anlaşılan budur ki, tarixi faktlara dayanmasa da, tarixi hadisə kimi təqdim olunan bir üslubu vardı. Ən azı iki min əvvəl baş verən maraqlı bir hadisəni təsvir edirdi. Şah Ərdavanın oğlu ilə ovda olan Ərtəxşer (Ərdəşir) bir ceyrana ox atır. Eyni anda şahın oğlunun da oxu ceyranı hədəf alır. Ox ceyranın bədənini deşib o biri yanından çıxır. Kimin oxunun hədəfə dəyməsi barədə mübahisə düşəndə Ərtəxşer israrla sübut etməyə çalışır ki, ceyranı onun yayından çıxan ox öldürüb. Bu israrçı davranış şahın oğlunun xoşuna gəlmir və Ərtəxşerə münasibəti xeyli dəyişir. Şah oğlunun soyuq münasibətindən narahat olan Ərtəxşer tələsik Babəkə məktub yazıb göndərir ki, bu durumda necə davranmaq barədə məsləhət versin (Qeyd edək ki, Babək adı pəhləvi mətnlərində hələ iki min il öncələri yer alırdı və İslama qarşı savaşan Həsən də Babək adını təsadüfən götürməmişdi). Babəkin cavabı olduqca maraqlıdır. O yazırdı: "Heç bir düşmənin edə bilmədiyi pisliyi ağılsız insan özü-özünə edər. Sən nadanlığından özünü şah oğlunun qəzəbinə gətirmisən. Nə qədər ki, gec deyil, get üzr istə və oxu şahın oğlunun atdığını söylə..."

Bu mətnin bəlkə də ayrıca məna əlahiddəliyi yoxdur. Sadəcə, iki min il öncənin fars düşüncə sisteminin bu günümüzdən qiymətləndirilməsi üçün bu nümunəni qeyd etdim. İki min il əvvəl bunlar şəraitə uyğun hərəkət edirlər, siyasət bilirlər. Bu günümüzdə qorxaqlıq, yalançılıq nümunəsi kimi görünən həmin hərəkəti və ona uyğunlaşdırılan ifadəni maraqlıdır ki, müasir İranın mədəni irsi hesab edirlər. Halbuki bu günün İranı hər nə qədər Şah Pəhləvinin açıqca söykəndiyi bu irsdən uzaq olduğunu göstərməyə çalışsa da, fars dövlətçilik şüurunun təməl əsasında bu tarixin sarsılmaz özülü rahatlıqla sezilə bilir.

Nə qədər şəraiti dəyişməyə çalışsaq da, özümüzü həsr etdiyimiz, inandırdığımız siyasət anlayışı zamanla uyğunlaşmadığından, bizlər bu siyasət əvəzinə zamanı ayarlamaqla, təftiş etməklə məşğuluq. Həqiqətsə budur ki, bəzi problemləri həll etmək imkansızdır, bəzilərinin həllinə isə zaman baxımından hələ qalır.

Bəzən də bildiyimiz doğru yol, düz yol adamı məqsədə çatdırmır. Daha doğrusu, bizə qarşı olanlar əgər hər alçaqlıqdan, fırıldaqdan, gücdən istifadə edəcəklərsə, bizə gözləməkdən başqa yol qalmır. Ancaq nəhənglərin badalaqlarından addım ata bilməyən Azərbaycanın bir tək yolu elmdir. Bir tək elm düşmənin əlində deyil. Yəni yazılan, kəşf edilən həm də bizimlə paylaşılır. Milləti kitaba, elmə meylləndirmək, məncə, əlimizdən gələn işdir. Baxın, bu gün bilgisayardan başı çıxmayan bir ana, bizim bisavad saydığımız, fəqət təbii dünyagörüşü olan nənələrimizdən də geridir. Belə ki, bir uşaq çox asanlıqla anasına fırıldaq gələ bilər. Demirəm analar oturub proqram yazsınlar. Heç olmazsa, bilgisayarları açıb-bağlamaq kimi, anlaşılan mətnlərə baxmaq kimi, şəkil yığmaq, albom düzəltmək kimi işləri öyrənə bilərlər.

Diqqətəlayiq bir fakta baxın - elə qonşumuz İranda tibb sahəsi bizdən çox irəlidədir və həkimlərin haradasa 90 faizi türk mənşəlidir! Əlbəttə, bu millət oxumağı bacarır, həm də oxumağa yaxşı pul ödəməyi də bacarır. Azərbaycanda təhsil sistemi yaxın gələcəkdə belə düzəlməyəcək, heç olmazsa təhsil alanlara gözəl şərait yaradılsa, onlar oxumaq yönlərini özləri tapacaqlar. Ordu quruculuğu da eyni qaydada. Əgər ordudakılara yaxşı pul verilsə, yaşamaq şəraitləri yüksək olsa, hüquqi mexanizmlər lazımi səviyyədə işləsə, insanlar orduya niyə də getməsin?

Zamanı tələsdirmədən, modern dünyaya yetişmək üçün özümüzü tələsdirməliyik. Əks halda, zamanın bizdən bezib uzaqlaşacağını mütləq görəcəyik...
Müəllif : Cavid