Fazil Mustafa: "Qiymət artımına etiraz aksiyalarının bir nəticəsi olmayacaq" Siyasət

Fazil Mustafa: "Qiymət artımına etiraz aksiyalarının bir nəticəsi olmayacaq"

"Hökumət yüngülləşdirici tədbirlər düşünə bilər"
Azərbaycanda benzin və dizelin qiymətində son artımlar əhali tərəfindən narahatlıqla qarşılanmaqdadır. Ölkənin bəzi siyasi partiyaları da Tarif Şurasının qərarını birmənalı qarşılamırlar. Bir sıra müxalifət partiyalarının birləşdiyi Demokratik Qüvvələrin Milli Şurası isə qiymət artımına etiraz olaraq mitinq təyin edib. Parlament partiyası olan Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa isə etiraz aksiyalarının bir nəticə verməyəcəyi düşüncəsindədir. BQP başqanı "Ekspress"ə müsahibəsində əvvəlcə qiymət artımını pisləyib:

- Qiymət artımı hər halda xoş bir hadisə deyil. Bazar iqtisadiyyatı ilə bu mümkün haldır, amma əhalinin maaşlarını, pensiyalarını qaldırmadan buna gedilməsi vətəndaşların çox ağır vəziyyətə salınmasına xidmət edir. Ona görə biz buna etiraz edirik. Ola bilsin ki, iqtisadi mülahizələrlə bəlli bir müddətdən sonra bu qiymət artımına gedilməsi əsaslandırıla bilər. Amma vətəndaşa bu qədər sıxıntı verərək bunu etmək, məncə, yanlış bir siyasətin nəticəsidir. Biz də hər halda buna etiraz etməyə borcluyuq. Bunu Milli Məclisdə çıxışımızda da o formada diqqətə çatdırdıq. İndi də bu mövqeyin haqlı olduğu düşüncəsindəyəm.

- Parlamentdəki bəzi həmkarlarınız və hökumət nümayəndələri tez-tez belə bir fikir səsləndirirlər ki, əhalinin maaşı artırılsa, ölkədə ciddi inflyasiya baş verəcək. Sizcə, bunu söyləyənlər nə qədər haqlıdır?

- Bu əsaslı deyil. Təbii ki, inflyasiyanın artmasına gətirib çıxara bilər. Amma bu o demək deyil ki, vətəndaş ağır vəziyyətdə olmalıdır. Siz neft-qaz ölkəsi olan Türkmənistanın vəziyyəti ilə Azərbaycan insanlarının vəziyyətini müqayisə edin. Əhalinin müəyyən bir hissəsi aclıq həddindədir, yaşayış səviyyəsi aşağıdır. Ona görə də bu məsələ, məncə, inandırıcı deyil. Birinci növbədə Azərbaycan vətəndaşının taleyini düşünərək bu addımlar atılmalıdır, əhalinin maaş və pensiyası qaldırılmalıdır.

- Deputat həmkarınız Hadı Rəcəbli benzinin qiymətinin artmasını şəhərdə tıxacların qarşısını almaq məqsədilə əlaqələndirib. Sizcə, bu cür əsaslandırma nə qədər ciddidir?

- Hesab edirəm ki, qiymət artımının hansısa formada əsaslandırılması mümkündür. İqtisadi əsaslandırma da, təbii ki, diqqətə alınmalıdır. Amma faktiki olaraq indi nəzərdə tutulan qiymət artımı vətəndaşı hazırlıqsız haqlayıb. Bu da vətəndaşın maraqlarına demək olar ki, uyğun deyil. Bu məsələdə daha çox düşünmək lazımdır və vətəndaşın ən azı elementar minimum şərtlər altında yaşayışını düşünəndən sonra benzinin qiymətini qaldırmaq olar. Çünki bütün ərzaq məhsulları qalxacaq. Biz müəllimlərin, həkimlərin, az maaşlı insanların əksəriyyətinin nələr çəkəcəyini artıq təsəvvür edə bilərik.

- Milli Şura qiymət artımına etiraz olaraq mitinq keçirməyi planlaşdırıb. Bəs BQP bu məqsədlə aksiya keçirə bilərmi və ya Milli Şuranın mitinqinə qoşulmağınız mümkündürmü?

- Biz Milli Şura ilə heç bir əməkdaşlıq münasibətinə sahib deyilik. Bu, onların hüququdur və aksiya keçirə bilərlər. Amma qiymət artımı ilə bağlı bizim partiyanın bəyanatı var. Həm də Milli Məclisdə öz mövqeyimizi cəmiyyətə çatdırmışıq və buna əsaslandırılmış arqumentləri səsləndirmişik. Digər formalarda hökumətə bununla bağlı müraciətlərin göndərilməsi ilə məşğuluq ki, hökumət vətəndaşların vəziyyətini nəzərə alsın. Biz bu yolun təsir göstərəcəyi düşüncəsindəyik. Bilsək ki, mitinq yolu daha çox təsir göstərər, təbii ki, mitinqlərdə də iştirak edə bilərik. Amma indiki şəraitdə bunun nəticəli tərəfini görmürəm.

- Bəs etdiyiniz müraciətlərin və yaxud keçiriləcək mitinqlərin bir təsiri ola bilərmi ki, hökumət öz qərarına yenidən baxsın?

- Yox, inanmıram. Mitinqlərin nəticəsi olaraq hökumət buna baxmaz. Heç ümumiyyətlə, bizim çağırışlara belə baxmaz. Amma ən azı hər halda hökumət yüngülləşdirici tədbirlər düşünə bilər.

- Partiyanız ötən prezident seçkisində iştirak etmədi. Növbəti ildə ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Bilmək istərdik ki, BQP bələdiyyə seçkilərinə qatılacaq, yoxsa bu seçkiləri də bir növ boykot edəcəksiz?

- Yox, mütləq qatılacağıq. Prezident seçkisi bir az spesifikdir. Çünki prezident seçkisində fərdi fəaliyyətdən, bir fərdin addımlarından daha çox söhbət gedir. Reallığa görə biz baxdıq ki, indiki hakimiyyətlə indiki məqamda mübarizə aparmağımızın mənası yoxdur və bizim udma şansımız çox azdır. Ona görə də bu məsələ ilə bağlı iştirak etməmək qərarı verdik ki, təbliğatımızı başqa formada aparaq. Amma bələdiyyə seçkilərində də, parlament seçkilərində də aktiv iştirak edəcəyik.

- Bələdiyyədən söz düşmüşkən, Bakının bəzi rayonlarında Mənzil İstismar Sahələri ilə bərabər bələdiyyələr də mənzillərə vergi ödənişi üçün bildirişlər paylayırlar. Bunun bir hüququ əsası varmı? Bu məsələ ilə bağlı bildiyimə görə, parlamentə də vətəndaşlar tərəfindən etiraz məktubları daxil olur...

- MİS-lərin göndərdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Çünki qanunvericilikdə belə bir müəssisə yoxdur. Bələdiyyələr mövcuddur, amma bələdiyyələrin də əsaslı olmasına baxmaq lazımdır. Bələdiyyələr də ancaq vətəndaşdan nəsə ala bilir, amma dövlət orqanları qarşısında öz hüququnu müdafiə edə bilmir. Bələdiyyə torpaq vergisi ala bilər, amma xidməti kim göstərirsə, pul ona verilməlidir. MİS-lər isə konkret olaraq qanunvericilikdə ləğv olunub.

- Amma faktiki olaraq fəaliyyət göstərir. Üstəlik 2014-cü ilin büdcəsində kommunal təsərrüfat birliklərinə maliyyə vəsaiti nəzərdə tutulub...

- Bəli, bu var. Bu, qanuna ziddir. Bu, hüququn Azərbaycan modelidir.

Aqil ASLAN
Müəllif : Cavid