Mədəniyyət nümunəsi - STATUS Siyasət

Mədəniyyət nümunəsi - STATUS
Bu gün AFFA-da Azərbaycan Tələbə Futbol Assosiasiyasının toplantısına qatılmışdım. Vaxtilə mən də Bakı Dövlət Universitetinin futbol komandasının beş il dalbadal hücumçusu olduğumdan və tələbələrin bu sahədə aktivliyinin vacibliyini anladığımdan, göndərilən dəvəti qəbul etdim. Dəyərli dostumuz Fazil Qarayev bu qurumun prezidenti seçildi və əminəm ki, onun tələbə futbolunun qalxınması üçün uğurlu işlərinin hamımız şahidi olacağıq. Bu girişdən sonra əsas diqqətimi cəlb edən məsələyə toxunmaq istərdim.

İlk dəfə ayaq basdığım AFFA-nın yeni binasında Azərbaycan üçün alışmadığımız bir mədəniyyət nümunəsi ilə rastlaşdım. Giriş zalında AFFA-nın vaxtilə prezidenti olmuş Fuad Musayevin və Ramiz Mirzəyevin iri rəsmləri asılmış və rəsmlərin altında onlar haqqında biblioqrafik bilgilər yazılmışdı. Bu, həqiqətən də çox gözəl mədəni davranış nümunəsidir və bu təşəbbüsün müəllifi kimi deputat həmkarımız, AFFA prezidenti Rövnəq Abdullayevin alicənab davranışını təqdir edirəm. Bununla belə, əvvəllər də vurğuladığım bir mövzuya qısa olaraq yenidən toxunmaq istəyirəm.

İki il öncə Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası yerləşən zalda Akademiyanın keçmiş prezidentlərinin iri rəsmlərinin arasında keçmiş prezidentlərdən olmuş dəyərli elm adamı və ziyalı insan Eldar Salayevin rəsmini görməyəndə bunu bir mədəniyyətsizlik və səviyyəsizlik nümunəsi olaraq qeyd etmişdim. Asmırsan, kimsənin rəsmini asma, asırsansa, heç olmazsa tarixi təhrif etmə. Çox təəssüf ki, bu gün Milli Məclisdə də keçmiş sədrlərdən nə Elmira Qafarovanın, nə Yaqub Məmmədovun, nə İsa Qəmbərin, nə də Rəsul Quliyevin rəsminə rast gəlmirsən. Eks-prezidentlər haqqında qanun qəbul olunub, faktiki olaraq həm Ayaz Mütəllibovun, həm də Əbülfəz Elçibəyin bu statusu tanınıb, ancaq onların da hansısa bir rəsminə rast gəlmək mümkün deyil. Nazirliklərin də əksəriyyətində bu vəziyyətin eynisidir.

Əslində dövlətin əsas özəlliyi hüquq varisliyi ilə əlaqəlidir. Bu tarix üçün lazımdır. Azərbaycanı, onun paytaxtı Bakını işğaldan azad edən böyük qəhrəmanımız Nuri Paşanın heykəlini ucaltmağa can çəkənlər zooparkdan götürdükləri hər növ heyvanın heykəlləri ilə şəhəri bəzəyirlər. Bəlkə estetik olaraq buna normal yanaşmaq olar, ancaq kimsə unutmamalıdır ki, haqqı tapdalayanların haqqını mütləq tapdalayacaqlar...
Müəllif : Cavid