Müxalifətçi deputat kadr dəyişikliklərini alqışladı Siyasət

Müxalifətçi deputat kadr dəyişikliklərini alqışladı
“Azərbaycan hökuməti ilə bağlı bu dəyişiklik məndə ümidverici bir ab-hava yaratdı. İndiyə qədərki formal, hər kəsin yerində qaldığı, heç nəyin dəyişmədiyi bir görüntü cəmiyyət tərəfindən heç də xoş qarşılanmırdı. Prezidentin bu addımı təqdirəlayiq haldır”. Bunu AzVision.az-a millət vəkili Fazil Mustafa hakimiyyətin yeni kadr dəyişikliyinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, yeni təyin olunan kadrlar cəmiyyətdə çox ümidverici impulslar yaradıb: “Yeni təyin olunan müdafiə naziri kifayət qədər öz işinin peşəkarıdır. Ona görə də heesab edirəm ki, Zakir Həsənov kifayət qədər orduquruculuğuna fayda verə bilən insandır. Bu mənim kənardan müşahidələrimdir. Həmçinin bunu Heydər Əsədov haqqında da demək olar. Çox savadlı, işini bilən bir kadrdır. DSMF-nin keçmiş sədri Səlim Müslümov isə hakimiyyəti ən uğurlu kadrlarından biri sayıla bilər. O da öz sahəsində güclü mütəxəssisdir. İsmət Abbasov da çox dəyərli bir kadrdır. Onun baş nazirin müavini aparılması müsbət haldır. Əli Əhmədov haqqında isə onu deyə bilərəm ki, kifayət qədər geniş siyasi təcrübəsi olan bir insandır. Siyasətin içində olan birinə hökumətdə təmsilçilik verilməsi müsbət haldır. Bu o deməkdir ki, Azərbaycanda idarəetmənin icra başçıları və başqa modellərində bir düşüncə dəyişikliyi baş verir. Tanınmayan bir sektordan adamı gətirib təzə bir vəzifəyə qoyursansa, sonra onun öyrənməsi üçün bir neçə il lazım olur. YAP da olsa, heç olmasa onun tərkibində olan, partiya intizamı keçmiş və nəhayət, konkret partiya strukturundan olan bir şəxsin irəli çəkilməsi çox yaxşı haldır. Və hesab edirəm ki, bununla da ümidverici impulslar cəmiyyətə verildi”.
Müəllif : Cavid