29 dekabr - müstəqilliyimizin bərpası günüdür! Siyasət, Slider

29 dekabr - müstəqilliyimizin bərpası günüdür!

Fazil MUSTAFA
Müstəqillik hər bir xalqa nəsib olmayan nemətdir. İllərlə, əsrlərlə savaş aparan, bu yolda yüzlərlə dəyərli övladını itirən xalqların heç də hamısına bu nəsib olmur. Hər bir azərbaycanlı özünü bir anlığa çeçenlərin, Dağıstan xalqlarının, Krım tatarlarının, Kazan tatarlarının, başqırdların mücahid övladlarının yerinə qoysun. Həmzətdən, Şamildən üzü bəri davam edən azadlıq mübarizəsində milyonlarla şəhid verən bu xalqlar zor-güclə əllərində muxtar respublika səviyyəsində anlamsız və Rusiyadan asılı bir qurumla kifayətlənməli olublar.

Orta Asiyada Basmaçlar hərəkatının tarixi ilə tanış olanlar gözəl bilirlər ki, müstəqillik yolunda bu türk topluluqları nə qədər şəhidlər veriblər. Sadəcə, Sovet rejimi onları qırıb başa çata bilmədiyinə görə məcburiyyətdən öz tərkibində onların müttəfiq respublika statusunu saxladı. Azərbaycan xalqı bu mənada dünyanın ən şanslı xalqlarından biri sayıla bilər. Ona görə də müstəqilliyini qazanan xalqlardan daha çox, bu neməti hər zaman şükranlıqla qiymətləndirən xalqlar daha böyük uğurlar əldə edə bilirlər. Hərçənd ki, şükranlıq mövzusunda burada Nuru Paşanın haqqına münasibətdən başlamış bir çox məqamlara qədər bolluca iradlar səsləndirə bilsəm də, düşündüyüm hədəfdən yayınmamaq üçün mövzudan yayınmaq istəmirəm.

18 oktyabr tariximizin ən şərəfli səhifələrindən biridir və bu gündə qazandığımız müstəqillik nemətini qorumaq üçün hamımız fədakarlıq göstərməyi bacarmalıyıq. Bununla belə, bir sıra məsələlərin ümumi dəyərlər kontekstində anlaşılması üçün ciddi müzakirələrə ehtiyac var. Onsuz da biz faydalı tarix, faydalı din, faydalı müasir dəyərlər mövzusunda ziddiyyətli anlayışlara sahib olduğumuzdan, ortaq məxrəc barədə düşünməyimizin indilik bir mənası qalmır. Ancaq elə məsələlər var ki, orada ideoloji baxış sərtliyi tələb olunmur və normal məntiqi izahla hansısa uzlaşmaya varmamız mümkündür.

Heç şübhəsiz ki, Azərbaycanın dövlət müstəqilliyinin bir tarixi var. Bu da 1918-ci ilin 28 may tarixidir. Burada məncə kimsənin alternativ fikir söyləməsinə yer qalmır. O dönəmin müstəqilliyimiz qədər şərəfli olan bir tarixi də 15 sentyabr - Bakının işğaldan azad olunması günüdür. Nuru Paşanın komutanlığında Qafqaz İslam Ordusu Azərbaycan insanının həyatda qalması və dövlət qurması üçün əvəzsiz bir xidmət göstərdi. SSRİ dağılan ərəfədə isə hər şey məhz 28 May tarixinə, 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə indekslənmişdi. Müstəqilliyin qazanılması üçün müttəfiq respublika statusu yetərli olduğu halda, başqa sovet respublikalarında olduğu kimi, Azərbaycan siyasi elitası da haqlı olaraq tarixi istinad nöqtəsindən imtina etmədi və varislik prinsipi ilə dövlət müstəqilliyini bərpa etdi.

Bilindiyi kimi, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Bəyannamə qəbul etdi. Bu Bəyannamənin ardınca həmin ilin oktyabrın 18-də Ali Sovetin Milli Şurası “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. 1991-ci ilin dekabrın 29-da isə həmin sənəd ümumxalq səsverməsi (referendum) yolu ilə təsdiqləndi. Bir il ərzində bu üç eyni məzmunlu qərarın qəbul olunması SSRİ-dən çıxma mexanizmlərinin prosedurları ilə bağlı o dövrün müttəfiq respublikalarında gedən hüquqi axtarışlardan irəli gəlirdi.

Xatırlayıram ki, ötən aylarda Mediaforum.az saytında mövzu ilə əlaqədar maraqlı müzakirə də açmışdılar. Bu tarixlərdən hansını biz əsas götürməliyik? Bilindiyi kimi, keçmiş SSRİ-nin tərkibindən çıxmış Moldova, Ukrayna, Özbəkistan, Qırğızıstan kimi dövlətlərdə müstəqillik günü kimi məhz avqustun sonlarında qəbul olunan 30 avqust Bəyannaməsi ilə eyni məzmunda olan sənədlər əsas götürülərək müstəqillik bayramı keçirilir. Bizdə isə dövlət müstəqilliyin bərpası günü olaraq 18 oktyabr rəsmi bayram olaraq qeyd olunur. Doğrudur, son illərdə bu bayramı bir az arxa planda saxlamaq üçün istirahət günləri kateqoriyasından çıxartdılar, ancaq bütün hallarda rəsmi bayram statusunu saxlamış oldu.

İndi haqlı olaraq sual qoyulur ki, dövlət müstəqilliyi hansı gün qeyd olunmalıdır: Bəyannamənin qəbul olunduğu 30 avqust, “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 18 oktyabr, yoxsa həmin sənədin ümumxalq səsverməsi (referendum) yolu ilə təsdiqləndiyi 29 dekabr günü?

O dövrün iki tarixi hadisəsini də xatırlatmaq da yerində olardı: 1989-cu il sentyabrın 7-də Xalq Cəbhəsinin təşəbbüsü və təzyiqi ilə Ali Sovetdə Azərbaycanın suverenliyi barədə qanun qəbul edilmişdi. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanmasına dair saxta referendum keçirilmişdi. Məhz ona görə 1991-ci il dekabrın 29-da 18 oktyabr Müstəqillik Aktının təsdiqi üçün ümumxalq referendumu keçirildi ki, 17 mart referendumuna əsaslanaraq 18 oktyabr tarixli Müstəqillik Aktını şübhə altına kimlərsə ala bilməsin. Necə deyərlər, ali hüquqi akta - referenduma qarşı başqa bir referendum qoyuldu. Fikrimcə, bizlər müzakirəyə də buradan başlamalıyıq. Əgər cüzi ehtimal da olsa, 29 dekabrda referendum yolu ilə 18 oktyabr Müstəqillik aktı təsdiqlənməsəydi, o zaman nə baş verirdi? Bu səbəbdən sırf hüquqi baxımdan Azərbaycanın dövlət müstəqilliyi günü 29 dekabrda qeyd olunmalıdır.

Dövlətin ali qanunverici orqanı müstəqillik haqqında Bəyannamə də, Konstitusiya Aktı da qəbul bilər, ancaq bu sənədlərdən sonra məhz təsdiq üçün referendum keçirilmişsə, o zaman ümumxalq səsverməsində qəbul olunan qərar ən yüksək hüquqi qüvvəyə malik olaraq tanınmalıdır. Fikrimcə, ümumxalq səsverməsi ən yüksək qərar məqamı olaraq götürülməli, dövlət müstəqilliyi günü bu tarixə aid olunmalıdır.

Demək ki, Azərbaycanın dövlət müstəqilliyi günü 28 May haqlı olaraq tanınmaqda, Azərbaycanın Dövlət müstəqilliyinin bərpası gününün isə 29 Dekabr olaraq rəsmi bayram statusu alması daha məntiqli və hüquqa uyğun olardı.

Bütün hallarda müstəqil Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyan hər kəsi hər dörd gündə təbrik etmək mənəvi borcumuz sayılmalıdır...
Müəllif : Cavid