Müəllim kimdir? - STATUS Siyasət

Müəllim kimdir? - STATUS
Bir dəfə məclislərin birində tanışlardan biri müəllimdən söz düşmüşkən söylədi ki, deyəsən, filankəs də sənin müəllimin olub. Sakitcə cavab verdim ki, xeyr! Hamının yanında təəccüblə israr etdi ki, "ola bilməz axı, mən dəqiq bilirəm ki, o, sənin müəllimin olub". Cavab verdim ki, söylədiyin insan mənə dərs deyib, amma müəllimim olmayıb.

Ömür yolunda insana faydalandığı bir şeylər öyrədən hər kəs müəllim ola bilər. Məsələn, Xudu Məmmədov, Əbülfəz Elçibəy mənə dərs deməyib, ancaq müəllim deyəndə dərhal onları xatırlayıram. Naxçıvan şəhəri 7 saylı orta məktəbin 1 V sinfində əlifbanı mənə öyrədən dəyərli müəlliməm Məsmə Hacıyevanı şükranlıqla anıram. Pionerlər evində dünyagörüşümün formalaşmasında böyük rolu olan Asif Kələntərlini rəhmətlə xatırlayıram.

Ömür yolumda bilgi və dünyagörüşü qazanmağımda az-çox rolu olan adını çəkmədiyim hər kəsə minnətdarlıq bildirməyi özümə borc bilirəm. Əsas odur ki, dünyasını dəyişənlər də, yaşayanlar da üzərimizdəki haqlarını halal etsinlər!
Müəllif : Cavid