Hakimiyyətin Rəsulzadə və Nuru Paşa qısqanclığı » Fazil Mustafa

Hakimiyyətin Rəsulzadə və Nuru Paşa qısqanclığı Siyasət

Hakimiyyətin Rəsulzadə və Nuru Paşa qısqanclığı

Fazil Mustafa: “Əgər prezident Topçubaşovla bağlı sərəncam verirsə, demək, qısqanclıq yoxdur”

Dilavər Əzimli: “İqtidardakı bəzi dairələr bu insanların böyüklüyünü qəbul etmək istəmir”
Onların haqqında geniş təqdimata ehtiyac yox, hər ikisi türk və hər ikisi Azərbaycan uğrunda, türkçülük uğrunda çarpışan tarixi şəxsiyyətdir. Fəqət, bu tarixi şəxsiyyətlərə Azərbaycanın indiki hakimiyyəti həmişə ögey münasibət sərgiləyib.
Onlardan biri - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan, bütün həyatını dünyalarca sevdiyi Azərbaycana xərcləmiş, azadlıq, müstəqillik uğrunda çarpışmış Məhəmməd Əmin Rəsulzadə, digəri cümhuriyyətin de-fakto bərqərar edilməsində, Bakının erməni-bolşevik işğalından azad olunmasında misilsiz xidmətləri olmuş Nuru Paşadır.

İllər öncə Rəsulzadənin adı Bakı Dövlət Universitetindən, şəkli milli pul vahidi üzərindən götürüldü, paytaxtda, bölgələrdə büstləri yığışdırıldı. Bir daha sübut olundu ki, iqtidar Rəsulzadə adını qəbul etmək istəmir. Eyni sözləri Nuru Paşa haqda demək olar. Bəs bu soyuqluğun nədəni nədir?

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın sözlərinə görə, hakimiyyətin belə bir addım atması daha çox məsuliyyətsizlikdən irəli gəlir: “Hakimiyyət bir çox hallarda bu məsələdə nə edəcəyini doğru təyin edə bilmir. Bu sahəyə baxan insanların məsuliyyətsizliyi də burada öz sözünü deyir. Çünki Əlimərdan bəy Topçubaşovla bağlı prezident sərəncam verib. Məmurlar normal qaydada təqdim etsələr, mən inanıram ki, prezident Məhəmməd Əmin Rəsulzadə, Nuru Paşa və bu kimi tarixi şəxsiyyətlər haqqında da sərəncamlar verər. Prezident tarixçi deyil ki, bütün bu məsələləri araşdırsın. Ancaq tarixçi alimlər Nuru Paşa haqqında elə bir rəy formalaşdırıblar ki, sanki İrəvanı o verib, Azərbaycanın müstəqilliyinə o qəsd edib. Əgər prezident Topçubaşovla bağlı sərəncam verirsə, deməli, burada qısqanclıq yoxdur. Ancaq ümumən hakimiyyətdə belə yanaşmalar var ki, bu da yanlış bir düşüncədən irəli gəlir. Əgər bu gün tarixi şəxsiyyətlərə normal münasibət bəslənməyəcəksə, gələcəyə yönəlik məsələlərdə də müəyyən çətinliklər ortaya çıxacaq ki, bu da gələcəkdə indiki hakimiyyətin özünə də tətbiq olunacaq”.

Tarixçi alim Dilavər Əzimli isə hakimiyyətdə istər Rəsulzadə, istərsə də Nuru Paşa haqqında bilgilərin az olması fikrini qəbul etmir: “Çünki son illər bu haqda kifayət qədər informasiyalar verilir. Cəmiyyət çox gözəl bilir ki, Bakının azad edilməsində Nuru Paşanın əvəzsiz xidmətləri olub. Məhəmməd Əmin Rəsulzadəni isə təqdim etməyə ehtiyac yoxdur. Mən hesab edirəm ki, burada müəyyən mənada qısqanclıq mövcuddur. Əgər XX əsr tarixi dövrü nəzərdən keçirsək görərik ki, bu əsrdə Rəsulzadə çəkisinə bərabər ikinci bir tarixi şəxsiyyət yoxdur. Bu da hakimiyyətdə təmsil olunan müxtəlif qruplar tərəfindən qısqanclıqla qarşılanır. Hakimiyyətdəki bəzi dairələr Məhəmməd Əmin Rəsulzadə və Nuru Paşa adının böyüklüyünü qəbul etmək istəmirlər. Səbəb də həmin insanların şüur səviyyəsinin aşağı olması ilə bağlıdır. Onlar əgər qəbul etsələr ki, Azərbaycan tarixində Rəsulzadə ən böyük ictimai-siyasi xadimdir, o zaman digər siyasətçilər Rəsulzadənin kölgəsində qalır. Bunu da həmin dairələr qəbul etmək istəmirlər. Ancaq yadda saxlamaq lazımdır ki, Rəsulzadə bir insandır. Sən də ona insan kimi baxmalısan. O insan ki, bütün varlığını, həyatını, varidatını bu xalqın yolunda qoyub. Ancaq bütün bunlara baxmayaraq, həmin o ”siyasətçilər" Məhəmməd Əmin Rəsulzadəni kölgədə qoymağa çalışırlar. Mən o insanlara məsləhət görərdim ki, bu yoldan əl çəksinlər. Hakimiyyətdəki bəzi dairələr qəbul etsə də, etməsə də bu bir tarixi həqiqətdir ki, həm Məhəmməd Əmin Rəsulzadə, həm Nuru Paşa və bu kimi tarixi şəxsiyyətlərimiz bu xalqın qızıl sərvətləridir. Onlar nə qədər çalışsa da bu qızılın qiymətini aşağı sala bilməyəcəklər “.

"Yeni Müsavat" qəzeti, 17.09.2013
Müəllif : Cavid