Azərbaycan sevdalı Nuru Paşa Siyasət, Slider

Azərbaycan sevdalı Nuru Paşa

Fazil Mustafa: “Bu böyük türk sərkərdəsinə abidə ucaldılmalıdır”
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 1889-cu ildə İstanbulda hərbiçi Əhməd Tofiqin ailəsində dünyaya göz açıb. 1934-cü ildə Türkiyədə soyadları haqqında qanun qəbul ediləndə Xəlil, Ənvər və Nuru Paşa və yaxın qohumları özlərinə "Güloğlular” soyadı götürüblər. Bu soyad onun əcdadının doğulduğu "Kili” adı ilə bağlı olub.

Nuru Paşanın ulu əcdadı Krım türklərindəndir. Nuru Paşa 1906-cı ildə quru qoşunları hərbi məktəbinə daxil olub. 1909-cu ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirərək 3-cü Ordu komandanlığında zabit kimi xidmətə başlayıb. 1910-cu ilin yanvarından padşaha məxsus piyada bölüyünə keçirilib. 1911-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra yüzbaşı, minbaşı və yarbay rütbələri alıb. 1914-cü ilin iyulunda Türkiyənin Vyana səfirliyinin attaşeliyinə, həmin ilin avqustundan isə hərbi attaşeyə yavər təyin edilib. Birinci Dünya müharibəsi illərində Nuru Paşa Şimali Afrika cəbhəsinə göndərilib. O, Liviya ərazisində cəbhə komandanı kimi Türkiyəyə və onun müttəfiqlərinə qarşı cəbhə yaradan qüvvələrlə döyüşlərə rəhbərlik edib. Cəbhədə göstərdiyi şücaətə görə Nuru Paşa 1916-cı ildə "Altun ləyaqət” ordeninə, Almaniyanın "Dəmir xaç” ordeninə, habelə Avstriya-Macarıstan dövlətinin 3-cü dərəcəli fərqlənmə nişanına, Türkiyənin "Altun-İmtiyaz” medalına layiq görülüb, padşahın qərarı ilə 1918-ci ilin martında ona vaxtından əvvəl hərbi rütbə verilib. Trablis Qərb cəbhəsində İtaliya qoşunlarına qarşı döyüşlərdə göstərdiyi qəhrəmanlıq və sərkərdəlik qabiliyyətinə görə tarixi ədəbiyyatda "Trablis qəhrəmanı” kimi şöhrətləndirilib.

1918-ci ilin martında Osmanlı Türkiyəsi Azərbaycanı və Dağıstanı xilas etmək üçün qərargah yaradanda, Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə 29 yaşlı, lakin böyük döyüş təcrübəsi olan, cəsur sərkərdə kimi tanınan Nuru Paşa təyin olundu. Ona padşah tərəfindən növbədənkənar general-mayor rütbəsi verildi. Həmin dönəmdə Türkiyənin müdafiə naziri Ənvər Paşa idi. Nuru Paşa bir hərbçi kimi uğurunu Azərbaycanda əldə etdi. Burada qazandığı qələbələrlə təkcə Osmanlı dövlətinin deyil, Azərbaycanın da hərbi tarixinə və ümumən Türkiyə-Azərbaycan tarixinə parlaq səhifələr yazdı. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu hərbi əməliyyatlarda 1130 şəhid verdi.

1918-ci il mayın 28-də Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edib. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. Həmin ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırım həyata keçirən, üç gün ərzində 30 min azərbaycanlını qətlə yetirən daşnak-bolşevik qüvvələri Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti Azərbaycanla 1918-ci ilin 4 iyununda bağladığı "Dostluq və əməkdaşlıq müqaviləsi”nə əsasən, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərir. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirib.

Göyçay ətrafındakı ilk döyüş daşnak-bolşevik hərbi birləşmələrinin məğlubiyyəti ilə başa çatır və Bakıya yol açılır. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Korpusu və çoxsaylı azərbaycanlı könüllü Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edir. Bakının işğaldan azad edilməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev bu ordunun şərəfinə təntənəli ziyafət təşkil edir. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilir. Hacı Zeynalabdin Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edir. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülür. Bununla da erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara və özbaşınalığa son qoyulur.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətinin əsas mahiyyəti Cənubi Qafqazda Azərbaycan türkünün varlığına son qoymaq və "Böyük Ermənistan” xülyasını həyata keçirmək idi. Ancaq bu plan baş tutmadı. Bir sözlə, Nuru Paşa Azərbaycana gələrək Qafqaz İslam Ordusunun yaradılmasında və təşkilatlanmasında, Azərbaycana türk qüvvələrinin vaxtında gətirilməsində, nəhayət, Azərbaycanın düşmənlərdən təmizlənməsində böyük rol oynadı. Bakının azad olunması ilə əlaqədar Osmanlı Türkiyəsinin hərbi naziri Ənvər Paşanın Xəlil Paşa və Nuru Paşaya göndərdiyi təbrik teleqramında deyilirdi: "Türk və İslam tarixi bu xidmətləri unutmayacaq. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edirəm”.

Bakı şəhəri azad edildikdən sonra, oktyabrın əvvəlində Qafqaz İslam Ordusu hissələri Qarabağa göndərilərək Qarabağın erməni daşnaklarından təmizlənməsi əməliyyatına başladı. Uğurlu döyüşlərlə türk-azəri qoşunları Şuşaya daxil olaraq şəhərdə Azərbaycan bayrağını qaldırdı. Amma Türkiyənin Birinci Dünya müharibəsində uduzması Nuru Paşanın əməliyyatları davam etdirməsini əngəllədi. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros barışığından sonra Osmanlı qüvvələri Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Həmin dönəmdə İstanbula yiyələnən ingilislər Nuru Paşanı həbs edib Batumiyə gətirirlər. İngilislər onu Bakı yürüşündə "minlərlə erməninin öldürülməsində” suçlayırlar. Heç bir güzəştə gedilmədən paşanın edamına hökm verilir.

Xəbər Bakıya çatdıqda, Azərbaycan hökuməti paşanın həbsdən azad edilməsi yollarını axtarmağa başlayır. Baş nazir Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyxzamanova "Nağı, Nurunu Batumda tutublar” deməklə, onun qarşısına paşanı xilas etmək vəzifəsini qoyur. 1919-cu ilin martında azərbaycanlılardan ibarət xüsusi hazırlanmış silahlı dəstə Batumidə həbsxanaya basqın edərək qurbanlar bahasına da olsa, paşanı oradan qaçırmağa nail olur. Bununla da azərbaycanlı əsgər və zabitlər Nuru Paşanın Azərbaycan dövlətçiliyinin azad olunması istiqamətində göstərdiyi xidmətlərin kiçik bir qismini əvəzləmiş olublar. Nuru Paşa 1920-ci il aprel çevrilişindən sonra da gizli olaraq bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib, bolşeviklərə qarşı döyüşlər aparıb, Aran Qarabağ və Zaqatala bölgələrində xalqı bolşeviklərə qarşı üsyana qaldırıb. Sonra bir Azərbaycan süvari alayı və bir batareya ilə Türkiyəyə dönən Nuru Paşa Ərzuruma gələrək Naxçıvan dəstəsinə qoşulub və azadlıq mücadiləsində iştirak edib. O, 1920-ci ilin iyununda Qarabağda bolşevik idarəsini devirərək, irəliləyən Qırmızı Orduya və erməni qüvvələrinə ağır zərbələr vurur.

Əlbəttə, bu döyüşlər qurbansız başa gəlmədi. Türkiyədən göndərilən hərbi hissələrdə 10 min nəfərə yaxın əsgər və zabit olmuş, Azərbaycanın azadlığı uğrundakı döyüşlərdə onlardan min nəfərə yaxını canını fəda etmişdi. Bu qurbanlardan biri də İzzət bəy adlı bir türk əsgəri idi ki, Şamaxı yaxınlarındakı Acıdərədəki məzarda uyuyur. O gündən bu günə qəbirin adı "Türk məzarı” olaraq xatırlanır.

1923-cü ildə təqaüdə çıxan Nuru Paşa İstanbul ətrafında dəmirtökmə fabriki açır. İkinci Dünya müharibəsi illərində bu fabrik hərbi sifarişlə qumbara, minaatan və s. silahlar istehsal edirdi. 1949-cu il martın 2-də Nuru Paşa bu fabrikdə baş vermiş partlayış nəticəsində həlak olur və İstanbulda dəfn edilir.

Nuru Paşanın Azərbaycanda olduğu zaman göstərdiyi igidlik, şücaət, türk ellərinə sədaqət və məhəbbət onu bir xilaskar, yenilməz türk oğlu, türk ordusunun cəsur sərkərdəsi kimi tanıtdı. 1918-ci ilin noyabrında hərbi məktəbin ilk buraxılışında Azərbaycan xalq təhsili naziri Nəsib bəy Yusifbəyov çıxış edərək, bu təntənədə iştirak edən Nuru Paşanın atası Hacı Əhməd Paşaya demişdi: "Zatı-aliləri, sizin şanlı oğullarınız Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır”.

Təəssüf ki, Azərbaycan üçün böyük şücaətlər göstərmiş, nəinki Bakının, hətta Azərbaycan dövlətçiliyinin qorunması uğrunda məharətlə döyüşən Nuru Paşaya ölkənin daha möhtəşəm yerlərində, xalqın daha çox toplandığı ərazilərdə heykəllərin ucaldılması, 15 sentyabrın Azərbaycanda tarixi gün kimi qeyd olunması, bəzi küçə və prospektlərə Nuru Paşanın adının verilməsi məsələsi hələ ki, həllini tapmayıb. Bütöv türk dünyasında tarixi şəxsiyyət kimi dəyərləndirilən Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi üçün yuxarıda göstərdiyimiz məsələlər zaman-zaman gündəmə gətirilsə də, hələ ki, bir nəticə yoxdur. Azərbaycanın, xüsusən də paytaxt Bakının Şaumyanın başçılıq etdiyi bolşevik-daşnak hökumətindən xilas olmasında misilsiz xidmətlər göstərən türk generalı Nuru Paşanın xatirəsi hələ də ölkəmizdə əbədiləşməyib. Bu isə Azərbaycan maraqlarından çıxış edən bir çox vətənpərvər insanların narazılığına səbəb olub.

Nuru Paşanın Azərbaycan üçün misilsiz xidmətlərindən danışan Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Nuru Paşanın Azərbaycanın qəhrəmanı olduğunu qeyd edib: "1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını və bir sıra rayonlarımızı erməni-bolşevik işğalından azad edib. O, Azərbaycanı azərbaycanlılardan çox sevən biri olub. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları deyəndə, yalnız Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının adını çəkmək doğru deyil. Cümhuriyyətin əsas qurucusu həm də Nuru Paşa və onun əsgərləridir. Nuru Paşa olmasaydı, hazırda Gəncə, Bakı Azərbaycanda deyildi. Onun qiymətini nə Türkiyədə, nə də Azərbaycanda layiqincə veriblər”.

Millət vəkili Nuru Paşanın haqqının tanınması və xatirəsinin əbədiləşməsi üçün dövlət başçısına müraciət etdiyini də bildirib: "Müraciətdə 15 sentyabr - Bakının işğaldan azad edilməsi tarixinin rəsmi bayram günü olaraq qeyd olunması, paytaxtın Binəqədi rayonu ərazisində prezidentin sərəncamı ilə inşası nəzərdə tutulan məscid kompleksinə, hərbi məktəblərdən birinə, Azərbaycanın bütün şəhərlərində küçə, prospekt, park və meydanlardan birinə Nuru Paşanın adının verilməsi, ali hərbi təhsil müəssisələrində əlaçı kursantlara Nuru Paşa təqaüdünün verilməsi, Nuru Paşanın qəhrəmanlığı və Qafqaz İslam Ordusunun Azərbaycanı xilası barədə faktların bütün orta və ali təhsil müəssisələrində tədris olunan tarix və ədəbiyyat dərsliklərinə salınması, əhatəli şəkildə şagirdlərə və tələbələrə çatdırılması təklifi ilə çıxış etmişəm”.

F.Mustafa Nuru Paşa ilə bağlı mətbuata çağırış etdiyini də söyləyib: "Çağırışda cəmiyyət olaraq, millət olaraq öz qəhrəmanımıza sahib çıxmaq iradəsini davam etdirməyi tövsiyə etdim. Bütün media quruluşlarına, sayt rəhbərlərinə, səlahiyyəti olan və ya olmayan qələm əhlinə, sosial şəbəkədə aktiv olan insanlara, hətta bizə xoş münasibəti olmayan iqtidarlı, müxalifətli bütün vətəndaşlara müraciət etdim ki, gəlin may ayının 20-28-i tarixlərini bütün Azərbaycanda "Nuru Paşa Həftəsi” kimi qeyd edək. Bu həftə müddətində Milli Qəhrəmanımızla, eləcə də Qafqaz İslam Ordusunun qəhrəmanlığı ilə bağlı maraqlı nə varsa, dərc edək, paylaşaq, müzakirələr açaq, çəkilmiş filmlərin bütün mümkün elektron informasiya vasitələrində nümayişini gerçəkləşdirək, tarixi fotoları və rəsm əsərlərini səhifələrimizdə yerləşdirək, orta və ali məktəblərdə müəllimlər könüllü şəkildə dərs saatlarında tarixin bu dövrünü doğru-dürüst övladlarımıza çatdırsın. Öncə bu yazılara görə xüsusi mükafat təsis etmək düşünülsə də, sonra bir səbəbdən bunu gerçəkləşdirmək istəmədik. Nuru Paşa öz əsgərləri ilə millətimizi və vətənimizi təmənnasız xilas edib, bizim də onun ruhu qarşısında borcumuzu yerinə yetirməmiz təmənnasız olmalıdır. Məhz buna görə də "Nuru Paşanı tanıyaq və halallıq alaq” kampaniyasını başlatmışam. İnanıram ki, bu kampaniya bir hərəkat olaraq uzun zaman davam edəcək. Nuru Paşa obrazını içində yaşadan Azərbaycan gənci bu ölkəni düşməndən təmizləməyin yolunu mütləq tapacaq. Ən çıxılmaz durumda belə, bu nümunə insanımıza fərqli bir duyğu aşılayacaq”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov qeyd edib ki, Nuru Paşanın fəaliyyəti o qədər genişdir ki, Gəncədə, Göyçayda, ümumiyyətlə, keçdiyi hər yerdə ona heykəl qoyula bilər: "Bundan öncə cəmiyyətimizdə belə fikir yayılmışdı ki, Nuru Paşaya "Qurd Qapısı”nda heykəl qoyulsun. Hətta orada imkanlar da var. Belə fikirlər səsləndirilirdi ki, bu, ancaq heykəllə bitməsin, bir kompleks yaradılsın. Hesab edirəm ki, Nuru Paşaya həqiqətən bir minnətdarlıq olmalıdır. Bakının azad olunmasında, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Nuru Paşanın çox böyük xidməti olub. Buna görə də bu böyük şəxsiyyətə ölkənin möhtəşəm yerlərində abidə ucaldılmalıdır”.

Azərbaycanda Nuru Paşanın xatirəsinin əbədiləşməsi üçün abidələrin ucaldılmasının tərəfdarı olan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə bildirib ki, onun abidəsini qoymaqla bu insana olan vəfa borcumuzu yerinə yetirmiş olarıq: "Düşünürəm ki, Nuru Paşanın abidəsi Bakıda ya "Sahil” bağında, ya da Şəhidlər Xiyabanında qoyulmalıdır. Çünki orada türk əsgərləri uyuyur. Minlərlə azərbaycanlını genosiddən xilas edən Nuru Paşaya, indiki müstəqillik dövründə ölümündən sonra "Milli Qəhrəman” fəxri adı verilməlidir. Məgər biz bir millət, iki dövlət deyilik?!”

“Şərq” qəzeti, 15.09.2013
Müəllif : Cavid