Fazil Mustafa: “Üzr istəməklə işıq problemini bitmiş hesab etmək olmaz” » Fazil Mustafa

Fazil Mustafa: “Üzr istəməklə işıq problemini bitmiş hesab etmək olmaz” Müsahibələr, Slider

Fazil Mustafa: “Üzr istəməklə işıq problemini bitmiş hesab etmək olmaz”
Teleqraf.com Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə müsahibəni təqdim edir.

- Fazil bəy, Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasında baş verən qəzadan artıq bir neçə gün keçib. Prezidentin keçirdiyi müşavirə zamanı hadisənin ilkin səbəbləri açıqlanıb. Baş verən hadisəni necə qiymətləndirirsiniz?

- Bu gözlənilən hadisə deyil. Aydın olur ki, bu sahəyə cavabdeh olan şəxslər həm Azərbaycan prezidentini, həm də cəmiyyəti aldadıblar. Belə bir illüziya yaranıb ki, sanki Mingəçevirdən savayı digər ərazilərdə açılan onlarla enerji sektoru üçün vacib olan müəssisələrin əksəriyyəti bu yükü daşımağa qadir deyilmiş. Dəfələrlə bu cür açılışlarda iştirak edən, bu sahəyə dəfələrlə vəsait ayıran ölkə prezidentinin etimadından sui-istifadə ediblər. Baş verən hadisənin ölkə iqtisadiyyatına, ölkənin imicinə vurduğu ziyanın masştabı o dərəcədə böyükdür ki, bunu gizlətmək mümkün deyil. Bu hadisə həm də başqa sahələrdə nöqsanları üzə çıxardı. Müharibə aparan dövlətdə baş verən adi qəza səbəbindən metro dayana, xəstəxanalarda yüzlərlə xəstə ölüm riski ilə üz-üzə qala bilərmiş. Çünki elektrik qəfil kəsildi, generator tədarükü görülməmişdi. Bir sıra sahələrdə vəziyyətin necə olduğu üzə çıxdı.

İkinci, məncə, bu sahədə mütəxəssis çatışmazlığı ortaya çıxdı. Bu sahədə olan kadrların xeyli hissəsi zamanında işdən kənarlaşdırılıb, yetişdirilən kadrlar isə azdır. Təsəvvür edin ki, bir Mingəçevir hadisəsi milli təhlükəsizlik üçün böyük problemə çevrilə bilər. Biz müharibə aparan dövlətik və alternativlərimiz olmalıdır. Bir şəbəkəmiz sıradan çıxanda 10 belə şəbəkəmiz olmalıdır ki, digər infrastrukturların sıradan çıxmaması üçün onlar fəaliyyətini davam etdirsin. Odur ki, bu hadisədən ciddi ibrət dərsi çıxarılmalı, nöqsanların aradan qaldırılması üçün sərt addımlar atılmalıdır.

- Mingəçevirdə baş verən məlum hadisə və ya qəza ilə bağlı Prezident İlham Əliyevin də sərt mövqeyi oldu. Prezidentin hadisə ilə bağlı fikirlərinə münasibətiniz necədir?

- Azərbaycan prezidenti hadisə baş verəndən sonra prosesi nəzarətə götürüb, bu işlə şəxsən özü məşğul olub. Hesab edirəm ki, müşavirə zamanı prezident baş verənləri dolğun ifadə etdi. Diqqət etdinizsə, prezident əsəbi və gərgin idi. Çünki onun yerində olanda düşünürsən ki, nə qədər vəsait istəyiblər, bu sahəyə ayrılıb. Nə qədər imkan istəyiblər, yaradılıb. Yaxşı, sən istədiyini prezident verir, lazım olan şəraitdən 10 qat artığını yaradır, bəs, bunun qarşılığında sən neynirsən? Heç olmasa, ayrılan vəsaitin 80 faizini bu sektora xərcləyin, Prezidentin tapşırıqlarını icra edin. Müəyyən məsələlərin həlli istiqamətində atılan addımları layiqincə icra etməyiblər. Xaricdən alınan transformatorlar və ya texniki vasitələrin qiymətləri bəlkə də dəfələrlə şişirdilib. Araşdırılsa, bəlkə də köhnə texnikanın yeni texnika adı ilə alındığı müəyyən edilər. Enerji sektorunda alternativ imkanların olmaması dəhşətli hadisədir. İllədir ki, bərpa olunan enerji sahəsinə vəsaitlər ayrılır. Hanı küçə işıqları? Lazımı səviyyədə yanırmı? Ancaq dövlətə və vətəndaşa lazımı məqamda ortaya heç nə qoyulmur. Baxmayaraq ki, təbiət bizə bərpa olunan enerji ilə bir çox sahələri həyatda saxlaya bilmək möcüzəsi verib. Ancaq bunu edə bilmirik. Lakin dövlət tərəfindən bu sahəyə vəsait ayrılır. Mingəçevir təkcə elektrik stansiyası deyil ki. Mingəçevirin qum və çınqılıni o dərəcədə vəhşicəsinə istismar ediblər ki, şəhərin altı çöküb. Göyçayda körpü niyə uçdu? Hamısı oradakı karxanaların hesabına oldu. Təbiəti bu qədər vəhşicəsinə istismar etmək olarmı? Biz bir gün qaranlıqda qala bilərik. Amma bu eyni zamanda erməni qarşısında aciz qalmaq deməkdir. Hesab edirəm ki, bu sektorda dəyişikliklər olacaq. Müşavirə zamanı prezidentin çıxışı və hadisələrə verdiyi qiymət göstərdi ki, dövlət başçısı proseslərdən məlumatlıdır. Hesab edirəm ki, ciddi dəyişikliklər olacaq.

- Prezident müşavirədə tapşırıq verdi ki, baş verənlər ciddi araşdırılsın və günahkarlar məsuliyyətə cəlb edilsin. Sizcə, hadisəyə görə məsuliyyət kimin üzərindədir?

- Bu işi obyektiv araşdırıb, gerçək səbəblər üzə çıxarılacaqsa, o zaman nəticə müsbət olacaq. Fikrimcə, real nəticələr olacaq. Hesab edirəm ki, parlamentin də funksiyasını artırmaq lazımdır. Parlamentdə Zahid Orucun çınqıl mövzusunda çıxışı vardı. O, göstərirdi ki, çınqılın bu şəkildə istifadəsi problemlər yaradacaq. Çıxışdan az sonra Göyçayda körpü uçdu. Həmkarım Qüdrət Həsənquliyevin kənd təsərrüfatı sahəsi ilə bağlı çıxışı oldu. Məhsul qalıb kəndçinin əlində, onu alan yoxdur. Amma gedib xaricdən 10 qat bahasına məhsul gətirirlər. Halbuki fermerin malını almaq, ona dəstək vermək lazımdır. Məhsulları özümüz istehsal edə, başqasından asılı olmaya bilərik.

Mingəçevirdə İES-də baş verən hadisəyə qayıdaraq, bir daha hesab edirəm ki, bu sahəyə rəhbərlik edən şəxs üzr istəməklə işi bitmiş hesab edə bilməz. Hesab edirəm ki, üzr istəmək ən asan yoldur. Yüzlərlə körpənin həyatını riskə qoyuram, metro tunellərində insanlar pis vəziyyətə düşür, sonradan durub üzr istəyirəm. Bu üzr qəbahətdən böyükdür.

- Mingəçevirdə baş verən hadisə və Gəncənin icra başçısının sui-qəsdə məruz qalması haqda xəbəri hansı mənbələrdən əldə etdiniz?

- Mən sosial şəbəkə və mətbuat vasitəsilə hadisə haqqında xəbər tutdum. Çünki parlamentin bu məsələdə nəzarət funksiyası yoxdur və biz bu işlərlə məşğul olmuruq. Biz “Sosial iştirakçılıq haqqında” qanun qəbul etdik. Ancaq icra hakimiyyətlərinin çoxunda ictimai şura yaradılmadı. Qəbul edilən qanunun icrası vəziyyəti önəmlidir. Bunlar icra edilməyəndə deputatlar sosial şəbəkə və yaxud mətbuatdan xəbər aldıqdan sonra mülahizə yürüdürlər. Biz informasiyanı cəmiyyətdən ala bilirik. Təbii ki, cəmiyyətdə müəyyən sahələrdə baş verən neqativ hallarla bağlı bilgilərimiz olur. Ancaq bu yoxlanmamış informasiya olduğundan dilə gətirməkdə əziyyət çəkirik.

- Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsi barədə düşüncələriniz nədən ibarətdir?

- Bu barədə mövqeyimizi istintaq və araşdırma başa çatandan sonra bildirmək olar. Ancaq sosial şəbəkədə paylaşımlar, onu qiymətləndirmə, yaxınların müxtəlif səs yazıları ilə açıqlaması göstərir ki, bu, siyasi terrordur və xarici ölkədə toy-bayramla qarşılanan hadisədir. Bu terror da birbaşa dövlətimizə qarşı yönəlib. Hadisə siyasi xarakterli, dini motivlidirsə, dövlət məsələ ətrafında ciddi tədbirlər planı düşünməlidir. İnsanlar özünün düşüncə tərzinə görə rəsmi dövlət məqamında əyləşən şəxsləri öldürməyə başlasa, bu, dövlətin çöküşü olar. Odur ki, bu məsələ ilə bağlı sərt və radikal addımlar atılmalıdır.

- Dediniz ki, bu hadisə xaricdə toy-bayramla qarşılanıb. Siz, bununla hadisəni törədən şəxsin başqa ölkənin vətəndaşı olmasına işarət edirsiniz?

- Yox, təkcə başqa ölkənin vətəndaşı olması məsələsi deyil. Sözsüz ki, bu fakt da var. Digər tərəfdən, onun əməlinin tövsif edilməsi ilə bağlı izahlardan belə qənaət ortaya çıxır. Baxırsan ki, başqa ölkələri təmsil edən qüvvələr bunu tamamilə başqa istiqamətdə - siyasi-ideoloji terror kimi sevincə qarşılayır. Bu, olduqca təhlükəlidir. Bunun şəxsi zəmində olduğunu başa düşdük. İcra başçısının sərt davranışları və ya insanları qane etməyən hərəkətlərinə qarşı reaksiyanı anlayırsan. Ola bilsin ki, kimsə sevinə, kimsə özünəməxsus reaksiya verə bilər. Amma bunu siyasi-ideoloji qisas kimi qiymətləndirmək və sosial şəbəkə paylaşımlarında bunu daha çox ifadə etmək dövlətin quruluşuna qarşı atılan addım kimi qiymətləndirilməlidir. Buna da münasibət çox sərt olmalıdır.

- Siz sosial şəbəkələrdə aktiv siyasətçilərdən birisiniz. Gəncə icra başçısına qarşı sui-qəsdə görə sevinənlər, bunu bayram kimi qarşılayanlar, bu fikirlərə qarşı çıxan insanlar var. Bu yanaşmaları necə qiymətləndirirsiniz?

- Bilirsiniz, sosial şəbəkədə hər cinahdan olan yanaşmaya normal təzahürlər kimi baxmaq olar. Hər kəs öz səviyyəsinə, dünyagörüşünə, əxlaqına və ədəbinə uyğun olaraq məsələyə münasibət bildirir. Ümumiyyətlə, insana qarşı terror əməlini alqışlamaq, buna sevinmək, buna ilahi ədalətin bərpası kimi baxmaq yanlış düşüncənin məhsuludur. Hətta dinimizdə ən zalım məmurla bağlı belə fikir var: Allah insana vəzifəni ona görə verir ki, insanlığa xidmət etsin, rifah yaratsın, fayda versin. Əgər tutduğu vəzifəni fayda üçün istifadə etmirsə, vətəndaşa zülm məqsədilə istifadə edirsə, əslində cəzasını özü verir. Bizim insanlar bəzən nə istədiklərini bilmirlər. Bu, son terror hadisəsindən də görünür. Siz istəyirsiniz xaos olsun, hər kəs özünün düşündüyü mülahizə ilə gedib məhkəməlik etsin, cəza versin? Hesab edirəm ki, artıq məhkəmə sistemində də ciddi islahatlar aparılmalıdır. Məhkəmələrin bir hissəsində ədalətin olmaması bəzən kriminal ədalətin sevilməsinə gətirib çıxarır. Halbuki normal cəmiyyətlərdə nə kriminal avtoritetlərə bu qədər sevgi var, nə də məhkəmə ədalətinin ayrı-ayrı şəxslərin nümunəsində təbliğinə. Məhkəmə islahatları olmalıdır ki, insanlar kimisə xəsarət yetirməyi problemin həlli kimi görməsin. Əksinə, yeganə çıxış yolu kimi məhkəməni görməlidirlər. Əgər icra başçısından narazıdırlarsa, məhkəmə yolu ilə bunun həllini tapmalıdırlar. Təhqirə qalsa, gündə hər kəs yüzlərlə motivi olan təhqirlə qarşılanır. Rusiyaya gedən insanlar bu hallarla daha çox qarşılaşır. Bəyəm bu insanlar təhqirə belə şəkildə cavab verir? Qanun var, məhkəmə var. Gedib məhkəməyə müraciət edir. Avropada da belədir. Məhkəmə ədalətinin olması vacibdir. Biz bunun üzərində düşünməliyik. Odur ki, icra başçısı ilə bağlı hadisəyə görə sevinənləri başa düşə bilmirəm. Mən belə hesab edirəm ki, çıxış yolu qanunun aliliyidir. Məhkəmənin imkanlarını genişləndirmək lazımdır.
Müəllif : Cavid