Fazil Mustafa: “Taleh Şahsuvarlı yanlış yoldadır” Müsahibələr

Fazil Mustafa: “Taleh Şahsuvarlı yanlış yoldadır”
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa Modern.az saytının suallarını cavablandırıb.

- Fazil müəllim, sizi elə bir siyasətçi kimi tanıyırlar ki, gündəmdə qalmaq üçün cəmiyyətin həssas nöqtələrinə toxunan tezislər ortaya atırsınız. Siz həqiqətənmi ifadə etdiyiniz fikirləri özündə əks etdirən bir dünyagörüşünə sahibsiniz yoxsa gündəmdə qalmaq üçün maraqlı iddialar səsləndirirsiniz?

- Ümumiyyətlə “gündəmdə qalmaq” ifadəsinin özü qüsurludur. Çünki siyasətçi bütün hallarda gündəmdə olmalıdır. Kim aktiv siyasi fəaliyyət yolu seçibsə, müxtəlif məsələlərlə bağlı öz münasibətini ortaya qoymalıdır. Ona görə də, indi mən sual edirəm! Bunun alternativi nədir? Gündəmdən düşməkmi?! O zaman da insanlar qınayacaq ki, siyasətçilər susur, heç bir məsələyə reaksiya vermir, başlarını girləyir. Biz bu yolumu seçməliyik?! Biz “gündəmdə qalmaq üçün belə edir” ittihamı ilə qarşılaşacağıq deyə, Azərbaycan cəmiyyətinin taleyüklü məsələləri, tarixi, gələcəyi ilə bağlı fikirlərimizi səsləndirməyək?! Susub yerimizdə oturmalı deyilik ki! Susacağıqsa, o zaman niyə siyasətlə məşğul oluruq ki! Gedib xarratlıqla, qaynaqçılıqla məşğul olub pulumuzu qazanmalıyıq.

Siyasətçinin cəmiyyəti maraqlandıran məsələlərlə bağlı gündəmdə qalması vacibdir. Bizim qaldırdığımız məsələlərə gəlincə, bir çoxları buna risk etmir. Onlar düşünür ki, özlərini problemli, mübahisəli müzakirələrin içərisinə atmasın. Çünki bu zaman xeyli cahillərin, qaragüruhun hücumuna məruz qalırsan. Amma bir şey təsəlli verir ki, cəmiyyətin, dövlətin quruluşu, mahiyyəti ilə bağlı fikirləri sağlam düşüncəli insanlara çatdırmaq imkanı əldə edirsən. Əslində, qaldırdığımız məsələlərlə bağlı yanaşmam budur. Facebook səhifəmdə yazdığım statusların aktuallığını nəzərə alaraq jurnalistlər ondan material kimi istifadə edir. Sağ olsunlar! Deməli, onları nəsə cəlb edir. Mən kiməsə açıqlamalarımı göndərmirəm ki. Mən hər hansı məsələdə fikir səsləndirirəmsə və bu başqa insanların düşüncəsindən fərqlidirsə, yanaşma tərzi cəlbedicidirsə, bunu saytlar, jurnalistlər istifadə edirlərsə, o mənim günahım deyil. Mən bu istiqamətimi yenə davam etdirəcəyəm. Mənim başqalarından fərqli bir xəttim var. Bu xəttdən də qətiyyən uzaqlaşmıram.

- Təbii ki, alternativ gündəmdən düşmək deyil. Bu məsələdə sizinlə razıyam. Amma bir sual ortaya çıxır. Siyasətçi bütün mövzularla bağlı münasibət bildirmək məcburiyyətindədir?

- Siz mənə telefon açmısınız. Mən sizə cavab verməmək üçün telefonu qapada bilərəm. Bilirsiniz ki, tələb-təklif qanunu var. Bu, təkcə iqtisadiyyata aid deyil. Mənə müxtəlif jurnalistlər zəng edir açıqlama, müsahibə alırlar. Ya da hansısa mövzu ilə bağlı televiziya verilişlərinə dəvət edirlər. Hər halda ölçüb-biçirlər ki, bu mövzuda kim fərqli yanaşma sərgiləyə bilər. Ona görə də məndən açıqlama alırlar və televiziyaya dəvət edirlər. Yoxsa mənim qara gözümə aşiq deyillər ki!

Bəziləri deyir ki, mən ensiklopedik biliyə sahibəm. Xeyr, mən ensiklopedik biliyə sahib deyiləm. Amma müəyyən mənada başqa sahələrlə bağlı kifayət qədər mütaliəli biriyəm. Buna görə də müəyyən yanaşmalara sahibəm. Mən musiqi ifa edə bilmirəm, ancaq musiqi haqqında öz görüşlərim var. İndi məndən musiqi haqqında soruşanda “Mahnı, musiqi ifa edə bilmirəm, buna görə də, bu barədə məndən soruşmayın” deməliyəm?! Təbii ki, mən hansısa sənətkarın ifası ilə bağlı peşəkar münasibət sərgiləyə bilmərəm. Amma mənim də zövqüm, baxışım, əsaslandırmam var. Mövzularla bağlı özünəməxsus fikrim varsa və bu media əhli tərəfindən qiymətləndirilirsə indi mən nə deməliyəm? “Maraqlarınız mənə qarşı yönəltməyin, gedin başqasını danışdırınmı” deməliyəm?!

- Siz tarixi şəxsiyyətlərlə bağlı mübahisələrə səbəb olan fikirlər səsləndirirsiniz. Halbuki, həmin şəxsiyyətlərlə bağlı dərsliklərdə çox fərqli, sizin dediklərinizlə daban-dabana zidd olan faktlar yazılıb. İndi bütün orta və ali məktəb dərslikləri dəyişilməlidir?

- Məsələni dar çərçivədə görənlər fikirlərimi tarix şəxsiyyətlərin üzərinə yönləndirirlər. Deyirlər ki, mən hansısa tarixi şəxsiyyəti aşağıladım ya da ona yaxşı dəyər verdim. Bizim belə dərdimiz yoxdur. Keçmiş hökmdarlara yanaşmalarımda belə bir məsələ ortaya qoymamışam. Mən fəlsəfə üzrə fəlsəfə doktoruyam.

Araşdırmalarım din fəlsəfəsi üzrədir. Bu sahəni ətraflı araşdırmışam. Yanaşmam budur ki, tarix bizim üçün ayrıca elm sahəsi yox, fəlsəfənin bir qoludur. Buna görə də ən populyar sahə tarix fəlsəfəsidir. Azərbaycanda tarixi elm kimi götürdüklərinə görə, məsələyə fərqli yanaşırlar. Mən isə bu cür düşünmürəm. Tarixə baxışımız bu günün kontekstindən fəlsəfi istiqamətdə müəyyənləşməlidir. Bugünkü dəyərlər baxımından nə faydalıdırsa, biz onun tarixdən axtarılmasını tələb edirik. Ola bilər ki, kimsə böyük imperiya qurub, hansısa sülalə 300-500 il hakimiyyətdə olub. Bunlar tarixi maraqlandıran məsələlərdir. Əsas məqam isə orda hansı tarixi ideyaları önə çıxarmaqla bağlıdır. O ideyaların faydası nədir?

Şah İsmayıl dövrünün ən böyük ideyası türk dili ilə bağlıdır. Düzdür, nümunələrini ideya, düşüncə olaraq bəyənmirəm. Çünki, bu ideyalarda Allahlıq iddiası ortaya qoyulur. Biz də İslam dəyərlərinə sadiq olduğumuza görə, o məsələni qəbul edə bilmərik. Ancaq təmiz türk dilində yazılan şeirlər 16-cı əsr ədəbiyyatımızın inciləridir. Bunlar dilimizim mövcudluğunu ortaya qoyan təzahürlərdir. Bunları, yəni hansısa bir dəyəri qəbul edirəm. Lakin bütövlükdə irançı zehniyyətinin, mövhumatın yaşamasına gətirib çıxaran qərarları niyə yaşatmalıyam?! Axı bizim qurduğumuz dövlət modern, müasir, İslamı, türklüyü bütün görən dövlətdir. Məsələnin kökü budur. Ona görə də primitiv yanaşanlar deyirlər ki, mənim Şah Babama (Şah İsmayıl Xətaini nəzərdə tutur-A.K) filan sözü dedin. Kim istəyir gedib o Şah Babasına biət eləsin. Mən fikirlərimi söyləyirəm və bunlar Azərbaycan cəmiyyətinin hansı yolu seçməsi ilə bağlıdır.

- Polemikada olduğunuz jurnalist Taleh Şahsuvarlı demişdi ki, sizinlə debat istəyir. Belə bir debatın keçirilməsini istəyirsiniz?

- Taleh Şahsuvarlı çox mütaliəli biridir. Ancaq Taleh Şahsuvarlının ideya və düşüncələri yanlışdır. Bu yaxınlarda o yazmışdı ki, bizim mənəviyyatımız qızılbaşlılıqdır. Qızılbaşlılıq bizim mənəviyyatımızdırsa, bu zaman biz özümüzü İslam, türk arealından ayırmış oluruq. Mənəviyyatımız qızılbaşlılıqdırsa, deməli, biz özümüzü marginal geriliyə salmış oluruq. O baxımdan Taleh Şahsuvarlı bu ideya və düşüncə baxımından yanlış yoldadır.

Mənim Cəmil Həsənli ilə Səfəvilər mövzusunda səviyyəli bir debatımız olub. Çox yaxşı şəkildə əks mövqeləri bir-birimizlə müzakirə etmişik. Mən debatda iştirak edərkən qarşı tərəfin yanaşma tərzinə də baxıram. Ondan sonra qərara alaram ki, kimi inandırmaq olar, kimi yox. İnandırmaq üçün göydə ulduzların sayını saymaq lazımdır. Molla Nəsrəddindən göydə nə qədər ulduzun olduğunu soruşurlar. O da deyir ki, uzunqulağın tükləri qədər. Deyirlər ki, hardan bilirsən? Cavabı belə olur: “İnanmırsan get say”.

İndi mən deyirəm ki, Azərbaycan dövlətinin qurucusu Məhəmməd Əmin Rəsulzadədir. Taleh Şahsuvarlı isə deyir ki, Babəkdir. Babəkin Azərbaycan dövlətinin qurucusu olması ideyası mənim üçün polemikanın bitdiyi yerdir. Buna görə də, debata ehtiyac yoxdur.

Bir dəfə tarixçi Dilavər Əzimli isə Səfəvilər mövzusunda debata çıxmışdıq. İzləsəniz, görərsiniz ki, onun debat aparmaq mədəniyyəti çox aşağıdır.

İnsanlar problemin mahiyyətini anlamır. Buna görə də, məsələni fərdiləşdirirlər. Mən isə fərdiləşdirmirəm. Biz hamısına sahib çıxırıq.

Amma bu, o demək deyil ki, babalarımın mənfi xüsusiyyətlərini babamdır deyə yaşatmalıyam. Belə bir şey yoxdur! Müsbətləri götürürəm, mənfilər qırağa atıram. Tarix də budur!

Aqşin KƏRİMOV
Müəllif : Cavid