Fazil Mustafa: "Bu idarəçilik üsulu mütləq çökəcək" Müsahibələr

Fazil Mustafa: "Bu idarəçilik üsulu mütləq çökəcək"

- Bu ilin payızında ölkəmizdə qismən də olsa, demokratik seçki keçirilməsi mümkündürmü?

- Demokratik seçkilərə nə hakimiyyət, nə müxalifət, nə də xalq zəmin hazırlayacaq addımlar atmaq niyyətində deyil. Bu gün kimsə fədakarlıq edib o mühitin yaranmasına ciddi maraq göstərmir. Bəyanatlar, çıxışlar, yaradılan birliklər - hamısı sanki kiməsə işarə vermək üçündür ki, mən də varam, mənə dəstək versəniz, daha irəli gedə bilərəm. Amma siyasətdə başqası üçün ocaq yandırmaq effektiv yol deyil. Epizodik olaraq, diqqət cəlb edə bilərsən, amma ciddi dəyişiklik yarada bilməzsən. Ona görə də Azərbaycan cəmiyyətində sifariş hiss olunmur. Xalq özü narazılığını hər hansı siyasiləşmiş, təşkilatlanmış formada ifadə edə bilmir. Müxalifətin çağırışı, şüarları isə yeni deyil və cəmiyyətdən total dəstək almır.
İqtidarın da hadisələrə yanaşması, artıq islahat aparmaq niyyətinin olması cəmiyyətdə şübhə doğurur. Bu baxımdan, mövcud olan inamsızlıq, ümidsizlik hamının üzünü kənara çevirməsinə səbəb olur. Ona görə də bölgə siyasətində bir dəyişiklik olarsa, Azərbaycanda da dəyişikliyin olacağına ümid etmək tendensiyası artmağa başlayıb. Bunun özü olduqca təhlükəlidir. Çünki cəmiyyət öz daxili resurslarına inamını itirəndə kənara üz tutur. Kənardan isə Azərbaycanın maraqlarına uyğun təsirlərin gələcəyi inandırıcı deyil.

- Ötən müsahibələrinizin birində demişdiniz ki, Azərbaycana islahatlar bu il daha çox vacibdir. Arqumentiniz də o idi ki, islahata gedilməsə, hakimiyyətin vəziyyəti daha da ağır olacaq. İndi nə düşünürsüz?

- Bilirsiniz, hakimiyyət islahata kadr dəyişikliyi kimi baxır. Ancaq islahat bir düşüncə dəyişikliyi, idarəetmə üslubunun dəyişməsidir. Təəssüf ki, Azərbaycanda bu dəyişiklik hiss olunmur. Eyni üslubda oynayan oyunçu kimi bu üslubun həmişə uğur gətirəcəyinə inanırlar. "Bavariya" ilə "Barselona" oyunu müstəvisində misal çəkim. "Brselona"nın üslubu mükəmməldir. "Barselona" o üsluba o qədər aludə oldu, inana bilmirdi ki, məğlub ola bilər. Ancaq zaman yetişdi, o üslubu çözdülər və məğlubiyyət qaçılmaz oldu.

Azərbaycan iqtidarı da bu günə kimi oynadığı oyun üslubunu davam etdirmək imkanına malik deyil. Çünki hakimiyyətin bu günə kimi oynadığı oyun üslubu çözülüb. Bir müddət inersiya ilə davam edə bilər, amma nəhayət ki, bu idarəçilik üsulu mütləq çökəcək. Ona görə də islahatlar aparılmalı, dəyişikliklər baş verməli, insana münasibət kökündən dəyişməlidir. Bunlar olmadığına görə islahatlar da kadr dəyişikliyi imitasiyasından o tərəfə keçmir. Hesab edirəm ki, əgər hakimiyyət ciddi islahatçı bir komanda yaradıb ölkədə səmimi şəkildə, xüsusilə də biznes mühitini normallaşdırsa, iqtisadi azadlıqlar üçün şərait yaratsa, əhalinin yaşayış səviyyəsində qısa müddətdə dönüş yaratmaq olar. Bu da ölkənin gələcəyi ilə bağlı müsbət inkişafa təkan verə bilər.

- Hakimiyyət budəfəki prezident seçkilərinə neft pulları hesabına görülən böyük layihələrlə, iqtisadi artım şüarları ilə gedir. Bu arqumentlərlə hakimiyyətin səs almaq imkanları nə qədərdir?

- Hakimiyyət səsi şüarla almır. Azərbaycan cəmiyyətində gücü, iqtisadi resurslardan necə istifadə olunmasından asılı olaraq, qələbəni təmin etmək mümkün olur. Cəmiyyətdə müxalifətin qalib gəlməsinə inam olmayanda, cəmiyyətin seçkilərə laqeydliyi hakimiyyətin seçkilərdə qalib gəlməsi üçün əsas amilə çevrilir. Hakimiyyət də bu məsələdən çox ağıllı formada istifadə edir, qələbəsini təmin etməyə müvəffəq olur. Ona görə də şüarların necə olması bir o qədər də əhəmiyyətli deyil. Hesab edirəm ki, hakimiyyət bu dəfə də şüarla deyil, sabitliyin qoruyucu faktoru kimi hətta narazıların belə dəstəkləməsinin vacib olduğu bir auranı yaratmaqla öz qələbəsini təmin etmək imkanına malikdir. Çünki islahat deyib, islahat aparmırsansa, korrupsiyadan danışıb universitetdə 400 manata görə bir müəllimi tutursansa, amma milyonlar korrupsiyaya qarşı mübarizədən kənarda qalırsa, cəmiyyəti bu cür çağırışlarla inandırmaq çox çətindir.
Müəllif : Cavid