Fazil Mustafa: "Ölkədə əqli parlaq müxalifət yoxdur" Müsahibələr, Slider

Fazil Mustafa: "Ölkədə əqli parlaq müxalifət yoxdur"

Ölkənin siyasi məkanında hökm sürən sakitlik hələ də davam edir. Siyasi təşkilatlar hələ də dünyada və regionda gedən proseslərə yaxından izləməklə məşğuldur. Bir çoxları konkret mövqe sərgiləsə də, digərləri susur. Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə də söhbətimiz regionda və dünyada gedən proseslərə nəzər salmaq oldu.
- Fazil bəy, Novruz bayramını necə keçirdiniz?

- Novruz bayramında əsasən xaricdə, Praqada oldum. Orada da özəl olaraq qeyd etmədim, tədbirlərə qatıldım. Ona görə də Novruz bayramının necə keçdiyi barədə ancaq evdən məlumat aldım ki, evdəkilər bayramı bir süfrə arxasında toplaşaraq keçiriblər. Amma özüm həmin vaxt burada ola bilmədim. İlk dəfə idi ki, Novruz bayramını Bakıda keçirmirdim.

- Bayram ərəfəsində küsülü olduğunuz siyasətçi və ya başqa bir kəslərlə barışdınızmı?

- Açığı, küsülü olanlarla barışmaq məsələsini Novruz bayramı ilə bağlı əlaqələndirmirəm. Hansısa şərait yaranırsa, həmin vaxt onu həll etmək daha düzgündür. Ümumiyyətlə, şəxsi motivlə küsülü olmağa çalışıram ki, yol verməyim. Son vaxtlarda da bu istiqamətdə bir problemim olmur. Amma ictimai proseslərlə bağlı kiminsə hansısa bir yersiz iradları, yaxud da təhqiredici addımları olursa, buna reaksiya verirəm və hesab edirəm ki, bu məsələdə də bir qədər səbirli olmağa daha çox ehtiyac var. Hər halda mənim də günahımdan olur, başqalarının da günahından olur, amma çalışıram ki, küsülü olduğum adam qalmasın. Yalnız Novruz bayramında bu kimi məsələləri həll etmirəm, bütün vaxtlarda bunun üzərində düşünürəm və imkan tapdıqda küsülü olduğum insanlarla ünsiyyət qurub, münasibətləri normallaşdırmağa çalışıram.

- Sədri olduğunuz Böyük Quruluş Partiyası payızda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşırmı?

- Yaxın vaxtlarda partiyanın Ali Məclisinin yığıncağı olacaq və orada seçkilərə hazırlıqla bağlı məsələlərə start veriləcək. Bütün sənədlər hazırlanıb və partiya adından namizədliyi veriləcək şəxslərin artıq partiya rəhbərliyinə müraciət etməsi xahiş olunub. Seçkiyə qədər, haradasa yaxın 2-3 ay ərzində bələdiyyə seçkiləri ilə bağlı partiyada ciddi aktivlik başlayacaq. Seçki hələ payızda olacaq. Buna qədər birinci namizədlərin müəyyən olunması, sonra platformanın hazırlanması üzərində işlərimiz gedəcək və ümid edirəm ki, may-iyun ayına qədər bu məsələlər yekunlaşacaq.

- Türkiyədəki seçkiləri izləyirsinizmi? Martın 30-da keçiriləcək bələdiyyə seçkilərində hansı partiyanın qələbəsi gözlənilir?

- Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində ümumilikdə partiya qələbəsindən söhbət gedə bilməz. Daha çox bələdiyyə qazanmaq məsələsindən söhbət gedə bilər. Bu məsələdə də lider Ədalət və İnkişaf Partiyasıdır (AKP). Son hadisələrlə AKP-nin müəyyən nüfuzuna təsir edəcək addımlar atılsa belə, xidmətə görə əhalinin çox hissəsi tərəfindən dəstəklənir. AKP-nin daha çox bələdiyyələri, xüsusən böyük şəhərləri- Ankara, İstanbul, İzmir, Adana və başqa yerləri qazanması ehtimalı daha çoxdur. O baxımdan da bu məsələlərdə daha çox kim bələdiyyə qazana bilirsə, onun da üstünlüyü olacaq. AKP-nin liderliyi hər halda daha realdır və hesab edirəm ki, bu da təbiidir, qanunauyğundur. Çünki AKP-li bələdiyyələr yerlərdə xalqın maraqlarını təmin edə biləcək və buna uyğun addımlar atacaq. Son hadisələrlə bağlı ortaya çıxan proseslər- yolsuzluq, korrupsiya ilə bağlı ittihamlar belə xalqda onlara münasibətdə çox ciddi dəyişiklik ortaya qoymamalıdır. Çünki əhalinin böyük əksəriyyəti bilir ki, idarəetmədə olan adamların korrupsiya ilə müəyyən dərəcədə bağlılığı olur. Amma əsas onların xalqa müəyyən imkan daxilində necə xidmət göstərməsidir və bu xidməti də görən insanlar hər halda bunu bir qədər yumşaq qarşılaya bilirlər və onları dəstəkləyirlər.

- Seçkilərdə AKP-nin İstanbulda uduzacağı söylənilir, sizin fikriniz necədir?

- Bu dəfəki seçkilərdə İstanbulda müəyyən dərəcədə AKP-yə qarşı bütün qüvvələrin bir yerdə hərəkəti daha çox müşahidə olunur. Ona görə də fikir burdan formalaşır. Amma İstanbulda AKP-nin potensialı kifayət qədər böyükdür. Ona görə də bu kimi məsələlərdə ciddi vəziyyəti qiymətləndirmək lazımdır. İstanbulda AKP-nin bazası çox güclüdür və bu bazada onun qalibiyyətini təmin edə bilər. Bu mənada sürpriz bir vəziyyəti gözləmirəm.

- Krım məsələsində ABŞ, yoxsa Rusiya "qalib" gəldi?

- Təbii ki, bu məsələdə Rusiya "qalib" gəldi. Bu yaxın müddətdə Rusiyanın qələbəsinə qiymət verilməli və ABŞ-ın da mövqe zəifləməsi kimi məsələyə baxmaq lazımdır. Yəni, artıq bölgə ölkələri ABŞ-la bağlı siyasətində hara qədər dəstək ala biləcəklərini qabaqcadan proqnozlaşdırmalıdırlar. Bu məsələdə Rusiyaya bu şəraiti yaradanda da bilavasitə ABŞ-ın bir qədər etinasız davranışı oldu. Bütün hallarda bu, Azərbaycan üçün də ibrətamiz məqamdır. Azərbaycan da ABŞ siyasətində hər halda hansı məsafəyə gedə biləcəyini dəqiqləşdirməlidir. Çünki əks halda Ukrayna kimi illüziyaya qapılıb daha çox itkilərə məruz qala bilər. Bu baxımdan da həm də Rusiya ilə yeni bir münasibətlər sisteminin qurulması qaçınılmazdır.

Müstəqilliyimizi itirmək istəmiriksə, müəyyən məsələlərdə daha az itki ilə çıxmaq istəyiriksə, hər halda daha ehtiyatlı Rusiyaya qarşı mövqe sərgilənməlidir. Hətta vətənpərvər insanlar, müəyyən dərəcədə Rusiyaya qarşı qüvvələr belə bu məsələdə keçici prosesdən Azərbaycanın salamat çıxması üçün daha soyuqqanlı, səbirli davranışı ortaya qoymağa borcludurlar.

- Bu baxımdan Rusiyanın ilhaq prosesi davam edə bilərmi?

- İndiki mərhələdə açıq şəkildə Krım formatının başqa yerlərə tətbiq olunması bir qədər çətindir. Amma təzyiq formasında proseslər, çox güman ki, başlayacaq. Çünki Krımın ilhaqı məsələsində orada yaşayan rusdilli əhalinin məsələyə münasibəti də çox təsiredici nəticəsi oldu. Bütövlükdə Azərbaycana bu şəkildə olmasa da, hər halda ciddi iqtisadi və siyasi təzyiqlər formasında müəyyən davranışlar yönəldiləcək. Biz buna hazır olmalıyıq.

- Krımda baş verənlərin Dağlıq Qarabağ probleminə nə kimi aidiyyatı ola bilər?

- Krımda baş verənlərin Qarabağ prosesinə heç bir ciddi aidiyyatı yoxdur. Qarabağ 20 il öncənin Krımıdır. Bunu da bu şəkildə ermənilər həll ediblər. Dağlıq Qarabağ məsələsi əslində Rusiyanın bölgəsəl güc olaraq mövqelərinin hansı vəziyyətdə olmasından asılı olaraq həllini tapa bilərdi. Amma indiki son şərtlər göstərdi ki, məsələ daha da çətinləşdi. Ən azı ermənilərin müttəfiqinin yaxın müddətli bir revanş götürməsi onların daha çox bu prosesi uzatmağa sövq edəcək. Ona görə də bizim hər halda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı ümidlərimiz bir az da təxirə salınmalı olacaq.

- Azərbaycan kommunistlərinin Krımla bağlı rəsmi Moskvaya göndərdiyi məktub ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Sizin fikriniz necədir bu məsələdə?

- Buna münasibətim təbii ki, mənfidir. Ən azından bu məsələdə Azərbaycan kommunistləri açıqlamalıdırlar ki, kimin yolunu izləyirlər. Məsələn, Nərimanovun yolunu izləyirlərsə, birmənalı olaraq onun əqidəsinə baxsınlar. Mən demirəm Rusiya faktoruna diqqətsiz, ehtiyatsız yanaşmalıyıq. Amma biz bu məsələyə öz vətənimiz maraqlarından yanaşmalıyıq. Kommunistlər Azərbaycanın müstəqilliyi naminə Rusiyaya yaxınlaşmaqdan söhbət gedirsə, buna heç bir vicdanlı azərbaycanlı yol verə bilməz. Əgər Azərbaycanın Qərblə münasibətlərindən bir az kəsə Rusiya ilə daha ehtiyatlı bir yolun izlənilməsindən söhbət gedirsə, bunu ən qatı milliyətçilər belə normal qarşılaya biləcək bir komponent kimi baxılmalıdır. Bu baxımdan da, məncə, kommunistlərin davranışı bütün hallarda Azərbaycanın müstəqilliyinin itirilməsi üçün zəmin hazırlanmasına yönələn addımdır.

- Hər seçkidən sonra müxalif düşərgədə susqunluq müşahidə edilir. Sizcə, bu hal seçkidən sonra belə olmalıdırmı, yoxsa bizdə belə olur?

- Azərbaycanda əslində faktiki olaraq bir neçə illərdir, fiziki say müxalifəti var. Ölkədə əqli parlaq müxalifət yoxdur. Ona görə də bu müxalifət görüşünü ifadə edən insanlar da parlamentdə konstruktiv bir fəaliyyətin önə çəkərək öz dünyagörüşlərini dilə gətirən, hakimiyyətlə fiziki üz-üzə gəlməyə üstünlük verməyən, daha çox intellektual müstəvidə ölkənin problemlərini diqqətə çatdırmaq istəyən və onun həlli yollarını göstərən insanlar var ki, biz də özümüzü onların təmsilçisi hesab edirik. Müasir dövrdə fiziki gücün, sayın hesabına qələbə əldə eləməyin çətinlikləri ortadadır. Hətta Rusiya kimi ölkə əldə etdiyi qələbənin daha qalıcı olmasına qarantiya verə biləcək bir anlayışa sahib deyil. Çünki bu qələbə bilavasitə fiziki gücün ortaya qoyduğu qələbədir. Bir Milli Şura anlayışına baxın? Milli Şura anlayışını 6 aydan çox yaşada bilmədilər. Əgər bir 6 aylıq təşkilat yaşadırsınızsa, heç olmasa bunu 9 ay bir normal doğuşa gətirib çıxara biləcək fəaliyyət ortaya qoya bilmirsinizsə, demək burada əqli problem var. Artıq burada hakimiyyətin günahı, xaricin dəstəyi ikinci planda qalır. Ona görə də Azərbaycan müxalifətinin hər hansı bir şəkildə təsir mexanizmləri ildən-ilə daha da yoxa çıxmağa başlayacaq. Daha çox parlament müxalifəti modeli Azərbaycanda zəruri modelə çevriləcək.

Bəxtiyar Məmmədli
Müəllif : Cavid