Millət vəkili: "İslamın nüfuzdan salınmasında İranın bugünkü mövcud sisteminin böyük rolu var" » Fazil Mustafa

Millət vəkili: "İslamın nüfuzdan salınmasında İranın bugünkü mövcud sisteminin böyük rolu var" Müsahibələr, Slider

Millət vəkili: "İslamın nüfuzdan salınmasında İranın bugünkü mövcud sisteminin böyük rolu var"

İranın ali dini lideri Ayətullah Xamneinin rəsmi nümayəndəsi Ayətullah Şəbistəri Azərbaycan hökumətini İslam dininə qarşı siyasət yürütməkdə ittiham edib. O, Azərbaycanda məscidlər, dindarlar və hicabla bağlı məsələyə münasibət bildirərkən Azərbaycana xəbərdarlıq etməkdən çəkinməyib. Şəbistəri bildirib ki, bu vəziyyətin davam etməsi Azərbaycan hökumətinin ziyanına olacaq. "Mən Bakı rəsmilərinin öz anti-islam siyasətlərinə düzəliş etmələrini gözləyirəm. Azərbaycan bir şiə ölkəsi olsa da, onun rəsmiləri şiələrə qarşı təzyiqlər edir və dini təbliğə imkan verilmir. Sionist rejim və amerikalı ağaların razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan rəsmilərinin hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək", - deyə Xamneinin rəsmi nümayəndəsi bildirib.
Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa "Ekspress"ə müsahibəsində A.Şəbistərinin özünü İslam dininə hörmət etməməkdə qınayıb.
- Hər halda İran kimi bir dövlətin İslam prizmasından məsələyə qiymət verməsi bir qədər şübhəli qarşılanır. Ona görə ki, islamın nüfuzdan salınmasında, təməl prinsiplərindən uzaqlaşmasında, mərasimçilik tərəfinin dinin üzərinə keçməsində İranın bugünkü mövcud sisteminin böyük rolu var. Ona görə də islam adı ilə bu iradların bildirilməsi tamamilə yanlışdır. Məsələn, bunu hansısa bir insan haqları konteksində bildirsəydi, müəyyən dərəcədə bəzi iradları müzakirə etmək olardı. Müəyyən dərəcədə siyasi baxışlara görə tutulmağı, başqa halların olduğunu biz Azərbaycan cəmiyyətində də qeyd edirik. Amma buna islam dəyərləri prizmasından İranın hər hansı şəkildə irad bildirməsi, sadəcə ədalətsizlikdir. Çünki belə bir ayətullaların böyük əksəriyyəti İslamın gerçək mahiyyətindən çox uzaq bir həyat tərzinə və dünyagörüşünə sahibdirlər. Bu baxımdan da mən bunu ədalətli qiymətləndirmə hesab etmirəm və bu, sadəcə qərəzli yanaşmadan başqa bir şey deyil.

- Ayətullah Şəbistəri iddia edir ki, Azərbaycanda şiələrə qarşı bir təzyiq var. Sizcə, Azərbaycan əhalisinin böyük bir hissəsinin şiə olduğu halda şiələrə qarşı hansı təzyəqdən söhbət gedə bilər?

- Əksinə, Azərbaycanda bu istiqamətdə hansısa bir təzyiq müşahidə olunmur. Azərbaycanda sadəcə radikal dini təmayüllərə qarşı addımlar var və bunda da dövləti başa düşmək olar ki, öz təhlükəsizliyi baxımından bunu məqbul hesab edir. Amma bütövlükdə konkret şiə məsələsinin calaq edilməsi, məncə, yanlışdır və bu məzhəbçiliyin yayılmasıdır. Ümumiyyətlə, İrandan hər zaman açıqlama verəndə İslam bir tərəfə qalır. Çünki düşüncədə İslam yoxdur, düşüncədə ancaq məzhəb var. Və dərhal bu qabardılır.

- Xamneinin rəsmi nümayəndəsinin Azrbaycan dövlətinin ABŞ və İsrailin razılığını əldə etmək üçün anti-İslam siyasəti yürütməsi barədə fikri nədən xəbər verir?

- Bilirsiniz, bu gün əslində həmin ayətullahlar proseslərə sadəcə donuz əti yeməyən erməni düşüncəsi ilə baxırlar. Onlar erməni ilə heç bir fərqi olmayan bir dünyagörüşünə sahibdirlər. Ona görə də onlar birinci özlərinə baxsınlar ki, ermənilərlə işbirliyi aparıb müsəlman maraqlarını satdıqları heç kimin diqqətindən yayınmır, amma başqalarını İsraillə əməkdaşlıqda ittiham edirlər. İsrail İran torpağını işğal edibsə, biz onda İsraillə əlaqəni kəsərik. Amma Ermənistan bizim torpağı işğal edib, torpağımızı işğal edən bir qüvvə ilə özünə müsəlman deyən bir ölkə əlaqə qurur. Bunun hansı izahı var?! Ona görə də bu adamların mənəvi haqqı olmalıdır ki, birinci öz rejiminə bu iradı bildirsin və onun ardınca artıq başqalarına nəsə deyə bilərlər.

- Şəbistərinin "Azərbaycan rəsmilərinin hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək" fikri ölkəmizə qarşı bir təhdid deyilmi?

- Azərbaycan hökuməti əslində dindar hökumət deyil. Yaxşı sonluq deyəndə Allah qatında alınan cəzadan söhbət gedir. Mən əminəm ki, İslamı təhrif elədiyinə görə, bu ayətullaların böyük əksəriyyəti Allah qatında çox layiqli müəyyən problemlər yaşayacaqlar, o sorğu-suala cavab verə bilməyəcəklər.


Aqil ASLAN
Müəllif : Cavid