Fazil Mustafa: "Azərbaycanda başqa oyunlar gedir..." Müsahibələr, Slider

Fazil Mustafa: "Azərbaycanda başqa oyunlar gedir..."
ABŞ Konqresinin Helsinki Komissiyasında "Problemli tərəfdaş - Azərbaycanda artan avtoritarizm" mövzu-sunda dinləmələr keçirilib. Dinləmələrin gərgin keçəcəyi elə onun adından da bəlli idi. Müzakirələrdə ABŞ və Azərbaycan rəsmiləri, ekspertlər, Azərbaycan müxalifətinin nümayəndələri iştirak ediblər. Dinləmələr zamanı Azərbaycan hakimiyyətinə qarşı sərt fikirlər səsləndirilib, iqtidardan demokratik öhdəliklərə əməl etməsi tələb olunub. Superdövlətin bu tələblərini müxtəlif aspektlərdən dəyərləndirənlər var. Bir qisim hesab edir ki, seçkilərdə ABŞ Azərbaycan iqtidarını daha da sıxışdıracaq, bir qisim isə bu tələblərin ciddi nəticələr verməyəcəyini düşünür. Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazul Mustafa isə deyir ki, ABŞ-dan dəstək gözləyənlər məyus olacaqlar:

- Mən bu dinləmələri ciddi hadisə kimi dəyərləndirmirəm. Əgər xatırlayırsızsa, 1999-cu ildə rəhmətlik Əbülfəz Elçibəy də, digər müxalifət liderləri də ABŞ-a getmişdilər və bu cür dinləmələr keçirilirdi. Ancaq bu günə kimi həmin liderlərin dayandıqları yerdən hər hansı bir dəyişiklik olmayıb.

ABŞ-ın Misirdə apardığı siyasət bir daha göstərdi ki, bütün hallarda demokratiya arxa planda qalan məsələdir. Təhlükəsizlik və enerji maraqları ABŞ üçün hər zaman prioritet olub. Bu baxımdan, demokratiya yalnız daxili auditoriya üçün nəzərdə tutulan və xaricdə sadəcə söz olsun deyə, işlədilən yanaşmadır. ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini araşdırsanız, Türkiyə istisna olmaqla, çox az sayda demokratik ölkə taparsınız. Bu mənada, Azərbaycan məsələsi də istisna deyil. Sadəcə, Azərbaycan müxalifətinin nə düşündüyünü, hansı problemlərə necə baxdığını və nə etmək niyyətində olduğunu öyrənib hakimiyyətə ötürmək üçün bu cür tədbirlər keçirilir. Elə ayrı-ayrı görüşlərin də məqsədi budur. Odur ki, Azərbaycanın müxalif düşüncədə olan insanlarının ölkənin gələcəyi ilə bağlı hansısa bir planı varsa, hansısa proqramı həyata keçirmək istəyirlərsə, hakimiyyətə gəlmək niyyətindədirlərsə, ABŞ-ın bu siyasətini ciddi çək-çevir eləməli və bundan sonra müvafiq addımlar atmalıdırlar.

Dinləmələrdəki çıxışlara da ciddi dəyər vermirəm. Həmin çıxışlara o vaxt dəyər vermək olar ki, demokratiya ABŞ üçün prioritet sayılardı. Son proseslərdə ABŞ siyasətində demokratiya tamamilə arxa plana keçdiyi üçün bu qənaətim daha da güclənib. Azərbaycan da ABŞ üçün elə bir əhəmiyyətli ölkə olmadığından, burada özəl bir mövqe sərgiləyəcəyi gözlənilmir.

- Amma bu dinləmələrdə ABŞ-dan Azərbaycana "Ya tərəqqi, ya da avtoritarizm yolu seçilməlidir" mesajı verilib. Bu tələblər sözgəlişi səslənən fikirlərdir, yoxsa arxasınca ciddi təpkilər ola bilər?

- Bunlar tamamilə sözgəlişi deyilən fikirlərdir. Hazırda ABŞ üçün Azərbaycanda əlverişli faktor yoxdur. Azərbaycan təhlükəsizlik məsələsində heç bir sürpriz çıxarmadan bütün koalisiyalarda iştirak edir. Bütün enerji layihələri ABŞ-ın istədiyi istiqamətdə və müəyyənləşdirdiyi müstəvilərdə həyata keçirilir. Ən vacib faktor isə odur ki, Azərbaycan hakimiyyəti xarici siyasətdə Rusiya ilə balanslı siyasət yürütməklə Amerika və Rusiya arasında problem yaratmır. Bu gün ABŞ-a da bu lazımdır. ABŞ həm özü ilə yaxın olan, həm də Rusiya ilə yola gedə biləcək hakimiyyətə ehtiyac duyur. Ona görə də bu kimi məsələlərdən uzağagedən nəticələr çıxarmaq lazım deyil. İndi ABŞ durub deməyəcək ki, insan haqlarını pozmalı, avtoritar sistemi inkişaf etdirməlisiz? Təbii, söz olaraq deyilməlidir ki, demokratik inkişafa yönəlməlisiz, tərəqqi olmalıdır.

- Fazil bəy, müxalifəti yetərsiz fəaliyyətdə suçlayırsınız. Amma dinləmələr zamanı müxalifət nümayəndəsi kimi Eldar Namazovun ölkədəki vəziyyətlə bağlı kəskin çıxış oldu, hakimiyyəti sərt şəkildə tənqid elədi. Sizcə, müxalifət bundan başqa nə etməlidir?

- Müxalifət birinci növbədə ideya müxalifəti olmalıdır. İkinci tərəfdən, müxalifət sistemin içində öz gücünü artırmalıdır. Azərbaycan müxalifəti bu iki faktordan da məhrumdur. Məsələn, hansı ideya ilə çıxış eləmək, hansı ideya ilə cəmiyyətin narazı kütləsini özünə cəlb etmək anlayışı yoxdur. Yenə də sonda gəlib adam üzərində durdular ki, bir populyar adama görə bəlkə cəmiyyət müxalifət cinahına dəstək verər. Amma bu, çıxış yolu deyil. Elə bir ideya irəli sürülməlidir ki, cəmiyyətin alt qatlarına qədər yayılsın. Əgər hakimiyyət dəyişikliyidirsə, yeniləşmədirsə, cəmiyyətin bütün təbəqələrində bu yeniliyə dəstək verilməlidir.

Bu gün ABŞ səfirliyi, yaxud beynəlxalq təşkilatlar əlini çəksə, hakimiyyətin müxalifətə qarşı sərt addımını qorumaq üçün hər hansı bir mexanizm yoxdur. Kimsə yüz minlərin fədakarlıq edib küçəyə axışmasını müşahidə edə bilməz, böyük bir kütlənin müxalifəti müdafiə etməsini də gözləməyə dəyməz. Hətta 1998-ci ildə müxalifətin cəmiyyət tərəfindən dəstəklənməsi bazası daha çoxşaxəli idi. Təkcə SİDSUH bazasında birləşən qüvvələri demirəm, ayrıca olaraq Etibar Məmmədovun arxasında kifayət qədər ciddi siyasi və regional dəstək var idi. Bu da hakimiyyət üçün böyük təhlükə yaratdı. Bu baxımdan ideyasız və sistemdə gücü olmayan bir müxalifətin hər hansı şəkildə ABŞ-da revanş götürmək imkanları sıfıra bərabərdir.

- Cəmiyyətin təpkisiz vəziyyətdə olması, hakimiyyətin təzyiqləri zamanı müxalifətə dəstək verməməsi ümumilikdə ölkənin siyasi qüvvələrinin zəifliyindədir. Burada Sizin və partiyanızın payı nə qədərdir?

- Biz bütün hallarda Azərbaycan reallığında bir şeyi anlamışıq. Azərbaycan xalqının maraqlarına uyğun siyasət yeridiriksə, xalqın nə istədiyini doğru oxumalıyıq. Bəli, biz müxalifətik və hakimiyyətin idarəçilik üsulunu qəbul eləmirik. Lazımi məqamlarda hakimiyyətə qarşı tənqidimizi səsləndiririk. Təbii ki, bunu sərt üslubda eləmirik, gücümüzə uyğun aparırıq. Səbəb də odur ki, Azərbaycan hakimiyyəti müxalifətlə hüquqi mexanizmlərlə mübarizə aparmır, çox vaxt mübarizə qeyri-hüquqi zəmində həyata keçirilir. Belə bir vəziyyətdə hətta narazı kütlənin böyük çoxluq təşkil etməsinə baxmayaraq, prioritet məsələ təhlükəsizlik və sabitlikdir. Polis sabitliyi olsun, fərq etməz, bu sabitliyin alternativini müxalifət təqdim edə bilmir. Çünki bu, təkcə hakimiyyətin qabiliyyəti deyil, eyni zamanda ölkədə mövcud olan situasiyadan doğan bir şansdır ki, bu hakimiyyətin bəxtinə yazılıb. Ancaq hakimiyyətdəkilər də bu şansdan daha ağıllı istifadə edirlər. Ona görə də 20 ildən artıq xalqın əleyhinə siyasət yürütdüyü iddia olunan bir hakimiyyət həm də xalqı 20 il sakit vəziyyətdə idarə edir. Bunlar çox ciddi məsələlərdir.

Müharibədə ciddi bir uğur yox, xüsusi bir islahat həyata keçirilməyib, amma buna rəğmən, xüsusi bir etiraz da yoxdur. Eyni zamanda hakimiyyətin dəyişməsi üçün kəskin bir sifariş də görmürük. Belə bir vəziyyətdə düşünmək lazımdır ki, hansı yol qalır. Təbii ki, o yol hakimiyyəti islahata məcbur etməkdir. Bütün müxalifət qüvvələri bu yola gəlsələr, onda bizim də onlarla uzlaşma imkanlarımız artacaq.

Heç bir hakimiyyət avtoritar üsul-idarəçiliyini davam etdirmək iqtidarına malik deyil. Dünya təcrübəsi də bunu göstərir. Ona görə də yol doğru tapılmalı və populist siyasətdən əl çəkilməlidir. Kütlənin xoşladığı fəaliyyəti imitasiya eləmək yerinə, cəmiyyətlə real siyasət yürütmək lazımdır, necə ki, biz onu aparırıq. Bu gün Azərbaycan cəmiyyəti ya nağıla, ya da zopaya inanır. Hakimiyyətin "dubinka"sı, barışmaz müxalifətin də nağılları xalq üçün daha cəlbedicidir, nəinki cəmiyyətin xəstəliyinin doğru təsbiti. Bu gün cəmiyyət xəstəliyinin doğru müəyyənləşdirilməsini istəmir. Bizim mövqelər bu baxımdan da bir az zəifdir. Amma ümid edirəm ki, hər iki mövqedən bir bezmə başlayıb və yaxın perspektivdə bizim tezislər cəmiyyət tərəfindən dəstəklənəcək.

- ABŞ da, müxalifət də, cəmiyyət də hakimiyyətdən demokratiya və islahat tələb etsə də, hakimiyyət dirəniş göstərir. Sizcə, hakimiyyət nə qədər bu mövqeyində davam edə biləcək?

- Hardan müəyyən eləmisiz ki, Amerika tələb edir? O bəyanatlardanmı? Xeyr. Bu bəyanatlardan ciddi nəticə çıxarmaq lazım deyil. Misirdə qanuni hakimiyyət devrilib, xunta hakimiyyətə gəlib, ABŞ xuntanı birinci gündən dəstəkləyir. Yəni bu o deməkdir ki, deyilənlərlə əməllər üst-üstə düşmürsə, tələb sadəcə, imitasiyadır. Amerika cəmiyyət üçün başqa nə tələb edə bilər? Avtoritarizm tələb edə bilməz ki? Amma arxa palanda hakimiyyətə başqa şey deyir. Yəni onun marağının təminatından başqa hansısa tələbini ciddi şəkildə görmürük. Görmədiyimiz halda buna inanmağımız da sadəlövhlük olardı.

Digər tərəfdən, bu istiqamətdə cəmiyyətin də ciddi tələbi yoxdur. Hər halda, Misirdə, Tunisdə və başqa cəmiyyətlərdə əhalinin tələbi ilə bir prosesin başa çatmasını gördük. Azərbaycanda isə bu yoxdur. Kiçik bir müxalifət qüvvəsindən başqa kim ardıcıl olaraq islahat tələb edir? Hanı o ziyalı potensialı, hanı o həmkarlar sistemi, hanı o demokratik təsisatlar, vətəndaş cəmiyyəti? Hakimiyyət bütün sektorlara kifayət qədər daxil olub və onları təsiri altında saxlaya bilir. Ona görə də bu gün nəyinsə tələb olunduğu, hakimiyyətin də nəyinsə icra eləmədiyi məsələsi yoxdur. Hakimiyyət açıq və gizli şəkildə xarici öhdəlikləri layiqincə yerinə yetirdiyi üçün 20 ildir iqtidarda qalır və başqa ölkələrdə baş verən dəyişikliklər Azərbaycanda təkrarlanmır.

- Bəs Azərbaycanda dəyişikliklərin gerçəkləşməsi üçün hansısa yol varmı?

- Dəyişikliklərə nail olmaq üçün əhali ilə işləmək lazımdır. Ancaq əhalini daha doğru, daha inandırıcı bir üslubda öz tərəfinə çəkməlisən. Siyasilərin əsas vəzifəsi də budur. Bu gün bunu edə biləcək siyasilər önə çıxmalıdır. İnsanları qorxutmadan, itkilərlə üz-üzə qoymadan, onları demokratik dəyişimə gətirmək lazımdır. Bu gün Azərbaycan insanının özü də buna kifayət qədər hazır deyil. Hazırda təkcə hakimiyyət qeyri-qanuni vasitələrə meyilli deyil, eyni zamanda cəmiyyətin də bu yönə meyli var. Bu da əslində hakimiyyətlə cəmiyyəti eyniləşdirir. Ona görə də yeni cəmiyyətin adamlarını yetişdirmək lazımdır. Ancaq "Rəsulzadə-Elçibəy yolu" adı ilə taftalogiya üslubu ilə revanş götürsək, "bu qüvvə ilə bir şeylərə nail olacağıq" deməklə və başqalarını kənara itələməklə gəlinən nəticə bu oldu ki, sonda hamı öz siyasi iddiasından geri durdu və Rüstəm İbrahimbəyov üzərində dayandı. Rüstəm İbrahimbəyov 10-15 il qabaq da var idi. O vaxt güzəştə gedərdiz, bəlkə də problemlər o zaman aşıla bilərdi.

- Fazil bəy, R.İbrahimbəyovdan söz düşmüşkən, o, Milli Şuranın namizədi seçildikdən sonra bir sıra xarici ölkələrdə görüşlərə başlayıb. Bu görüşləri necə qiymətləndirirsiz?

- Süleyman Dəmirəlin bir sözü vardı ki, yürüməklə yol aşılmaz. Yəni görüşlərlə məsələlər çözülməz. Gəlin görək, bu görüşlər maraqlara nə dərəcədə uyğundur? Həmin ölkələrin maraqları olanda görüşmədən də adamlarını müəyyən edib, ölkə daxilində prosesləri sürətləndirə bilirlər. Ona görə də bu kimi məsələlərdə görüşlər tanıtım məqsədi daşıyır.

Azərbaycan müxalifətinin xarakterini ABŞ da çox gözəl bilir. Bilir ki, təbiətcə demokrat deyillər. Azərbaycanda milli dünyagörüşə sahib müxalifət var. Amma demokratik dünyagörüşlü müxalifət çox azdır. Xüsusilə də barışmaz müxalifət cinahında demokratik ənənlər çox aşağıdır. Bu görüşlər isə etiket qaydalarıdır. Azərbaycanda başqa oyunlar gedir, əslində bütün layihələr Qərbin də, ABŞ-ın da hakimiyyəti dəstəkləməsinə yönəlib.

- Bütün bunları nəzərə alaraq, qarşıdan gələn seçkilərdən dəyişiklik gözləmək olarmı?

- Hər hansı dəyişiklik gözlənilmir. Çünki müəyyən proseslərin getməsinə ehtiyac var. Bu proseslər də xalqın bəlli bir səviyyədə siyasətin içində yer almasıdır. Ancaq xalq bu gün siyasətdən uzaq vəziyyətdədir. Xalqı ora gətirməyincə, müxalifətin böyük gücə çevrilmək şansı yoxdur və bu səbəbdən də yeni bir nəticə əldə etmək mümkünsüzdür.

"Reytinq" qəzeti, 28.07.13
Müəllif : Cavid