Fazil Mustafa: “İbrahimbəyovun seçkilərdə iştirakı bizim üçün də maraqlıdır” Müsahibələr

Fazil Mustafa: “İbrahimbəyovun seçkilərdə iştirakı bizim üçün də maraqlıdır”
“Milli Şuranın Rüstəm İbrahimbəyovu özünün vahid namizədi elan etməsi yeni tarixi prosesin başlanğıcıdır. 20 ildir birləşib aralarından vahid namizəd seçə bilməyən liderlər bununla öz məğlubiyyətlərini etiraf edərək, yerlərini tamamilə kənardan gələn birinə verdilər”. Bu sözləri AzNews.az-a açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.

O bildirib ki, Milli Şuranın vahid namizədini seçməsində istənilən halda problem var, çünki ortada bu qurumun heç bir vizyonu yoxdur: “Milli Şura vahid namizədini yenə şəxsə görə müəyyənləşdirib. Yeni fikir, yeni yanaşma yoxdur. Digər tərəfdən, Rüstəm İbrahimbəyov vahid namizəd elan edilsə də, qurumda narahatlıqlar tam aradan qalxmayıb. Milli Şura daxilində hələ də bir sıra narazılıqlar, aydınlaşdırılmayan məqamlar qalmaqdadır”.

Deputat deyib ki, bununla belə, Milli Şuranın vahid namizədini elan etməsi bütün hallarda müsbət məqamdır: “Bu, sağlam seçki mühitində cəmiyyətə yeni barış, uzlaşma mühiti gətirəcək”.

F.Mustafa Müsavat başqanı İsa Qəmbərin MŞ-in vahid namizədini dəstəkləməklə yanaşı, özünün də seçkidə iştirak edəcəyini açıqlamasına da münasibət bildirib. Partiya sədri deyib ki, əslində bu ağıllı taktiki gedişdir. Onun sözlərinə görə, Milli Şuranın seçkiyə bir namizədlə getməsi xeyli riskli addım olardı: “İmzaların toplanması, o imzaların MSK tərəfindən təsdiqlənməsi məsələləri var ki, bu da Milli Şuranın seçkiyə bir namizədlə getməsinin riskli tərəfidir”.

Deputat bildirib ki, o, seçkidə heç kimə əngəl yaradılması, namizədliyinin qeydə alınmamasının tərəfdarı deyil: “Biz bunu doğru hesab etmirik. Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak etməsi bizim üçün də maraqlıdır. Bizim üçün də rəngarəng, fərqli seçki havası olar”.

F.Mustafa eyni zamanda onu da bəyan edib ki, BQP olaraq onlar da prezident seçkilərində öz namizədləri ilə iştirak edəcəklər.
Müəllif : Cavid