Fazil Mustafa: "Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır?" Milli Məclis, Slider

Fazil Mustafa: "Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır?"
“Bu hadisələr fonunda ictimaiyyətdə müzakirə olunur ki, niyə məmur övladları əsgərə, döyüşə getmir. Bu cür ayrı- seçkilik etmək çox təhlükəlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hamı etiraf etdi ki, problem diplomatik və hərbi yolla aparmalıdır: “Amma gündəmə bir məsələ gəldi ki, niyə kasıb uşaqları müharibəyə gedir, varlılarınkı yox. Bu, çox təhlükəli tendensiyadır və ziyalılar bunu durdurmaq üçün müəyyən işlər görməlidir”.

Deputat eyni zamanda millət vəkillərinin şəhid ailələrini ziyarət etməməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Yazdılar ki, şəhidlərin dəfnində hər kəs iştirak etdi, deputatlar yox. Bu biabırçılıqdır. Özümüz də şəhidlərin dəfn mərasimlərində iştirak edirik. Milli Məclisin üzvləri xalqla birlikdə oldu. Bunu xüsusi kateqoriya kimi ayırmaq düzgün deyil. Deputat şəhidin qəbri üstündə şəkil çəkib yaymalıdır? İndi biz də hər məzar başına gedəndə fotoqraf aparaq ki, şəklimizi çəksin? Camaat da görsün ki, biz də şəhidləri ziyarət etmişikmi? Bu düzgün deyil. Cəmiyyəti bölgülər üzrə ayırmaq təbəqələrə ayırmaqdır. Hansı təbəqədən asılı olmayaraq, vətən məsələsinə münasibət Azərbaycan cəmiyyətində dəyişməlidir”.
Müəllif : Cavid